Category: Dünya

  • Yarış atını kəsilib qovurma bişirdilər – İş adamı 132 min cərimə edildi

    Türkiyənin Adana şəhərindəki Yeşiloba hipodromunda yarışan və üç birinciliyi olan 4 yaşlı ingilis cinsli “Smart Latch” adlı yarış atının zədələndikdən sonra kəsilərək ətindən qovurma hazırlanıb xeyriyyə aşxanasında paylandığı iddiası ilə bağlı qalmaqal ortaya çıxıb. 

    Median.Az xəbər verir ki, atın sahibi iş adamı Suat Topçuya da “atın hədiyyə edilməsi barədə rəsmi bildiriş verilməməsi” səbəbi ilə 132 min 108 türk lirəsi (təxminən 5086 manat) məbləğində cərimə tətbiq edildiyi məlum olub.

    Mersin Böyükşəhər Bələdiyyəsinin aşxanasında yemək yeyən bir şəxs qovurmanın içindən yad cismin çıxması ilə bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə şikayət edib. Nazirliyə bağlı Qida və Nəzarət Baş İdarəsinin əməkdaşları araşdırma zamanı yeməkdən çıxan cismin Adana Yeşiloba hipodromunda yarışmış “Smart Latch” adlı atın elektron identifikasiya çipi olduğunu müəyyən ediblər.

    Qida nümunələri laborator analizə göndərilib və nəticədə qovurmanın at ətindən hazırlandığı təsdiqlənib. Araşdırma nəticəsində ətin məhz “Smart Latch” adlı ingilis yarış atına aid olduğu müəyyən olunub.

    Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi martın 12-də açıqladığı saxtalaşdırılmış qida siyahısında Mersin Böyükşəhər Bələdiyyəsinin aşxanasında bişirilən qovurmada təkdırnaqlı heyvan ətinin aşkarlandığını bildirib. Hadisənin ictimaiyyətə məlum olmasından sonra Mersin Böyükşəhər Bələdiyyəsi də açıqlama verərək aşxanada istifadə olunan ətin qanunvericiliyə uyğun şəkildə təmin edildiyini bildirib.

    Atın sahibi, iş adamı Suat Topçu bildirib ki, “Smart Latch” sonuncu dəfə 14 oktyabr 2025-ci ildə Adana hipodromunda yarışıb və həmin yarışı yeddinci yerlə başa vurub. Bundan sonra isə ayağındakı zədə səbəbi ilə yarışlardan çıxarılıb.

    Topçu qeyd edib ki, zədədən sonra atı etibarlı bir yerə hədiyyə etmək üçün axtarış aparıblar və nəqliyyatçı tanışının tövsiyəsi ilə atı Osmaniyədəki bir atçılıq klubuna pulsuz şəkildə veriblər. O, hadisədən yalnız Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşları ona zəng etdikdən sonra xəbər tutduğunu deyib:

    “Onu atçılıq klubuna təhvil vermişdim. Nazirlik əməkdaşları zəng edəndən sonra baş verənləri öyrəndim və sözün həqiqi mənasında sarsıldım. Yaxşılıq etmək istəyərkən belə bir pisliyə səbəb olmaq çox ağır hissdir. Mənə də cərimə yazıldı. Atı hədiyyə etdiyimiz barədə rəsmi bildiriş verməli imişik. 132 min lirə cərimə kəsildi. Biz də, atı təhvil alanlar da ifadə verdik. Nazirliyin başladığı araşdırma hələ də davam edir”.//qaynarinfo

  • Müharibəni dayandırın!

    BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Hizbullah müharibəsinin hərbi yolla həllinin olmadığını bildirərək tərəfləri diplomatiyaya və BMT qətnamələrinin tam şəkildə yerinə yetirməyə çağırıb.

    Median.Az-ın məlumatına görə, bu barədə o, Beyrutda səfəri zamanı açıqlama verib.

    Antonio Quterreş beynəlxalq ictimaiyyəti münaqişəyə son qoymaq səylərini artırmağa çağırıb.

  • “Oleq Bakınski”nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi – YENİ QƏRAR

    Ukraynanın Altıncı Apellyasiya İnzibati Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Həmin qərara görə Ukrayna hakimiyyəti 65 yaşlı Azərbaycan vətəndaşı, Kiyev şəhəri Azərbaycanlıları Konqresinin qurucusu və rəhbəri, “Oleq Bakinski” ləqəbli biznesmen Oleq Krapivinə Ukraynada immiqrasiya icazəsinin və daimi yaşayış hüququnun bərpasını təmin etməli idi.
     

    Median.Az xəbər verir ki, bu qərar martın əvvəli hakimlər kollegiyası tərəfindən qəbul edilib.
     
    Kollegiyanın tərkibinə sədrlik edən hakim Natalya Bujak, eləcə də hakimlər Vitaliy Faydük və Mixail Kobal daxil olub.
     
    Söhbət 2022-ci ilin iyul ayının sonunda Ukrayna Milli Polisinin Strateji Araşdırmalar İdarəsinin təşəbbüsü ilə biznesmenə qarşı tətbiq olunan məhdudiyyətlərdən gedir. Həmin vaxt Krapivinin Ukraynada qalması üçün hüquqi əsaslar ləğv edilib və faktiki olaraq onun ölkədə qalmasına qadağa qoyulmuşdu. O vaxtdan bəri “Krapivin işi” müxtəlif məhkəmə instansiyalarında araşdırılıb və proses uzun müddət Oleq Krapivinin xeyrinə nəticələnməyib. Lakin ötən ilin payızında vəziyyət qismən dəyişib.
     
