Category: Dünya

  • Türkiyədə bələdiyyə sədri həbs edildi

    Türkiyədə Uşak bələdiyyə sədri Özkan Yalım həbs edilib.

    Median.Az bu barədə “Milliyet” qəzetinə istinadən xəbər verir.

    O, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçirilmiş əməliyyat zamanı saxlanılmışdı.

    Bələdiyyə sədri rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə saxtakarlıq qarışdırmaq maddələri üzrə ittiham olunur.

    Hakim qarşısına çıxarılan Ö.Yalımın və daha səkkiz şübhəlinin həbsinə qərar verilib.

  • KİV: İran husiləri Qırmızı dənizdə gəmilərə hücum etməyə məcbur edir

    “İran Yəmənin “Ənsar Allah” qruplaşmasının (husilər) üsyançılarını Qırmızı dənizdə gəmiçiliyə qarşı kampaniya başlatmağa sövq edir. Lakin qrupun hərbi rəhbərliyi daxilində münaqişənin daha da kəskinləşməsi ilə bağlı fikir ayrılıqları mövcuddur”.

    “Bloomberg” agentliyi bu məlumatı özəl mənbələrə istinadən yayıb.

    Bildirilib ki, qruplaşma daxilində fikir ayrılıqları onların hərəkətlərinin aqressivlik dərəcəsi ilə bağlıdır. Bu hal husilərin münaqişəyə bir ay sonra girmək istəyinin səbəbini qismən izah edir. Agentlik qeyd edir ki, husilər son açıqlamasında hərbi əməliyyatları ABŞ və İsrailin İrana və “Hizbullah” da daxil olmaqla müttəfiqlərinə hücumları dayandırılana qədər davam etdirəcəklərini açıqlayıblar. Lakin onlar bəyanatlarında Qırmızı dənizdə tankerlərə hücum etmək niyyətlərini xüsusi olaraq qeyd etməyiblər. Mənbələr həmçinin ABŞ və Səudiyyə Ərəbistanı rəsmilərinin Avropa tərəfdaşlarını husilər tərəfindən mümkün eskalasiya barədə məlumatlandırdıqlarını bildiriblər. Onlar Yəmən qrupunun hazırda ABŞ və Səudiyyə Ərəbistanı obyektlərinə hücumlardan qaçmaq istədiyini bildirirlər. Eyni zamanda, xəbər qaynaqları əlavə ediblər ki, İrana qarşı əməliyyatlar nə qədər uzun müddət davam edərsə, husilərin Qırmızı dənizdəki gəmilərə zərbə endirmə ehtimalı bir o qədər yüksəlir.

  • İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vuruldu

    Humanitar yardım daşıyan mülki təyyarə 28 martda İranın şərqindəki Məşhəd hava limanında ABŞ və İsrailin hava hücumları nəticəsində vurulub.

    Bu barədə İranın Mülki Aviasiya Təşkilatının bu gün yaydığı bəyanatda bildirilib.

    “Mülki Aviasiya Təşkilatı, Məşhəd hava limanına eniş edən, İran üçün digər ölkələrdən dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə qarşı Amerika-İsrail hücumunu qətiyyətlə pisləyir”, – deyə bəyanatda vurğulanıb.

    Qeyd olunub ki, humanitar yük daşıyan mülki hava nəqliyyat vasitəsinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Təşkilat həmçinin bütün beynəlxalq qurumları bu aktı pisləməyə və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

  • Çinin yeni “Kinetica – 2” raketinin sınaq uçuşu uğurlu oldu

    Çinin “CAS Space” korporasiyası “Kinetica – 2” adlı daşıyıcı raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə icra edib.

    Bu barədə “Sinxua” xəbər agentliyi məlumat paylaşıb.

    Raket Pekin vaxtı ilə 19:00 (Bakı vaxtı ilə 15:00 – red.) radələrində Tszyutsyuan Peyk Buraxılışı Mərkəzində yerləşən Dunfen kommersiya start kompleksindən fəzaya qalxıb. “Kinetica – 2” vasitəsilə üç ədəd kosmik aparat – “Xinzhengcheng – 01”, “Xinzhengcheng – 02” və “Tianshi – 01” orbitə çıxarılıb.

    ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) təqdim etdiyi məlumata əsasən, “Kinetica – 2” 4.2 metr diametrə malik ikimərhələli raket sistemidir. Uzunluğu 52 metr təşkil edən bu daşıyıcı Yerin aşağı orbitinə 12 tona kimi faydalı yük çatdırmaq imkanındadır.

