Category: Dünya

  • SEPAH-ın hərbi-dəniz qüvvələrinin komandiri ÖLDÜRÜLDÜ

    İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Tanksiri Bəndər Abbasa zərbə nəticəsində həlak olub.

    Bu barədə “Times of İsrael” nəşri İsrail məmuruna istinadən məlumat verib.

    Məlumata görə, Əlirza Tanksiri Hörmüz boğazının bağlanmasına görə məsul olub.

    Lakin İran və İsrail hərbçiləri tərəfindən hələlik zərbə ilə bağlı şərh verilməyib.

  • İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb

    İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə və regionda yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə növbəti zərbə seriyasına başlayıb.

    Bu barədə İslam Respublikasının dövlət televiziyası xəbər verib.

    Qeyd olunub ki, hazırkı hücum dalğası artıq 82-ci hesab edilir. Əsas zərbənin istiqaməti barədə hələlik məlumat yoxdur.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Dünyanın ən nəzakətli ölkələri açıqlanıb – REYTİNQ

    ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan “Remitly” şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.

    Median.Az bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.

    Məlumata görə, araşdırma çərçivəsində 26 ölkədən 4 600 nəfər sorğuya cəlb olunub. Respondentlərdən ən nəzakətli hesab etdikləri ölkələri qeyd etmələri istənilib. Bundan əlavə, iştirakçılar özlərini nə dərəcədə nəzakətli hesab etdiklərini də qiymətləndiriblər.

    Sorğunun nəticələrinə əsasən, Yaponiya reytinqin şəksiz lideri olub. Respondentlərin 35.15%-i bu ölkəni ən nəzakətli hesab edib. Tədqiqat müəlliflərinin sözlərinə görə, Yaponiyada nəzakət gündəlik həyatın ayrılmaz hissəsidir. Məsələn, baş əymək yalnız salamlaşma deyil, həm də hörmət əlaməti kimi istifadə olunur.

    İkinci yerdə 13.35% göstərici ilə Kanada qərarlaşıb. Araşdırmada qeyd olunur ki, kanadalılar haqqında tez-tez səsləndirilən “hər şeyə görə üzr istəmək” stereotipi müəyyən qədər şişirdilmiş olsa da, cəmiyyətdə qarşılıqlı hörmət və diqqət mühüm rol oynayır.

    Üçüncü pillədə isə 6.23% səslə Böyük Britaniya yer alıb. Britaniyalıların nəzakəti əsasən tez-tez “zəhmət olmasa” və “təşəkkür edirəm” ifadələrindən istifadə etmələri, həmçinin növbə mədəniyyəti ilə izah olunur.

    İlk onluqda daha sonra Çin (3.07%), Almaniya (2.80%), Filippin (2.30%), İsveç (2.26%), Danimarka (2.07%), Finlandiya (1.92%) və Cənubi Afrika Respublikası (1.82%) qərarlaşıblar.

    Araşdırma, həmçinin göstərib ki, ölkə sakinlərinin özlərini qiymətləndirməsi ilə xaricilərin fikirləri arasında fərq var. Belə ki, Braziliya, Çili, Hindistan, İsveç, Fransa, Meksika, İspaniya, Cənubi Afrika Respublikası, ABŞ və Portuqaliya sakinləri özlərini daha çox nəzakətli hesab edirlər.
    //oxu.az

  • 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU

    Türkiyəyə məxsus xam neft daşıyan “Altura” adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.

    Bu barədə Median.Az “NTV.com” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.

    Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.

    Tankerin təcili yardım tələbindən sonra hadisə yerində xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.

    Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

  • Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir

    ABŞ İranla sülhə üstünlük verdiyini bəyan edib.

    Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, Prezident Donald Tramp münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

    “Prezident hər zaman sülhə üstünlük verir, əlavə insan itkilərinə və dağıntılara ehtiyac yoxdur. Lakin İran mövcud reallıqları qəbul etməzsə, Tramp daha sərt addımların atılmasına nail olacaq”, – deyə Livitt qeyd edib.

  • Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi

    Rusiya Prezidenti Vladimir Putin ölkədən 100 qramdan artıq qızıl külçələrin ixracını məhdudlaşdırıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki 1 may tarixindən etibarən qızıl yalnız Moskva və Vladivostok hava limanları vasitəsilə Avrasiya İqtisadi İttifaqı ölkələrinə Federal Analiz İdarəsinin icazəsi ilə ixrac edilə bilər.

    Fiziki şəxslər də eyni şərtlərlə Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

    Eyni zamanda qeyd olunur ki, şirkətlər və fərdi sahibkarlar bu şərtlər olmadan Aİİ xaricinə qızıl ixrac edə biləcəklər.

    Qaydanın nağd rublun ixracına qoyulan məhdudiyyətlər kimi banklara şamil edilməyəcəyi vurğulanıb.

  • Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər

    Yer kürəsinin ən cənub qitəsi olan Antarktidanın yeni xəritəsi ilk dəfə olaraq buz örtüyünün altındakı dünyanı misilsiz detallarla göstərib. Bu məlumatlar alimlərə iqlim dəyişikliklərini və onların nəticələrini, o cümlədən sahil şəhərlərinin su altında qalma risklərini daha dəqiq qiymətləndirməyə kömək edəcək.

    Qaynarinfo “NewsWeek”ə istinadən xəbər verir ki, Antarktida ərazisi Avstraliyadan iki dəfə böyük olsa da, qalın buz qatının altında nələrin yerləşdiyi barədə məlumatlar çox məhduddur. Alimlər bu qitə haqqında Mars planetinin səthindən daha az məlumata malikdirlər.

