Category: Dünya

  • Danimarkanın baş naziri İSTEFA VERDİ

    Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkisinin yekunlarına əsasən vəzifəsindən istefa verib.

    Bu barədə kral sarayına istinadən “Reuters” agentliyi məlumat yayıb.

    “Danimarka hökumətinin başçısı Mette Frederiksen çərşənbə günü rəhbərlik etdiyi üçpartiyalı koalisiyanın ümumi seçkidə ağır məğlubiyyətə uğramasından sonra krala istefa məktubunu təqdim edib”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, bir müddət əvvəl Frederiksen ABŞ-ni artıq Kopenhagenin ən yaxın müttəfiqi hesab etmədiyini vurğulamışdı.

  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 88 nəfər saxlanılıb

    Türkiyənin 24 vilayətində keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

    Bildirilib ki, saxlanılan şəxslərin terror şəbəkəsi ilə əlaqəli fərdlər və qondarma yardım qurumları vasitəsilə təşkilata maliyyə vəsaiti ötürdüyü müəyyən edilib.

    Məlumata əsasən, şübhəlilər sosial şəbəkələr üzərindən terror təşkilatının təbliğatını aparmaqda da ittiham olunurlar.

    Əməliyyat tədbirlərinin davam etdiyi qeyd olunub.

  • Hücumlar zamanı yaralanan Ali Lider Müctəba Xameneidən XƏBƏR VAR

    “İranın Ali Lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir”.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “India Today”ə verdiyi müsahibədə bildirib.

    “Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə əməl edirlər. Ən əsası isə xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib”, – deyə o bildirib.

    Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran XİN-in nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • İsrail Tehrandakı iki raket zavoduna ZƏRBƏLƏR ENDİRDİ

    İsrailin Hərbi Hava Qüvvələri İrana qarşı həyata keçirilən əməliyyatlar zamanı Tehran şəhərində yerləşən iki raket istehsalı müəssisəsini hədəf alıb.

    Bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi açıqlama verib.

    Məlumatda qeyd olunur ki, vurulan obyektlər birbaşa İran Müdafiə Nazirliyinin tabeçiliyində olub. Həmin zavodlarda əsasən dənizdə yerləşdirilən uzunmənzilli qanadlı raketlərin layihələndirilməsi və istehsalı prosesi həyata keçirilirdi.

  • Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və digər məşhurlar saxlanıldılar

    Türkiyənin məşhur simaları İstanbul Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində “şəxsi istifadə üçün narkotik maddələrin saxlanması” və “narkotik maddələrin istifadəsinə kömək etmək” cinayətlərinə görə saxlanılıblar.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd olunub ki, saxlanılanlar arasında Türkiyənin məşhur simaları – aktrisa Hande Erçel, modellər Güzide Duran və Didem Soydan, Kerim Sabancı və Hakan Sabancı da var.

    “Haber Global” saxlanılan məşhurların tam siyahısını təqdim edib:

    1. Fikret Orman;

    2. Güzde Aksoy (Güzide Duran);

    3. Hakan Sabancı;

    4. Kerim Sabancı;

    5. Hande Erçel;

    6. Burak Elmas;

    7. Sezgin Köysüren;

    8. Ferhat Aydın;

    9. Lütfiye Tuğçe Özbudak;

    10. Koray Serenli;

    11. Onur Bükçü;

    12. İsmail Behram Perinçekli;

    13. Kaan Mellart;

    14. Didem Soydan;

    15. Onur Talay;

    16. Mustafa Tari.

  • İran regionda yeni ittifaq qurur

    İran ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizliyi təmin etmək üçün dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bəyan edib.

    Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.

    “ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı gəlib çatıb”, – deyə Baş Qərargahın verdiyi açıqlamada bildirib.

    İran ordusunun məlumatına görə, regiondakı ölkələr təhlükəsizliyini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən bir dövlətə heç vaxt ehtiyac duymayacaqlar.

    Qeyd olunub ki, İran regiondakı ölkələrin İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymadığına və regional dövlətlərin yalnız torpaqlarında saxlanılan sərvəti gördüyünə inanır.

  • BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

    BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhreyndə İran hücumlarının dəf edilməsi zamanı həlak olub.

    Bu barədə Bəhreyn Müdafiə Nazirliyinin mətbuat xidməti “X” platformasında məlumat yayıb.

    Bildirilib ki, hadisə iki dövlətin birgə əməliyyatı zamanı baş verib.

    Əbu-Dabi şəhər administrasiyasının mətbuat xidməti isə martın 24-də açıqlama verərək bildirib ki, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən zərərsizləşdirilən ballistik raketin qəlpələrinin düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub.

  • Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi

    Məşhur italyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.

    ANSA agentliyi bu barədə mərhumun ailəsinin bəyanatına istinadən xəbər verir.

    C.Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. O, 1934-cü il sentyabrın 23-də sahil şəhəri Monfalkonedə anadan olub.

    C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı “Il cielo in una stanza” mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub, həmçinin “Billboard Hot 100” siyahısına daxil olub. Sənətçinin digər məşhur əsərləri arasında onun vizit kartına çevrilən “Sapore di sale” mahnısı da yer alır.

  • “Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük” – Ərdoğan

    Terrorsuz Türkiyə yarım əsrdir davam edən qanlı bir oyunu pozduğu kimi, terrorizmdən azad bölgədə ideyamız türklər, kürdlər, ərəblər və farslar arasında nifaq divarları qurmaq istəyənlərin planlarını pozub.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Bunu ilk dəfə Suriya şimalındakı hadisələrdə gördük. Birliyimiz və həmrəyliyimiz gücləndikcə, qardaşlığımız möhkəmləndikcə və silah və zorakılıq dövrü sona çatdıqca – mən bunu xüsusilə vurğulayıram – həmişə dediyimiz kimi, qazanan ölkəmiz olacaq, xalqımız və bölgəmizdəki qardaş xalqlar olacaq.

    Heç bir vətəndaşın buna şübhəsi olmasın. Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıqlarımızı görmüşük”, – Türkiyə lideri vurğulayıb.

  • Filippində fövqəladə vəziyyət rejimi elan edildi

    Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən Filippində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu, Filippin Prezidenti Ferdinand Markosun imzaladığı fərmandan irəli gəlir.

    Median.Az bu barədə PNA agentliyinə istinadən xəbər verir.

    Fərmanda qeyd olunur ki, yaranmış vəziyyət enerji daşıyıcılarının tədarükünün kəskin azalması üçün birbaşa təhlükə yaradır və ölkənin enerji təchizatının sabitliyini və adekvatlığını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

    Prezident bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi Filippin hakimiyyətinə ölkə iqtisadiyyatı üçün mümkün fəsadları yumşaltmaqla yanaşı, sabit enerji təchizatını təmin etmək üçün əlaqələndirilmiş addımlar atmağa imkan verəcək.