Category: Dünya

  • Müctəba Xamenei süni tənəffüs aparatına qoşulub

    İranın yeni Ali Lideri Müctəba Xamenei hava hücumu nəticəsində ağır yaralanıb və hazırda süni tənəffüs aparatına qoşulub.

    Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

    Məlumata görə o, reanimasiyadadır.

    56 yaşlı Xameneini müalicə edən xəstəxana ilə əlaqəsi olan bir mənbə qəzetə verdiyi açıqlamada onun komada olduğunu, ən azı bir ayağını itirdiyini və qaraciyər və mədə zədəsi almış ola biləcəyini bildirib. Bu gün isə eyni mənbə onun vəziyyətinin pisləşdiyini və hazırda süni tənəffüs aparatına qoşulduğunu bildirib.
    //unikal.az

  • Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq

    Bəhreyn və Küveyt fevralın 28-dən bəri qüvvədə olan hava məkanlarında uçuş qadağasını bir daha uzadıb.

    Bu barədə TASS Yaxın Şərq hava hərəkətinin idarə olunması xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

    “Bəhreyn və Küveyt bağlanmanı daha 12 saat – UTC saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 – red.) qədər uzadıblar”, – deyə agentlikdən bildirilib. Bununla belə, mənbə Bəhreynin xüsusi icazələrlə Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa uçuş dəhlizi boyunca bəzi uçuşlara icazə verdiyini vurğulayıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • “Windows 11” üçün vacib dəyişiklik: “Microsoft” yeni qərar verdi

    “Microsoft” şirkəti “Windows Deployment Services” (WDS) aləti vasitəsilə “Windows 11” və “Windows Server 2025” əməliyyat sistemlərinin avtomatik quraşdırılmasının bir üsulunun mərhələli şəkildə dayandırılacağını elan edib.

    Median.Az “Neowin”ə istinadən xəbər verir ki, qərar təhlükəsizlik zəifliyinin aradan qaldırılması ilə bağlıdır.

    Bildirilib ki, həmin zəiflik istifadəçi məlumatlarının sızmasına və zərərli kodun icrasına səbəb ola bilər.

    Məlumata görə, şirkət uzun müddətdir sistem administratorları tərəfindən əməliyyat sistemlərini uzaqdan quraşdırmaq üçün istifadə olunan WDS alətinin təhlükəsizliyini gücləndirməyə başlayıb.

    Problem avtomatik quraşdırma prosesində istifadə edilən “Unattend.xml” konfiqurasiya faylı ilə bağlıdır. Bu fayllar quraşdırma prosesini avtomatlaşdırmaq üçün istifadə olunur və onların tərkibində istifadəçi hesabları və sistem parametrləri kimi həssas məlumatlar ola bilər.

    “Microsoft”un rəsmi sənədlərində qeyd olunur ki, riskləri aradan qaldırmaq üçün təhlükəsiz olmayan kanallar vasitəsilə tam avtomatik quraşdırmaların dəstəyi standart olaraq söndürüləcək.

    Eyni zamanda şirkət vurğulayıb ki, problem “Microsoft Configuration Manager” infrastruktur idarəetmə sisteminə təsir etmir.

  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər

    “Gələcəkdə süni intellektin inkişafı nəticəsində insanların işləməsi məcburi olmayacaq. Buna baxmayaraq, onlar yüksək gəlir əldə edə biləcəklər”.

    Bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkədə yazıb.

    Onun sözlərinə görə, gələcəkdə “ümumi yüksək gəlir” sistemi formalaşa bilər və insanlar işləmədən də təmin olunacaqlar.

    İ.Mask bu fikri sosial şəbəkədə Kaito adlı istifadəçinin süni intellektin ABŞ-də iş yerlərinə təsiri barədə paylaşımına şərh yazarkən bildirib. Həmin paylaşımda “OpenAI”nin həmtəsisçilərindən biri, “Tesla”nın keçmiş süni intellekt və kompüter görməsi üzrə rəhbəri Andrey Karpatinin hazırladığı analizə istinad olunub.

    Araşdırmada ABŞ iqtisadiyyatında 342 peşə süni intellekt və avtomatlaşdırma qarşısında həssaslıq baxımından 10 ballıq sistemlə qiymətləndirilib. Orta göstərici 5.3 bal olub.