    Çin hökuməti öz milli kosmik layihəsini sürətlə genişləndirir, meteorologiya, rabitə və naviqasiya peykləri yaradır, həmçinin Ayın öyrənilməsi məqsədilə yeni texnologiyalar üzərində işləyir. Dövlətin dəstəyi ilə çinli alimlər Mars və asteroidlərin tədqiqat perspektivlərini dəyərləndirirlər. Orbitdə beynəlxalq əməkdaşlıqlar üçün də açıq olan Çin kosmik stansiyası fəaliyyətini davam etdirir.

    Qeyd edək ki, Çin 2025-ci il ərzində 92 kosmik uçuş reallaşdıraraq şəxsi rekordunu yeniləyib.

  • Husilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər

    Yəmənin “Ənsar Allah” (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.

    Hərəkatın sözçüsü Məhəmməd Mənsur “InsideOver” portalına müsahibəsində belə bir hədə ilə çıxış edib.

    “Avropa da başa düşməlidir ki, əgər “Müqavimət oxu”na (əsasən Tehranla müttəfiq olan şiə silahlı birləşmələri – red.) qarşı düşmənçilik nümayiş etdirməyə davam edərsə, biz neftin qiymətinin 200 dollara qalxmasını təmin edəcəyik ki, bu da Avropa iqtisadiyyatını çökdürə bilər”, – deyə M.Mənsur bildirib.

    “Biz Süveyşə aparan bütün dəniz yollarını kəsərək Bab əl-Məndəb boğazını blokadaya ala bilərik. Bizim qeyri-məhdud raket ehtiyatımız var və heç kim icazəmiz olmadan Asiya ilə Avropa arasında hərəkət edə bilməyəcək”, – deyə o əlavə edib.

  • Avropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü

    Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və “EUROPOL” (“AVROPOL” – Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı “Avropanın Pablo Eskobarı” kimi tanınan “Baybaşin” cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.

    Bu barədə Median.Az “TRT Haber” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, “Baybaşinlər” kimi tanınan və bütün Avropada qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilata qarşı 6 ölkəni əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.

    Əldə edilən məlumata əsasən, əməliyyata İtaliya, Polşa, Fransa, Birləşmiş Krallıq və İsveçrənin hüquq-mühafizə orqanları dəstək verib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən yaxından izlənilən proses çərçivəsində cinayət təşkilatının Avropadakı siqaret qaçaqmalçılığı şəbəkəsi və cinayətdən əldə edilən gəlirlərinin izinə düşülüb.

    Nəticədə cinayətkar şəbəkənin maliyyə xəritəsi çıxarılıb. Araşdırmalar zamanı təşkilatın lideri Hasan Ferhat Baybaşin və təşkilatın meneceri Çağdaş Duranın siqaret qaçaqmalçılığından əldə etdikləri külli miqdarda qanunsuz gəlirləri Türkiyədə yuduqları müəyyən edilib. Cinayətdən əldə edilən pulların Diyarbəkirdə fəaliyyət göstərən iki şirkət və Aydın əyalətindəki lüks daşınmaz əmlak investisiyaları vasitəsilə leqallaşdırıldığı aşkar olunub.

    Araşdırma çərçivəsində hərəkətə keçən təhlükəsizlik qüvvələri əməliyyatın maliyyə qoluna ciddi zərbə vurub. Məhkəmə qərarı ilə 9 şübhəlinin Diyarbəkirdəki şirkət səhmləri, Aydın əyalətindəki bütün daşınmaz əmlakları və nəqliyyat vasitələri, bank hesablarındakı bütün depozitləri, həmçinin kripto aktiv xidməti təminatçıları ilə bağlı hüquqları və debitor borcları müsadirə edilib.

  • İran XİN-in rəsmisi: “ABŞ ilə heç bir danışığımız olmayıb”

    Pakistanın paytaxtı İslamabadda Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə İran təmsil olunmayıb.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib:

    “Pakistanın region ölkələri ilə görüşü onların özlərinin müəyyən etdiyi bir formatdır. Biz orada iştirak etməmişik. Region dövlətlərinin sülh üçün narahatlıq keçirməsi təqdirəlayiq haldır, lakin İran bölgədəki müharibə məsələsi ilə məşğul olan ölkələrdən tələb edir ki, bunu kimin başlatdığını nəzərə alsınlar və hadisələrə reallıq prizmasından yanaşsınlar. Yalnız bir tərəfdən təmkinlilik tələb etmək olmaz”.

