Category: Dünya

  • İlk Avropa İttifaqı-Ermənistan sammitinin keçiriləcəyi tarix məlum olub

    İlk Avropa İttifaqı-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.

    APA xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta “X” hesabında paylaşım edib.

    O, Ermənistanı “yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib.

    “Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, – Koşta qeyd edib.

    Sammitdən əvvəl Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yerevanda keçiriləcək Avropa Siyasi İctimaiyyəti iclasında iştirak edəcəklər.

    Aİ-Ermənistan sammitində xüsusilə enerji, nəqliyyat və rəqəmsal sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, habelə regionda sülhün irəli aparılması, təhlükəsizlik, konnektivlik, qlobal çağırışlar, o cümlədən Yaxın Şərqdə və Ukraynada gedən proseslər müzakirə olunacaq.

  • Tramp: Müharibə tezliklə bitəcək

    Müharibə tezliklə bitəcək.

    Median.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclas zamanı deyib.

    O, qeyd edib ki, davam edən müharibə uzun çəkməyəcək.
    Tramp münaqişə nəticəsində neft qiymətlərinin daha da yüksələcəyini gözlədiyini, lakin qiymətlərin ehtimal ediləndən daha az artdığını bildirib.

  • Gürcüstanda yanacağın qiyməti bahalaşdı

    Gürcüstanda yanacağın qiymətləri yenidən bahalaşıb.

    Son iki həftədə qiymətlər 50-60 tetri (15-20 sent) bahalaşıb.

    Bahalaşmaya əsasən Yaxın Şərqdə baş verən hadisələr, xüsusən də Hörmüz boğazı vasitəsilə neft daşınmalarında gecikmələr səbəb olub.

  • Azərbaycanlıların da olduğu 41 qanunsuz miqrant saxlanıldı

    Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi və Batumi şəhərlərində 41 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

    Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

  • ABŞ narkotacirlərə məxsus gəmiyə zərbə endirib

    ABŞ Karib hövzəsində narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

    Bildirilib ki, əməliyyat martın 25-də həyata keçirilib və nəticədə 4 nəfər ölüb.

    Qeyd olunur ki, gəmi narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və kəşfiyyat məlumatlarına əsasən bu məqsədlə istifadə olunurdu.

  • Hörmüz boğazından keçid ödənişli olacaq? – İran parlamentindən qərar

    İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.

    Median.Az-ın İranın “Entekhab” portalına istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.

    “Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq”, – deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.

    Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.

    “Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir”, – deyə parlamentari qeyd edib.

  • Yaponiyada 633 şagird zəhərlənib

    Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qida zəhərlənməsi simptomları barədə məlumat verib.

    Median.Az Yaponiyanın NHK televiziya kanalına istinadən xəbər verir ki, zəhərlənmə halları martın 19-dan başlayıb.

    Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar inkişaf edib. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib.

    Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib. İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb.

  • Misir ABŞ və İranla danışıqlara qoşulub

    Misir İrana qarşı aparılan müharibəni dayandırmaq məqsədilə fəal müzakirələr həyata keçirir, eyni zamanda Türkiyə və Pakistanla birgə ABŞ və İran arasında vasitəçilik missiyasını yerinə yetirir.

    Median.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel-Ati Beyrutda təşkil olunan brifinq zamanı bildirib.

    “İranla münaqişəni bitirmək və bölgədəki kütləvi xaosun qarşısını almaq məqsədilə gərgin danışıqlar prosesindəyik”, – deyə XİN rəhbəri qeyd edib.

    Nazir əlavə edib ki, Misir Türkiyə və Pakistanla əməkdaşlıq çərçivəsində İran və Amerika tərəflərinə mesajların ötürülməsini təmin edir.

  • İranda müharibədə ölənlərin sayı 1 937 nəfərə çatıb

    İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 1 937 nəfərə çatıb.

    Bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Al Jazeera”ya kanalına danışıb.

    Onun sözlərinə görə, həlak olanların 240 nəfəri qadın, 212 nəfəri isə uşaqdır.

    Xəsarət alanların sayı isə 24 800-ü ötüb.

  • Günəşdə güclü partlayış qeydə alınıb

    Martın 18-dən sonra ilk dəfə Günəş səthində M sinfinə aid növbəti güclü partlayış baş verib.

    Bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutunun nümayəndələri tərəfindən məlumat verilib.

    Qurumun hesabatında qeyd olunub ki, “martın 26-da Moskva vaxtı ilə saat 09:23-də (Bakı vaxtı ilə saat 10:23) 4003 nömrəli günəş ləkəsi qrupunda (N16E62) rentgen spektrində 29 dəqiqəlik M3.9 gücündə partlayış müşahidə edilib”.

    Xatırladaq ki, buna oxşar gücdə (M2.7) əvvəlki partlayış martın 18-də qeydə alınmışdı.

    Məlumata görə, Günəşdəki partlayışlar ifraz etdikləri rentgen şüalarının intensivliyinə görə beş kateqoriyaya ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 Yer orbitində hər kvadrat metr üçün 10 nanovatt radiasiya səviyyəsinə bərabərdir. Hər bir sonrakı hərfə keçid zamanı şüalanmanın gücü on dəfə çoxalır. Bu cür partlayışlar tez-tez günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər.