Category: Dünya

  • Əfqanıstanda daşqınlar 17 nəfərin ölümünə səbəb olub

    Əfqanıstanın bir sıra bölgələrində baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər həyatını itirib.

    Median.Az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin sözçüsü Yusif Həmmad məlumat verib.

    Məlumata görə, 26 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

    Fəlakət ölkənin 34 vilayətindən 13-nü, əsasən qərb, mərkəzi və şimal-qərb bölgələrini əhatə edib. Nəticədə 147 ev tam və ya qismən dağılıb, 80 kilometr yol məhv olub, həmçinin kənd təsərrüfatına və suvarma sistemlərinə ciddi ziyan dəyib.

    Sinoptiklər yaxın günlərdə güclü yağıntıların davam edəcəyini və yeni daşqınların mümkünlüyünü bildirirlər.

  • Tramp İran məsələsində Qabbardla fikir ayrılıqlarının olduğunu etiraf edib

    ABŞ Prezidenti Donald Tramp İranın nüvə fəaliyyətləri mövzusunda ölkəsinin Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard ilə müəyyən fərqli baxışlara malik olduqlarını təsdiqləyib.

    Bu barədə TASS məlumat yayıb.

    Florida ştatındakı Vest Palm Biçdən paytaxt Vaşinqtona yollanarkən təyyarədə media nümayəndələrinə Qabbard barədə danışan prezident deyib: “Onun yanaşması mənimkindən bir qədər fərqlənir. Lakin bu, onun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi demək deyil”.

    Kəşfiyyat rəhbərinə inanıb-inanmadığı ilə bağlı suala isə ABŞ lideri “Bəli, sözsüz”, – deyə reaksiya verib.

    Dövlət başçısı, İranın nüvə silahı əldə etməsinə kəskin şəkildə qarşı olduğunu da bildirib.

    Qeyd edək ki, Tramp istirahət günlərini Vest Palm Biç ərazisindəki Mar-a-Laqo iqamətgahında keçirdikdən sonra yenidən Ağ Evə dönüb.

  • 2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq

    2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin “National Academy of Sciences” təşkilatının hesabatında yer alıb.

    Bu barədə gazeta.ru-ya açıqlamasında “Attribute” klinikasının oftalmoloqu Yekaterina Bayandina danışıb.

    Həkimin sözlərinə görə, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi smartfon və digər cihazlardan yayılan mavi işıqla deyil, ekranın gözlərə olan məsafəsi ilə bağlıdır.

    O qeyd edib ki, mavi işığın əsas sübut olunmuş təsiri görməyə deyil, insanın bioloji saatına yönəlib:

    “Laborator tədqiqatlarda tor qişanın hüceyrələri yüksək dozada mavi işığa məruz qaldıqda zədələnə bilər. Lakin real həyatda smartfonlardan yayılan mavi işıq təbii gün işığından təxminən min dəfə zəifdir. Buna görə də ekranlar görməyə zərər verəcək qədər güclü deyil. Amma qısa dalğalı mavi işıq melatoninin – yuxu və oyaqlıq dövrlərini tənzimləyən hormonun ifrazını azaldır. Axşam saatlarında cihazlardan istifadə beyni aldadaraq gündüz effekti yaradır, bu da yuxuya getmə müddətini uzadır və yuxunun keyfiyyətini pisləşdirir”.

    Bununla belə, həkim qeyd edir ki, qacetlərin görməyə zərər verdiyi fikri tam əsassız deyil:

    “Smartfon və kompüterlər görməyə birbaşa təsir edir, lakin bu, mavi işıqla deyil, ekranın gözlərə yaxın olması ilə bağlıdır. Telefonu üzə çox yaxın tutmaq gözün fokuslanmasına cavabdeh olan akkomodasiya sisteminə əlavə yük yaradır. Gözlərimiz təbii olaraq uzağa baxmaq üçün formalaşıb. Uzun müddət yaxın məsafəyə fokuslanmaq siliyar əzələnin həddindən artıq işləməsinə səbəb olur. Əvvəlcə bu, akkomodasiya spazmı (yalançı miopiya) yaradır. Bu hal uzun müddət davam edərsə, göz alması uzanır və artıq həqiqi miopiya formalaşır”.

    Y.Bayandina görməni qorumaq üçün monitoru qol uzunluğu məsafəsində yerləşdirməyi, hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmağı və qaranlıqda parlaq ekran qarşısında işləməməyi tövsiyə edib.

  • Ermənistanın hakim partiyası Paşinyanın baş nazirliyə namizədliyini verdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının onu qarşıdan gələn parlament seçkisində hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.

