Category: Dünya

  • Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib

    Rusiyanın Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğunu qeyd edilib.

    Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən yenidən dayanacaq yerinə yönləndirilib. Söhbət N4-479 reysi ilə Omsk şəhərinə uçmalı olan “Nordwind Airlines” şirkətinə məxsus Boeing 737-800 təyyarəsindən gedir.

    Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 1-də Rusiya hava məkanını pozduqdan sonra 140-dan çox Ukrayna dronu məhv edilib. Bu dronlardan bəziləri Azov və Qara dəniz suları üzərində ələ keçirilib

  • Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: “Cəhənnəm Necati”nin əlaltıları tutuldu

    Türkiyənin hüquq-mühafizə orqanları cinayətkar aləmdə “Köln atası” və “Cəhənnəm Necati” ləqəbləri ilə tanınan Coşkun Necati Arabacının rəhbərlik etdiyi dəstənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığında iştirak etdiyini müəyyənləşdirib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata görə, “Cəhənnəm Necati”nin rəhbər olduğu qruplaşmanın üzvləri narkotik qaçaqmalçılığından qaynaqlanan mübahisələrdə işgəncə və qəsdən adam öldürmə kimi cinayətlərdə də iştirak ediblər.

    Dəstə üçün müntəzəm olaraq pul toplayan və bu vəsaitləri qruplaşmanın fəaliyyətləri üçün istifadə edən şübhəliləri müəyyənləşdirdikdən sonra İstanbul, İzmir və Tuncelidə eyni vaxtda əməliyyatlar keçirilib.

    Proses zamanı 5 şübhəli şəxs saxlanılıb və cinayət yolu ilə əldə olunduğu bildirilən 22 əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki səhmlər də daxil olmaqla təxminən 780 milyon türk lirəsi (təxminən 29.4 milyon manat) dəyərində aktivlər müsadirə edilib.

    Şübhəli şəxslər dindirilmək üçün polis bölməsinə aparılıblar.

    Qeyd edək ki, Türkiyənin İzmir şəhərində saxlanılan Arabacı ilə bağlı ötən ilin noyabrında maraqlı hüquqi proses başa çatıb.

  • Qazaxıstanda bəzi əcnəbilərə “Qızıl viza” veriləcək

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, investorlar və informasiya texnologiyaları üzrə mütəxəssislər dövlət xidmətlərinə çıxışda statusuna görə ölkə vətəndaşlarına bərabər tutulan “Qızıl viza” ala biləcəklər.

    Median.Az mk.ru-ya istinadən xəbər verir ki, “Qızıl vizası” olan əcnəbilər, həmçinin fərdi gəlir vergisinə cəlb edilməyəcək və bir sıra digər öhdəliklərdən azad olunacaqlar.

    Fərman, həmçinin əcnəbilərdən ərizələrin “bir pəncərə” rejimində qəbulu üçün rəqəmsal platformaların yaradılmasını da nəzərdə tutur.

  • 40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir

    Alyaskada mamontlar dövründən bəri dərin donmuş vəziyyətdə qalan qədim mikroblar ərimə prosesindən sonra yenidən “canlanmağa” başlayıb.

    Bu barədə “Daily Galaxy” nəşri məlumat yayıb.

    Alimlərdən ibarət qrup, Tristan Karo rəhbərliyi altında Alyaskanın mərkəzində yerləşən tuneldən daimi donuşluq nümunələri götürüb. Həmin tunelin divarlarında hələ də bizon qalıqları görünür. Tədqiqatçılar torpağı əridərək əvvəllər “ölü” hesab edilən materialın altı ay ərzində davranışını izləyiblər. Məlumata görə, ilk aylarda aktivlik minimal olsa da, daha sonra vəziyyət kəskin şəkildə dəyişib.

    “Bunlar heç də ölü nümunələr deyil. Onlar hələ də üzvi maddələri parçalaya və onu karbon qazı şəklində buraxa bilən aktiv həyatı dəstəkləmək qabiliyyətinə malikdir”, deyə Karo bildirib.

    Təcrübənin diqqətçəkən xüsusiyyəti tuneldə hiss olunan güclü qoxu olub.

    “İçəri daxil olanda ilk hiss etdiyin şey çox xoşagəlməz qoxudur. Uzun müddət havalandırılmamış rütubətli zirzəmi kimi iy verir. Mikrobioloq üçün bu çox maraqlıdır, çünki qeyri-adi qoxular çox vaxt mikrob aktivliyinin göstəricisi olur”, deyə rəhbər əlavə edib.

    Geologiya elmləri professoru Sebastian Kopf isə belə qədim həyatın “oyanmasının” iqlim üçün müəyyən risklər daşıdığını bildirib. Onun sözlərinə görə, çoxlu karbon ehtiva edən donmuş torpaqların əriməsi müasir elmin ən böyük suallarından biri olaraq qalır.

  • Türkiyədə Xomeyninin ölkədə qalması ilə bağlı məxfi sənəd yayıldı

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ölkədə qaldığı dövrlə bağlı məxfi sənədi dərc edib.

