Category: Dünya

  • “Facebook”u milyardlarla dollar cərimə gözləyir – İş məhkəməyə gedə bilər

    ABŞ-ın Federal Ticarət Komissiyası sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızmasına görə çoxmilyardlı cərimə ilə bağlı “Facebook”la danışıqlar aparır.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, tərəflər son məbləğin müzakirəsini aparır. Danışıqlar daşa dirənsə, Ticarət Komissiyası işi məhkəməyə aparacaq.

    Bu, Ticarət Komissiyasının indiyə kimi hər hansı texnologiya şirkətinə kəsdiyi ən iri məbləğli cəriməyə çevrilə bilər. Nəşrin məlumatına əsasən, bundan əvvəl ən iri məbləğdə cəriməni “Google” şirkəti 2012-ci ildə ödəyib – 22,5 milyon dollar.

    “Facebook” şirkətinin rəsmisi danışıqlarda iştirak etdiklərini təsdiqləsə də, təfərrüata varmaqdan imtina edib.

    Xatırladaq ki, Federal Ticarət Komissiyası 2018-ci ilin mart ayında 87 milyona yaxın sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının Donald Trampın seçki kampaniyası ilə əməkdaşlıq etmiş “Cambridge Analytica” analitik şikətinə ötürülməsi ilə əlaqədar “Facebook”a qarşı istintaqa başlamışdı.

    Şirkət həmin məlumatlar əsasında seçicilərin siyasi seçimlərini araşdırıb və onlara öz maraq dairələrində olan reklamları göstərib.

  • Putin zədəsindən danışdı

    Rusiya prezidenti Vladimir Putin Soçidə məşqdə aldığı zədədən danışıb.

    RİA “Novosti”nin məlumatına görə, o, zədəsinin ağır olmadığını bildirib.

    “Bir az dartdım, dırnağım çıxdı”, – deyə o vurğulayıb.

    Putin zarafatla “qız deyiləm, ağlamayacağam” deyərək rusiyalı qadın cüdoçuların ən yaxşılardan olduğunu bildirib.

  • Maduro böhrandan çıxış yolu tapdı

    Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonun ölkənin neft sənayesinə tətbiq etdiyi sanksiyalara görə Asiya ölkələrinə neft ixracat həcmini artıracağını bəyan edib.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Onun sözlərinə görə, Venesuela illərdir ki, öz nefti ilə Asiyaya “yol qurub”. Venesuela lideri xüsusilə Hindistan bazarına böyük ümidlər bəsləyir.

    “Bu, bir uğur yoludur, onlar (Asiya ölkələri – red.) ildən-ilə bizdən daha böyük həcm və miqdarda neft alır”, – deyə Madurov vurğulayıb.

  • Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava – VİDEO

    Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib.

    Bu barədə 5-tv.ru portalı məlumat yayıb.

    Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub.

    Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub.

    O bildirib ki, 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. Y.Əliyevin avtomobili yararsız vəziyyətə salınıb.

    Polis insidentin 20 iştirakçısını həbs edib.

  • Putin və Ruhaninin görüşündə problem yaşanıb

    Rusiya prezidenti Vladimir Putinin və onun iranlı həmkarı Həsən Ruhani arasında görüş tərcümə sisteminin işləməməsinə görə dərhal başlaya bilməyib. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

    Putin prezident Ruhani ilə danışıqlara İrandakı terror aktı ilə bağlı başsağlığı ilə verməklə başlayıb, lakin İran nümayəndə heyətinin üzvlərinin jestlərindən anlayıb ki, onun çıxışı tərcümə edilmir.

    “Tərcümə yoxdur?” – deyə Putin maraqlanıb.

    İran nümayəndə heyəti yaranmış texniki problemi özləri həll etməyə çalışıb. Fasilə bir dəqiqə yarım davam edib və bu müddət ərzində Putin yenidən onlarda tərcüməni eşidib-eşitməmələri ilə maraqlanıb.

    Daha sonra texniki problem aradan qaldırılıb və tərəflər danışıqlara başlayıb.

  • Təhlükəsizlik İdarəsi: Camal Kaşoqinin cəsədi sobada yandırılıb

    Ehtimal edilir ki, jurnalist Camal Kaşoqinin cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahının ərazisində sobada yandırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı İstanbul Təhlükəsizlik İdarəsinin hesabatına istinadən məlumat yayıb.

    Qeyd olunub ki, diplomatik missiyanın ərazisində iki kanalizasiya quyusu, həmçinin odun və təbii qazla işləyən soba var. Həmin sobada hərarət min dərəcəyə qədər qalxa bilər ki, bu da yumşaq toxumaları, sümükləri və hətta DNT-ni tamamilə məhv etmək üçün kifayətdir. 

    Polisin təhqiqatına əsasən, Kaşoqinin qətlindən sonra baş konsulluğun əməkdaşları şəhərdəki restoranlardan birinə 32 pay çiy ət sifariş veriblər. Polis diplomatların bunu nə üçün etdikləri barədə məlumatlı deyil. 

    Xatırladaq ki, ötən il oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Kaşoqi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 

    Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. 

    Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. //azvision.az

  • “Google” öz axtarış sistemindən istifadəyə görə “Apple” şirkətinə 9,5 milyard dollar ödəyib

    Ötən il “Google” öz axtarış sisteminin “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi istifadəsinə görə “Apple” şirkətinə təxminən 9,5 milyard dollar ödəniş edib. Bu, “Apple”ın bütün xidmət gəlirinin 20 faizi deməkdir.

    Bundan əvvəl “Android” sistemində “Java” proqramlaşdırma kodundan istifadəyə görə “Oracle” şirkəti ilə təhqiqat çərçivəsində məhkəmə sənədlərindən 2014-cü ildə “Google” şirkətinin “Apple Safari” brauzerinin mobil versiyasında axtarış sisteminin başlanğıc ayar kimi istifadəsinə görə 1 milyard dollar ödəniş etdiyi məlum olub. 2017-ci ildə “Bernstein”in analitiki Toni Sakkonaqi bu məbləğin 3 milyard dollar olması haqqında məlumat verib.

  • Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi

    Çeçenistanda homoseksualların təqiblərə məruz qalması, həbs olunması və işgəncələrin verilməsi ilə bağlı ittihamlar “mavilər”in informasiya hücumudur.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu bəyanatı Respublikanın mətbuat katibi Alvi Kərimov səsləndirib.

    “Belə iddiaların müəlliflərində ar və vicdan deyilən şey qalmayıb, onlar bütün sərhədləri keçiblər”, – deyə Kərimov gileylənib.

    “Bir daha bildirirəm ki, Çeçenistanda bu əlamətlərə görə bir nəfər belə həbs olunmayıb. Hüquq-mühafizə orqanları, insan haqları müdafiəçiləri və jurnalistlər, hətta xarici vətəndaşlar dəfələrlə bu məlumatları yoxlayıb və belə halların olduğuna dair bir fakt belə aşkarlamayıb”, – Kərimov diqqətə çatdırıb.

    Kərimovun hiddət dolu bəyanatına səbəb “Rusiya LGBT şəbəkəsi” proqramının direktoru İqor Koçetkovun mətbuatda səsləndirdiyi fikirlər olub.

    Koçetkovun sözlərinə görə, 2018-ci ilin dekabr ayında çeçen hüquq-mühafizə orqanları əməkdaşları “mavi” və lezbiyanları Arqun polis bölmələri və Qroznı şəhərinin Zavodsk DİN bölməsində saxlayıb. Onları cinsindən asılı olmayaraq, döyüblər və elektroşoklu dəyənəklərlə təcavüz ediblər.

    Elə həmin ay Çeçenistanda homoseksuallara qarşı keçirilən kampaniya çərçivəsində iki çeçenistanlı sakin Şoto-Şamil Akayev və Eyyub İbrahimovun ölüm xəbəri yayılıb. Meyitin müayinə protokoluna əsasən, həmin şəxslər yaxın məsafədən boyun nayihəsindən güllələnib.

    Rəsmi versiyaya görə, onlar polis əməkdaşlarına hücum etməyə çalışan zaman zərərsizləşdiriliblər.

  • İranla döyüşmədən sülh olmayacaq – Pompeo

    Yaxın Şərqdə sülh və stabillik İranla qarşıdurma olmadan mümkün deyil.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Varşavada jurnalistlərə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

    “Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”, – deyə o bildirib.

    Netanyahu isə Varşavada baş tutan Yaxın Şərq konfransını tarixi dönüş anı adlandırıb. O, Pompeoya bu konfransı təşkil etdiyinə görə təşəkkür edib.

  • Ərdoğandan Suriya ilə bağlı vacib bəyanat

    ABŞ qoşunlarının Suriyadan çıxarılması azad olunan ərazilərdə hakimiyyət vakuumuna və orada terrorçuların hökmranlığına gətirib çıxarmamalıdır.

    RİA Novosti-nin məlumatına görə, bunu Rusiya, Türkiyə və İran liderlərinin sammitinin yekunlarına dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

    O həmçinin İdlib üzrə memorandumun yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

    Ərdoğan İdlibdə humanitar böhranın yolverilməz olduğunu qeyd edib.