    “ABŞ-dən danışıqlar barədə təklif gəldikdə, hər kəs ehtiyatlı davranır. Dünyanın, hətta ABŞ-nin özündəki insanların Birləşmiş Ştatların diplomatiyasını nə dərəcədə etibarlı hesab etdiyini bilmirəm. Müxtəlif amerikalı rəsmilərin ziddiyyətli davranışlarına rəğmən, İranın ayrı-ayrı məsələlərlə bağlı mövqeyi əvvəldən bəlli olub. Bizim üçün hansı çərçivələrin qəbuledilən olduğunu çox yaxşı bilirik. Bizə təqdim edilən, istər 15 bəndlik, istərsə də daha az və ya çox maddədən ibarət materiallar qeyri-real, məntiqsiz idi və tərkibində həddindən artıq tələblər var idi”, – deyə İ.Bəqayi qeyd edib.

    İran XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Tehran Vaşinqtonun danışıqlara meyilli olduğuna inanmır:

    “Çünki ABŞ danışıqlar prosesinin ən qızğın vaxtında – 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında İrana artıq iki dəfə hücum edib.

    Hazırda biz elə bir şəraitdəyik ki, ABŞ-nin hərbi təcavüzü daha kəskin şəkildə davam edir. Bu səbəbdən bütün səylərimiz özümüzü müdafiəyə yönəlib. Biz bu bəyanatları səmimi qəbul etmirik. Bir ildən az müddətdə iki dəfə baş verən diplomatiya xəyanətini öz təcrübəmizdə hiss etdik”.

    Eyni zamanda o deyib ki, İran ABŞ-dən Pakistan və digər vasitəçilərin köməyi ilə danışıqlar aparmaq təklifi alıb, lakin Vaşinqtonla birbaşa təmas olmayıb:

    “Heç bir danışığımız baş tutmayıb. Pakistan da daxil olmaqla, bəzi vasitəçilərin əlaqəsi ilə bizə çatan bir sıra təkliflərlə yanaşı, ABŞ tərəfindən danışıqlar üçün müraciət daxil olmuşdu”.

    Xatırladaq ki, martın 29-da Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Pakistanın xarici işlər nazirləri İslamabadda keçirilən görüşdə ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.

  • İrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası

    İran İsrailə, habelə Bəhreyn, İraq və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbələr endirib.

    Median.Az-ın CNN telekanalına istinadən xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətindən məlumat verilib.

    “Əsl vəd – 4” əməliyyatının 87-ci dalğası zamanı müxtəlif ərazilərdə komanda mərkəzləri, silah anbarları, PUA-ların, ABŞ-İsrail pilotlarının sığınacaq yerləri, o cümlədən bölgədə 5 ABŞ bazası, xüsusən də Hayfa körfəzində, Kiryat-Şmonada, Təl-Əvivdə, Beer-Şevada, Dimonada (bazalar), Əl-Xərcdə (Səudiyyə Ərəbistanında), Əl-Cufeyrdə (Bəhreyn), Viktoriyada (Bağdad yaxınlığında) hərbi obyektlər “Emad”, “Qiam” və “Xorrəmşəhr – 4″ ballistik raketlərindən, eləcə də hücum PUA-larından istifadə etməklə uğurla vurulub”, – deyə bəyanatda bildirilib.

  • “Hizbullah”ın rəhbərlərindən biri öldürüldü

    İsrail Hərbi Hava Qüvvələrinin Beyruta PUA ilə hücumu zamanı “Hizbullah” təşkilatının rəhbərlərindən biri öldürülüb.

    Bu barədə “Əl-Hadath” telekanalı məlumat verib.

    Məlumata görə, zərbə “Hizbullah”ın Dahiyanın cənub hissəsindəki qərargah ofisinə endirilib.

  • Günəşdə güclü partlayış baş verib

    Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək ” X” sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır.

    Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    Martın 30-da Bakı vaxtı ilə saat 07:19-da 4405 (S25E45) ləkələr qrupunda rentgen diapazonunda 49 dəqiqə davam edən X1.5 sinifli partlayış qeydə alınıb.

    Sonuncu dəfə belə güclü partlayış (X4.2) fevralın 4-də 4366 nömrəli aktiv regionda baş vermişdi. Həmin sahə sonradan Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləmişdi.

    Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik plazma fizikası şöbəsinin Günəş astronomiyası və heliofiziki cihazqayırma laboratoriyasının müdiri Sergey Boqaçov daha əvvəl TASS-a bildirmişdi ki, ilin sonunadək ən yüksək sinfə aid daha 5-10 partlayışın baş vermə ehtimalı var.

    Rentgen şüalanmasının gücündən asılı olaraq, Günəşdəki partlayışlar beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə bu güc 10 dəfə artır. Bir qayda olaraq, alışmalar günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.