Category: Dünya

  • Starlink peyki orbitadan çıxaraq partlayıb

    Starlink peyki gözlənilməz anomaliya səbəbindən Yerə yaxın orbitdən çıxaraq sıradan çıxıb və parçalanıb.

    BAKU.WS “The Verge” nəşrinə istinadən xəbər verir ki, SpaceX nümayəndələri X platformasında bildiriblər ki, 29 martda 34343 nömrəli Starlink peyki 560 kilometr yüksəklikdə olarkən idarəetməni itirib və orbitdən çıxıb.

    Şirkətin açıqlamasına görə, hadisənin səbəbi hələ də araşdırılır. SpaceX və Starlink komandaları nasazlığın ilkin səbəbini müəyyənləşdirmək üçün iş aparır.

    Məlumata görə, bu, son aylarda Starlink şəbəkəsində qeydə alınan ikinci oxşar hadisədir. Daha əvvəl başqa bir peyk də anomaliya səbəbindən sıradan çıxmışdı.

    Bildirilir ki, hadisə Beynəlxalq Kosmik Stansiya və NASA-nın gələcək “Artemis II” missiyası üçün təhlükə yaratmır. Mütəxəssislərin ehtimalına görə, dağılan peyk hissələri yaxın həftələrdə atmosferdə yanaraq yox olacaq.

  • Ordubadda qaya uçqunu olub

    Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

    İntensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.

    Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

  • Xameneinin yeri açıqlandı

    Müctəba Xamenei İrandadır, lakin ictimaiyyət qarşısına çıxmayıb.

    Bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib.

    Jurnalist: İranın yeni Ali Lideri Müctəba Xamenei ilə hər hansı bir əlaqəniz olubmu? Əldə etdiyiniz məlumata görə, o, İrandadır?

    Dedov: İslam Respublikasının yeni Ali Lideri ilə hələlik heç bir əlaqə olmayıb. Lakin qeyd edirəm ki, Vladimir Vladimiroviç Putin Müctəba Xameneiyə təbrik teleqramı göndərən ilk şəxslərdən biri olub və Tehrana sarsılmaz dəstəyini və iranlı dostları ilə həmrəyliyini bildirib. İran rəhbərliyinin dəfələrlə bildirdiyi kimi, yeni lider İrandadır, lakin məlum səbəblərə görə o, ictimaiyyət qarşısına çıxmaqdan çəkinib”.

  • Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

    Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb.

    Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə kiberpatrul və texniki analiz işləri nəticəsində cinayətkar qruplaşmanın təxminən 20 milyard TL (449,6 milyon dollar) pul dövriyyəsinin olduğu müəyyən edilib. “Bunun Türkiyədə indiyə qədər kibercinayətlər və oxşar xarakterli istintaqlarda əməliyyat həcmi baxımından müəyyən edilmiş ən yüksək məbləğ olduğu aydınlaşdırılıb”, – məlumatda qeyd olunub

    “İnformasiya sistemlərindən istifadə edərək vətəndaşlarımıza qarşı dələduzluq edənlərin, vətəndə olduğu kimi virtual izləməsi də aparılır”, – əlavə olunub.

  • İranda casus qalmaqalı böyüyür: Təbrizdə 10 nəfər saxlanıldı

    İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşən Təbriz şəhərində Amerika Birləşmiş Ştatları və İsraillə gizli əlaqələrdə şübhəli bilinən 10 şəxs həbs edilib.

    Müvafiq məlumatı İranın “Fars” xəbər agentliyi yayımlayıb.

    Qeyd edək ki, bundan öncə İranın Kəşfiyyat Nazirliyi ölkənin dörd müxtəlif əyalətində ABŞ və İsrail xeyrinə casusluq fəaliyyətində ittiham olunan 54 nəfərin ələ keçirildiyini bəyan etmişdi.

  • Yer kürəsini maqnit qasırğası vuracaq

    Martın 31-də güclü partlayışdan qaynaqlanan plazma buludu Yer kürəsini vuracaq və bu da maqnit qasırğasına səbəb olacaq.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    Daha əvvəl isə Tətbiqi Geofizika İnstitutundan bildirilmişdi ki, Günəşdə təxminən iki aydan sonra ilk dəfə ən yüksək X1.5 sinfindən partlayış baş verib.