    Qeyd olunur ki, Yer kürəsinin şirin su ehtiyatlarının təxminən 70 faizini özündə saxlayan Antarktida buz qalxanı planetin ən böyük buz kütləsidir. Onun qalınlığı orta hesabla təxminən 2 kilometrdir və bəzi yerlərdə 5 kilometrdən artıqdır.

    Beynəlxalq tədqiqatçılar qrupu qitənin gizli landşaftının bu günə qədər ən detallı xəritəsini hazırlayıb. Alimlər buz axınının pozuntularının analizi (Ice Flow Perturbation Analysis – IFPA) metodundan istifadə ediblər. Bu metod buzun hərəkət fizikasına əsaslanaraq, onun altındakı relyefi müəyyən etməyə imkan verir. Yanaşma buzun təpə və dərələr üzərindən hərəkəti zamanı səthdə yaranan xarakterik naxışları təhlil edir. Məlumatlar həmçinin ən yeni peyk müşahidələri ilə birləşdirilib.

    Professor Endryu Körtis bildirib ki, bu metod faktiki olaraq buz qalxanlarının içindən baxmağa imkan yaradır və tədqiqatlar üçün yeni imkanlar açır.

    Yeni xəritə sayəsində əvvəllər öyrənilməmiş bölgələrdə çoxsaylı coğrafi obyektlər aşkar edilib – böyük dağ silsilələri, dərin kanyonlar, geniş vadilər, eləcə də on minlərlə əvvəllər məlum olmayan təpə və çökəkliklər.

    Tədqiqatçı Helen Okkenden vurğulayıb ki, buz altı müşahidələrin çətinliyi səbəbindən bu ərazilər haqqında məlumat Mars və Veneranın səthindən daha azdır. Lakin yeni metod bu boşluqları doldurmağa imkan verib.

    Alimlərin sözlərinə görə, əvvəlki tədqiqatlar göstərib ki, buzaltı relyefin qeyri-bərabərliyi – məsələn, dik yamaclar və iti dağ silsilələri – buzlaqların əriməsini ləngidə bilər. Bu relyef buzun okeana doğru hərəkətini zəiflədərək sürtünmə yaradır. Yeni xəritə gələcək tədqiqatlar üçün mühüm əsas olacaq, dəniz səviyyəsinin yüksəlməsini daha dəqiq proqnozlaşdırmağa və sahil şəhərlərinin su altında qalma risklərini qiymətləndirməyə kömək edəcək.

  • İran daha bir boğazı bağlamaqla hədələyir

    İran öz ərazilərinə, o cümlədən adalarına yerüstü müdaxilə baş verəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlayacaq.

    Bu barədə İranın “Tasnim” agentliyi hərbi mənbəyə istinadən məlumat verir.

    “Bab-əl-Məndəb boğazı dünyanın strateji baxımdan ən mühüm boğazlarından biri hesab olunur və İranın orada tamamilə real təhlükə yaratmaq üçün həm iradəsi, həm də imkanı var. Buna görə də, əgər amerikalılar axmaq addımlarla Hörmüz boğazı probleminə həll yolu tapmaq istəyirlərsə, ehtiyatlı olmalıdırlar ki, öz problemlərinə və çətin vəziyyətlərinə daha bir boğaz əlavə etməsinlər”, – deyə mənbə bildirib.

    Qeyd edək ki, Bab-əl-Məndəb boğazı Yəmən ilə Eritreya arasında yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Dünya dəniz ticarətinin 10-12%-i və dünya konteyner daşımalarının təxminən 30%-i bu yolla həyata keçirilir, hər il bu boğazdan təxminən 20 000 gəmi keçir. Boğaz Yəmənin ərazi sularının bir hissəsidir.

    Fars körfəzi ilə Ərəbistan dənizini birləşdirən Hörmüz boğazı fevral ayının sonlarında ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcında İran tərəfindən bağlanmışdı.

  • KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır

    ABŞ hərbçiləri hər gün ölkə Prezidenti Donald Tramp üçün əvvəlki 48 saat ərzində İranda hədəflərə endirilən ən uğurlu zərbələrin videoçarxını hazırlayırlar.

    Bu barədə “NBC News” telekanalı mənbələrə istinadən xəbər verir.

    Mənbələrin məlumatına görə, gündəlik videoçarx adətən təxminən iki dəqiqə davam edir. Videoçarxdan əlavə, D.Tramp hərbi müşavirlər, xarici liderlərlə söhbətlər və xəbər reportajları sayəsində də məlumatlar alır.

    Lakin məhz videoçarxlar prezidentin müttəfiqlərinin bir qismində dörd həftədir davam edən müharibənin tam mənzərəsini əldə edə bilməyəcəyi və ya qavramayacağına dair narahatlıq yaradır.

  • Rafael Nadal doktorluq dərəcəsi alıb

    İspaniyalı tennisçi Rafael Nadal Madrid Politexnik Universitetində doktorluq dərəcəsi alıb.

    Bu barədə dünyanın keçmiş bir nömrəli raketka ustası “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

    “Karyeram ərzində bir çox mükafatlar almışam, lakin akademik dünyadan gələn təltiflər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, təhsil sahəsində çalışan və cəmiyyətin tərəqqisinə kömək edən təsisatların tanınması deməkdir”, – deyə Rafael Nadal yazıb.

    2025-ci ilin oktyabrında ona Salamanka Universitetinin fəxri doktoru adı da verilib.

    Qeyd edək ki, R.Nadalın 39 yaşı var. İspaniyalı idmançının hesabında Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirlərində 92 qələbə, o cümlədən “Böyük Dəbilqə” seriyalı turnirlərdə 22 zəfər var. Nadal, həmçinin ikiqat Olimpiya çempionudur. Tennisçi karyerasını 2024-cü ildə başa vurub.