    Bu barədə o, öz “Telegram” kanalında məlumat verib.

    Bu qərar partiyadaxili seçkilərin ikinci turundan sonra verilib.

    “Mənə göstərdikləri növbəti etimada, “Vətəndaş sazişi” partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizəd olmaq şərəfinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm”, – deyə Paşinyan bildirib.

  • Dənizin ortasında susuzluqdan öldülər

    Avropaya gedərkən qayıqda altı gün yemək və su olmadan qalan iyirmi iki miqrant Yunanıstan sahillərində həlak olub.

    Bu barədə Yunanıstan sahil mühafizəsi məlumat yayıb.

    Avropa Sərhəd Agentliyinin gəmisi, bir qadın və bir uşaq da daxil olmaqla iyirmi altı nəfəri xilas edib. Onlardan ikisi Krit adasındakı Herakliondakı xəstəxanaya aparılıb

    Miqrantları daşıyan qayıq 21 martda Liviyanın şərqindəki Tobruk limanından yola düşüb. Sahil mühafizəsi ölümlərə pis hava şəraiti və qida və suyun çatışmazlığı səbəb olduğunu bildirib.

  • İran hərbi çağırış yaşını 12-yə endirdi

    İran hakimiyyəti hərbi xidmətə çağırış üçün minimum yaşı 12 ilə endirib.

    “Unikal” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

    “İran orduya dəstək vermək üçün könüllülər üçün yaş həddini 12 yaş olaraq müəyyən edib və yeniyetmələri orduya qoşulmağa təşviq edir”, – KİV yazıb,

    Qeyd edildiyi kimi , bu, “qoşulmaq istəyənlərin yaşını nəzərə alaraq” edilib.

    “Al Arabiya” iddia edir ki, yeniyetmələr patrul xidmətində iştirak edə və digər işlərlə yanaşı, nəzarət-buraxılış məntəqələrində işləyə biləcəklər.

  • İranda su anbarı atəşə tutuldu

    ABŞ və İsrail ordusu İranın Həftgəl şəhərində 10 min kubmetrlik su anbarına zərbələr endirib.

    “Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

    “Su anbarı hava hücumuna məruz qalıb, ölən və yaralanan olmayıb”,- məlumatda bildirilib.

    Qeyd olunub ki, səhər saatlarında ABŞ ilə İsrail ordusu Həftgəl teleradio qülləsini də atəşə tutub.

  • İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var

    İranın hücumu nəticəsində Əbu-Dabidə “Emirates Global Aluminium” şirkətinə məxsus alüminiuməridici zavod zədələnib.

    Bu barədə şirkət məlumat yayıb.

    Zavoda ciddi ziyan dəyib, bir neçə əməkdaş yaralanıb.

    Qeyd edək ki, “Emirates Global Aluminium” Yaxın Şərqdə ən böyük alüminium istehsalçısıdır.

  • “Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik”

    “Ermənistan üçün necə bir gələcək istədiyimizə qərar verməliyik. Təhlükəsiz bir ölkəyə sahib olmaq istəyirik, yoxsa gələcəkdə daha çox başağrısı yaradacaq bir qapı açmaq istəyirik?”.

    Bunu “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan deyib.

    O, partiya üzvləri ilə görüşündə Ermənistanda balanslı, ciddi bir lider olmasından danışıb.

    “Ciddi lider olsun, yoxsa hər gün dünya mətbuatına bizə gülmək üçün səbəb verən şəxs olmasın. Qonşularımız nə edir. Türklər donanmasını inkişaf etdirir, avadanlıqlarını inkişaf etdirir, Çinə yol açır. Azərbaycanlılar nə edir? Onlar Türkiyə ilə əlaqə qururlar, iqtisadiyyatlarını inkişaf etdirirlər, hərbi güclərini inkişaf etdirirlər, Xəzər dənizi boyunca limanlar tikirlər. Biz nə edirik… Biz qarğıdalı yeyirik… Bu ciddi dünya dəyişiklikləri fonunda nə edirik?”, – deyə o, bildirib.

  • Hakan Fidan Pakistana səfər edəcək

    Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.

    Median.Az DHA-ya istinadən xəbər verir ki, o, İslamabadda keçiriləcək toplantıda iştirak etmək üçün sabah yola düşəcək.

    Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib: “Nazirimiz bölgədə baş verən hadisələrin qiymətləndirilməsi məqsədilə İslamabadda təşkil olunacaq toplantıya qatılmaq üçün 29-30 mart 2026-cı il tarixlərində Pakistana səfər edəcək”.