    Arxiv sənədinə görə, İran dövlət xadimi 1964-cü il noyabrın 4-dən 1965-ci il oktyabrın 5-nə qədər Türkiyədə, kəşfiyyat orqanlarının nəzarəti altında olub.

    “Tam məxfi” kateqoriyasına və 1964-cü il noyabrın 11-nə aid sənəddə Xomeyninin Bursada yaşadığı, yazışmalarda isə “İran qonağı”nın “Müəyyən” (Belli) kod adı ilə ölkəyə keçdiyi bildirilir.

  • Rusiya da OPEC-dən çıxır? – Rəsmi açıqlama

    Rusiya OPEC+ formatından çıxmaq imkanını nəzərdən keçirmir.

    Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlayıb.

    “Xeyr”, – deyə o, müvafiq suala cavab verib.

    Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarına gəlib.

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 1960-cı ildə ən böyük neft hasil edən ölkələr – Venesuela, İraq, İran, Küveyt və Səudiyyə Ərəbistanı tərəfindən təsis edilib. Birləşmiş Ərəb Əmirliklərinin təşkilatdan çıxmasından sonra 11 ölkə təşkilatda qalacaq. Genişləndirilmiş OPEC+ formatına Rusiya da daxil olmaqla bir sıra digər neft hasil edən ölkələr daxildir.
    //unikal.az

  • Üç yüksək vəzifəli qırğız məmuru dövlət çevrilişinə cəhd edib?

    Üç keçmiş yüksək vəzifəli qırğız məmuru – Milli Təhlükəsizlik Dövlət Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyev, keçmiş deputat Kurmankul Zuluşev və Joqorku Keneşinin keçmiş spikeri Nurlanbek Turqunbek dövlət çevrilişinə cəhddə ittiham olunublar.

    Bu barədə 24.kg nəşri məlumat yayıb.

    Bildirilir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində dindiriliblər. Dindirmələr bir neçə saat davam edib və daha sonra onlar idarənin binasını tərk ediblər.

    “Söhbət kütləvi iğtişaşların təşkili və müstəntiqlərin dövlət çevrilişi cəhdi kimi nəzərdən keçirdiyi hərəkətlərlə bağlı ciddi cinayətlərdən gedir”,- nəşr aydınlaşdırıb.
    //unikal.az

  • Xamenei generalların verdiyi qərarlarla hərəkət edir

    ABŞ və İsrail ilə münaqişə və ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneinin ölümü fonunda İranda həm siyasi, həm də hərbi güc İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) keçir.

    Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

    Nəşr bildirir ki, “Müharibə dövründəki təzyiqlər hakimiyyəti dar və daha sərt daxili dairədə cəmləşdirib. Bu dairə Ali Milli Təhlükəsizlik Şurasında (SNSC), Ali Liderin Ofisində və hazırda həm hərbi strategiyaya, həm də əsas siyasi qərarlara hakim olan İİKK-da kök salıb”.

    Qeyd olunur ki, hazırkı Ali Lider Müctəba Xamenei ölkənin güc strukturunun zirvəsində qalır. Lakin onun rolu əsasən öz əmrlərini verməkdənsə, generalların verdiyi qərarları qanuniləşdirməkdir.
    //unikal.az

  • Yeni pasportlarda Trampın şəkli olacaq?

    ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi şərəfinə Amerika pasportları üçün yeni dizayn üzərində işləyir.

    “The Bulwark” qəzetinin məlumatına görə, sənəddə Donald Trampın şəkli ola bilər.

    25.000 nüsxədən ibarət məhdud sayda nəşr nəzərdən keçirilir. Dizaynda ənənəvi şəkillərin əvəzinə Trampın portretinin və imzasının pasportun içərisinə yerləşdirilməsi təklif olunur.

    Mütəxəssislər bu təşəbbüsü misli görünməmiş addım adlandırırlar, çünki müasir pasportlar adətən hakimiyyətdə olan dövlət başçılarının şəkilləri ilə dizayn edilmir. Plan hazırda yekun təsdiq gözləyir. Trampın portretinin yekun dizayna daxil edilməsi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

  • Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat

    Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.

    Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat verib.

    “Təhlükəsizlik orqanları Krasnodar bölgəsində qətllərdə, iqtisadi cinayətlərdə iştirak edən mütəşəkkil dəstənin liderləri – Ruben Tatulyan (ləqəbi “Robson”) və Vigen Sarkisyana (ləqəbi “Şlyapa”) qarşı başlanmış iş üzrə istintaqı davam etdirirlər. Krasnodarda Sarkisyanın yaxın qohumlarına məxsus üç ünvanda və onun nəzarətində olan notariat kontorunun rəhbəri Yelena Laqodinanın ofisində axtarışlar aparılıb. İstintaqla əlaqəli əşyalar və sənədlər, o cümlədən “Glock” və “PM” tapançaları müsadirə edilib”, – deyə agentliyi məlumatlandıran mənbə bildirib.