    İ.Mask bundan əvvəl də dəfələrlə bildirib ki, süni intellekt və robotlar gələcəkdə demək olar ki, bütün iş yerlərini əvəz edəcək və iş könüllü fəaliyyətə çevriləcək.

    Onun fikrincə, artıq bu ilin sonuna qədər süni intellekt hər hansı bir insandan daha ağıllı olacaq və yaxın beş il ərzində bəşəriyyətin kollektiv zəkasını da geridə qoya bilər.

  • Tramp: “İran razılaşma əldə etməyə çalışır”

    “Tehran və Vaşinqton dialoq aparır, İran tərəfi razılaşma əldə etməyə çalışır”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən belə bir bəyanatla çıxış edib.

    “Biz danışıqlar aparırıq, amma düşünmürəm ki, onlar hazırdırlar. Amma onlar kifayət qədər buna yaxındırlar. Onlar razılaşma əldə edilməsini çox istəyirlər”, – deyə ABŞ lideri bildirib.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Aralıq dənizi akvatoriyasında 4.8 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 10:46-da qeydə alınıb.

    Seysmik hadisənin ocağı 15 kilometr dərinlikdə yerləşib.

    İtki və dağıntı qeydə alınmayıb.

  • SEPAH-ın Lorestandakı qərargahı vuruldu

    İranın Lorestan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum edilib.

    Bu barədə “Əl-Hədəs” televiziya kanalı məlumat verib.

    Kanalın xəbərinə görə, əyalətin mərkəzi Xorrəmabadda yerləşən SEPAH qərargahı bombardman edilib. Hücum nəticəsində dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat verilməyib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Hüccətülislam Tayebi Kanadaya qaçdı – GÖRÜNTÜ

    İranın tanınmış din xadimlərindən biri olan Hüccətülislam Morteza Tayebi Kanadaya qaçıb.

    Median.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, şiə ruhani iyerarxiyasında ayətullahdan aşağı sayılan hüccətülislam dini titulunu daşıyan Morteza Tayebi ailəsi ilə birlikdə Kanadanın Toronto şəhərində yerləşən Pearson beynəlxalq hava limanında görüntülənib.

    Paylaşılan məlumatlarda qeyd olunur ki, Tayebi yaxın vaxtlarda Kanada vətəndaşlığı alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun ailə üzvləri ilə birlikdə hava limanında olduğu iddia edilir.

  • “Müctəba Xameneinin heç bir problemi yoxdur”


    İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumları zamanı İslam Respublikasının bütün rəsmi şəxslərinin sığınacaqlarda gizləndiyi barədə yayılan xəbərləri təkzib edib.

    Əraqçi bunu MSNBC-yə müsahibəsində deyib.

    “Bütün dünya Amerikanın rəsmilərimizin gizlənməsi barədə yalan danışdığını gördü” , – o bildirib və əlavə edib ki, başda İran Prezidenti Məsud Pezeşkian olmaqla digər rəsmi şəxslər də “Beynəlxalq Qüds Günü”nə həsr olunan yürüşə qatılıblar:

    “Onlar tezliklə görəcəklər ki, yeni ali rəhbər (Müctəba Xamenei) üçün heç bir problem yoxdur. O, öz mesajını verdi və Konstitusiyaya uyğun olaraq vəzifələrini icra edəcək”.//Report

  • İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumları nəticəsində yaralananlar arasında azərbaycanlıların da olduğunu açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri martın 14-də İrandan buraxılan 9 ballistik raket və 33 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

    Bildirilib ki, İran hücumlarının başlanmasından bəri BƏƏ-nin HHM sistemləri İrandan buraxılan ümumilikdə 294 ballistik raketi, 15 qanadlı raketi və 1600 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

    Hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları arasında 6 nəfər həlak olub. Bundan başqa, BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya və İsveç vətəndaşları arasında 141 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb.

    BƏƏ MN bəyan edib ki, ölkə istənilən təhlükəni dəf etməyə tam hazırdır və dövlətin təhlükəsizliyini pozmağa yönəlmiş cəhdlərə qətiyyətlə qarşı çıxır.
    Nazirlik həmçinin vurğulayıb ki, ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, eləcə də milli maraqların müdafiəsi üçün bütün zəruri tədbirlər görülür./Musavat