Category: Dünya

  • Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır

    Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.

    “RTHK”-nin xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

    O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.

    Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

    O əlavə edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.

  • “QatarEnergy” fors-major elan etdi

    “QatarEnergy” şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qazın tədarükü üzrə bəzi uzunmüddətli müqavilələrində fors-major elan edib.

    Median.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

    Daha əvvəl bu cür planlar barədə “QatarEnergy”nin baş direktoru və energetika məsələləri üzrə nazir Səəd bin Şəridə əl-Kaabi xəbərdarlıq etmişdi.

    Əl-Kaabi bildirmişdi ki, İranın zərbələri səbəbindən Qətər ölkənin mayeləşdirilmiş təbii qazı üzrə ixrac güclərinin 17%-ni itirib.

  • İsrail İrana 3 mindən çox zərbə endirib

    İsrail ordusu “Nərildəyən Aslan” (Roaring Lion) hərbi əməliyyatının başlanmasından bəri İrana 3,000-dən çox zərbə endirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X” səhifəsində qeyd edilib.

    Məlumata əsasən, dünən İsrail Müdafiə Qüvvələri (IDF) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda mərkəzlərini, silah anbarlarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

    Gecə ərzində əlavə olaraq 50-dən çox hədəfə zərbə endirilib; bunlara ballistik raketlərin saxlanma və buraxılış məntəqələri də daxildir.

    Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

    İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

    İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

    1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

    Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

  • Rusiya Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb

    Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən Pesçanoye yaşayış məntəqəsini nəzarətə götürdüyünü bəyan edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

    Qurumdan bildirilib ki, sözügedən yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

  • Çexiya tarixinin ən böyük antikorrupsiya əməliyyatı: Hakimlər, oyunçular SAXLANILDILAR

    Çexiya polisi futbolda korrupsiya şübhəsi ilə onlarla şəxsi saxlayıb.

    Bu barədə “Isport” xəbər portalı məlumat yayıb.

    Məlumata görə, polis saxlanılan şəxslərin bukmeyker kontorlarında futbol matçlarına mərc qoymaqla oyunların nəticələrinə təsir göstərməsi ilə bağlı şübhələri araşdırır.

    Xəbərdə bildirilir ki, istintaq, xüsusilə, birinci liqanın və gənclər komandalarının matçlarına aiddir.

    Polis əməliyyat tədbirlərini əsasən ölkənin şərqindəki Moraviyada həyata keçirir.

    Məlumatdan belə aydın olur ki, korrupsiyada şübhəli bilinənlər arasında futbol funksionerləri, hakimlər və oyunçular da var.

    Europol və İnterpolun cəlb olunduğu istintaqı Çexiya Futbol Federasiyası başladıb. Qurumun rəhbəri David Trunda baş verənləri Çexiya futbolu tarixində ən böyük antikorrupsiya əməliyyatı adlandırıb.

  • Türkiyə ordusu şəhid verdi

    Türkiyənin Milli Müdafiə Nazirliyi çavuş Yusuf Açayın ölkənin şərqində həlak olması ilə bağlı məlumat yayıb.

    Median.Az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbçi martın 24-də İranla həmsərhəd olan Ağrı vilayətinin Doğubeyazıt rayonunda hərbi maşının iştirakı ilə baş verən yol qəzasında həlak olub.

    Milli Müdafiə naziri Yaşar Gülər Açayın ailəsinə və yaxınlarına, eləcə də bütün Türkiyə xalqına başsağlığı verib.

  • Simonyan “Artsax” sözü işlədən jurnalistə irad tutdu: “Qarabağ Azərbaycana məxsusdur” – Video

    Ermənistan parlamentinin sədri Alen Simonyan “Qarabağ” əvəzinə “Artsax” sözünü işlədən jurnalistə sərt cavab verib .

    Bu barədə Ermənistan mətbuatında məlumat verilib.

    “Niyə “Artsax” deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?” – deyə spiker media nümayəndələrinə iradını bildirib.

    Simonyandan bir vaxtlar özünün “Artsax” dediyini soruşduqda, spiker belə cavab verib: “Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın”.

    Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: “Qarabağ da Azərbaycana məxsusdur”.

  • Livan İran səfirini arzuolunmaz şəxs elan etdi

    Livan Xarici İşlər Nazirliyi (XİN) İran səfiri Məhəmməd Rza Şeybanini arzuolunmaz şəxs elan edib.

    Bu barədə Livan XİN-in yaydığı bəyanatda bildirilib.

    “Livan dövləti İran səfiri Məhəmməd Rza Şeybaninin namizədliyini təsdiqləməyi geri götürür və onu arzuolunmaz şəxs elan edir”, – deyə bəyanatda qeyd olunub.

    Məlumata görə, iranlı diplomat Beyrutdan martın 29-dan gec olmayaraq ayrılmalıdır.

  • KİV: İran ABŞ ilə danışıqlara gedir

    İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin Vaşinqtonla danışıqların aparılmasını təsdiqlədiyi barədə məlumat verib.

    Bu barədə İsrailin “Ynet” nəşri məlumatlı mənbəyə istinadən iddia irəli sürüb.

    Bildirilib ki, Əraqçı ABŞ tərəfinə İranın irəli sürdüyü tələblərə əməl edilməklə bu prosesin ən qısa zamanda yekunlaşdırılmasında maraqlı olduğunu çatdırıb.

  • Çin ABŞ ilə sualtı müharibəyə hazırlaşır?

    Onlarla Çin tədqiqat gəmisi Sakit, Hind və Şimal Buzlu okeanlarının strateji ərazilərində dəniz dibini xəritələşdirir.

    Bu barədə “Reuters” agentliyinin “Çin ABŞ ilə sualtı müharibəyə hazırlıq zamanı okean dibini xəritələşdirir” başlıqlı məqaləsində qeyd olunub.

    Əldə edilən məlumatların hərbi məqsədlər üçün istifadə oluna biləcəyi bildirilir. Məqalədə qeyd olunub ki, tədqiqat digər məsələlərlə yanaşı, mineral yataqlarının və balıqçılıq sahələrinin tapılmasına da yönəlib. Agentliyə müsahibə verən hərbi dəniz mütəxəssisləri izah ediblər ki, toplanmış məlumatlar əsasında Çin mümkün müharibə ssenarisində sualtı qayıqların döyüş aparacağı sualtı relyefin dəqiq xəritəsini yarada bilər.

    Qeyd olunub ki, Çinə məxsus xüsusilə “Dong Fang Hong 3” tədqiqat gəmisi 2024-2025-ci illərdə Tayvan, Quam və Hind okeanının strateji əraziləri sahillərində patrul xidməti göstərib. Rəsmi məlumata görə, gəmi iqlim tədqiqatları və dəniz dibi çöküntülərinin öyrənilməsi ilə məşğul olur. Lakin agentliyin vurğuladığı kimi, dərinliklərin xəritələşdirilməsi üzrə məlumatlar Çinə öz sualtı qayıqlarından daha səmərəli istifadə etməyə və qarşı qüvvələri daha dəqiq izləməyə imkan yaradır.