    “Ümumi fikir budur ki, plazma buludu ehtimal ki, bu axşam planetin kənarından dəyəcək və orta səviyyəli maqnit qasırğaları yaradacaq. Proqnozlaşdırılan təsir gücü, kənar hadisələrində tez-tez olduğu kimi, geniş diapazonlarda dəyişir: bəzi yayılma bucaqlarda plazma ümumiyyətlə gəlməyə bilər, bəzilərində isə G4 səviyyəsinə qədər maqnit qasırğaları mümkündür”, – deyə hesabatda bildirilib.

    Plazma buludu axşam saatlarında gələcəyi üçün intensiv qütb parıltılarının başlaması, demək olar ki, şübhəsizdir.

  • Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi

    Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.

    Bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Kima Avdalyan ictimaiyyətlə bölüşüb.

    “D.M. barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və dövlət məmurunun qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olma maddələri ilə cinayət təqibinə başlanılıb. M.M.-yə isə xuliqanlığa dəstək və vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə dəstək, G. G. barəsində isə xuliqanlığı təşkil etmə və vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmağı təşkil etmə ittihamı ilə iş açılıb”, – deyə o, “Facebook” hesabında yazıb.

    Qeyd edək ki, mart ayının 29-da Ermənistanın Daxili İşlər Nazirliyi İrəvan şəhərində yerləşən Müqəddəs Anna kilsəsindəki bazar günü ibadətindən sonra üç nəfərin polis tərəfindən saxlanıldığını elan etmişdi. Həmin hadisə hökumət rəhbərinə qarşı təxribatın qeydə alındığı ərazidə cərəyan edib. Belə ki, bir vətəndaş kilsənin binasını tərk edən zaman Nikol Paşinyana fiziki hücum etməyə çalışıb.

  • İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu

    İranda “İran Xalq Mücahidləri Təşkilatı” (“Mücahid-e Xalq”) terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olunub.

    Bu barədə SNN telekanalı məlumat verib.

    Bildirilib ki, onlar dövlət müəssisələrinə qarşı qumbaraatanlardan istifadə etməklə terror aktları törətməkdə, eləcə də partlayıcı qurğular hazırlamaqda təqsirli hesab olunmuşdular. İstintaq başa çatdıqdan sonra hər ikisi üsyankarlığa görə edam cəzasına məhkum edilib.

    İran Ali Məhkəməsi hökmü təsdiqləyib. Martın 31-də məhkumlar asılıb.

    Xatırladaq ki, martın 30-da “Tasnim” agentliyi İranda terror aktları törətdiklərinə görə iki “Mücahid-e Xalq üzvünün edam edildiyini bildirmişdi.

    Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

    İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

  • Bursa bələdiyyəsinin sədri saxlanıldı

    Türkiyənin Bursa bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.

    Bu barədə “İhlas” agentliyi məlumat yayıb.

    Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çərçivəsində Bursa bələdiyyəsinin sədri də daxil olmaqla 50 nəfər nəzarətə götürülüb.

    Xatırladaq ki, dünən Türkiyənin Uşak bələdiyyəsinin sədri Özkan Yalım həbs olunub.

  • Dubayda evə mərmi düşdü: Yaralılar var (Yenilənib)

    BƏƏ-nin Dubay şəhərinin Əl-Bəda rayonunda bir evə düşən mərmi nəticəsində yanğın baş verib.

    Bu barədə Dubay hökumətinin mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

    Agentlik bildirib ki, hadisə baş verən zaman evdə heç kəs olmayıb. Lakin həmin vaxt binanın yaxınlığında olan dörd nəfər zərər çəkib. Onların aldıqları xəsarətlərin yüngül olduğu vurğulanır.

    * * * * *

    BƏƏ-nin Şarja Əmirliyində İranın pilotsuz uçuş aparatı “Thuraya Telecom” telekommunikasiya şirkətinin inzibati binasına çırpılıb.

    Regional hökumətin mətbuat xidməti hadisə barədə sosial mediada məlumat yayıb.

    Bəyanata görə, Şarja Əmirliyindəki səlahiyyətli orqanlar mərkəzi bölgədəki hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.