    Belə ki, Kiyev Dairə İnzibati Məhkəməsi “yeni aşkar edilmiş hallar”a əsaslanaraq Krapivinə sərhədi keçmək üçün faktiki olaraq “yaşıl işıq” vermişdi. Bu qərarın əsas sübutlarından biri Dövlət Təhqiqatlar Bürosunun müstəntiqi Cahangir Həsənovun imzaladığı məktub idi. Həmin sənəddə Kiyev Azərbaycanlıları Konqresinin rəhbərinin 2019-cu ilin yayında Eduard Bağırovla maliyyə mübahisəsi ilə bağlı başlanmış iş üzrə heç bir prosessual statusunun olmadığı bildirilirdi.
     
    Lakin apellyasiya məhkəməsi fərqli nəticəyə gəlib. Məhkəmə qeyd edib ki, Krapivin tərəfinin təqdim etdiyi sübutlar Ukraynanın İnzibati Məhkəmə İcraatı Məcəlləsinin 361-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq “yeni aşkar edilmiş hallar” hesab edilə bilməz.
     
    Nəticədə apellyasiya instansiyası əvvəlki qərarı ləğv edib və bununla da miqrasiya orqanlarının biznesmenə yaşayış icazəsinin və daimi yaşamaq hüququnun bərpası barədə öhdəliyi qüvvədən düşüb.
     
    Qeyd edək ki, “Oleq Bakinski” xuliqanlıq ittihamı ilə Bakıda mühakimə olunub. Bu iş üzrə ona 2 il 6 ay şərti cəza və 6 aylıq sınaq müddəti təyin edilib. Lakin bu ilin yanvar ayında o, amnistiya ilə azad olunub. (Lent.az)

  • Tramp: İran təslim olacaq

    ABŞ prezidenti Donald Tramp ABŞ–İsrail–İran müharibəsində İrana qarşı yeni açıqlama verib.
     
    Median.Az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. O bildirib ki, ABŞ yaxın günlərdə İrana qarşı daha sərt addımlar ata bilər.
     
    “Gələn həftə İrana çox ağır zərbə vuracağıq. Onlar ciddi zərbə alacaqlar”, – deyə Tramp qeyd edib.
     
    ABŞ prezidenti həmçinin Hörmüz boğazında yaranmış vəziyyətə də toxunub. Tramp bildirib ki, bölgədə baş verənlər diqqətlə izlənilir.
     
    “Hörmüz boğazında nə olacağını görəcəyik. Ümid edirəm hər şey yaxşı olacaq. Lazım gələrsə gəmiləri müşayiət edəcəyik”, – deyə o bildirib.
     
    Bu arada “Axios” nəşri yazıb ki, Tramp son saatlarda İranın “təslim olmaq üzrə olduğunu” iddia edib. Nəşrin məlumatına görə, ABŞ prezidenti “Epik Qəzəb” əməliyyatının nəticələri ilə bağlı danışaraq bunun böyük uğur olduğunu bildirib.
     
    Həmçinin iddia olunur ki, Tramp qapalı görüşlərdən birində İran rəhbərliyində vəziyyətin qeyri-müəyyən olduğunu və hazırda ölkədə kimin lider olduğunun dəqiq bilinmədiyini deyib.
     

  • Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların İran tərəfindən təkzib edildiyini bildirib.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bu məsələni İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirə etdiyini, lakin bəzi ziddiyyətli məqamların mövcud olduğunu qeyd edib.

    “İranlı həmkarımla telefon danışığımız oldu. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir, lakin İran tərəfi belə bir hücumun baş vermədiyini bildirir. Müəyyən texniki məlumatlar var. Bu ziddiyyətlər həm diplomatik, həm də hərbi kanallar vasitəsilə müzakirə olunur”, – deyə Fidan bildirib.

    Nazir əlavə edib ki, Türkiyənin əsas prioriteti müharibənin daha da genişlənməsinin və regiona yayılmasının qarşısını almaqdır.

  • İsrailə raket hücumları başladı

    İran İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.
     
    Median.Az
    xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Amma hədəflər və ya atılan raketlərin sayı barədə heç bir məlumat verilməyib.
     
    İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti isə bəyan edib ki, İrandan İsrail istiqamətində raket buraxılışı qeydə alınıb, Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhlükənin aradan qaldırılması üzərində işləyir.
     
    İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatında bildirilib: “Bir müddət əvvəl IDF qüvvələri İrandan İsrail ərazisinə doğru raket buraxılışı qeydə alıb. HHM sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir”.

  • Bu ölkədə matəm elan edildi

    Efiopiyanın cənubunda baş verən güclü torpaq sürüşməsi nəticəsində onlarla insan həyatını itirib.

    Median.Az xəbər verir ki, güclü yağışların səbəb olduğu torpaq sürüşməsi ölkənin Qamo zonasında baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində azı 80 nəfər həlak olub, çoxsaylı insan isə itkin düşüb. Axtarış-xilasetmə işləri hələ də davam edir.

    Faciə qurbanlarının xatirəsinə ölkədə 3 günlük matəm elan edilib. Matəm 15 martdan başlayaraq üç gün davam edəcək./metbuat.az

  • Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü

    Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə daha 8 azərbaycanlı həlak olub.

    Bu barədə tanınmış hərbi ekspert Tofiq Şahmuradov açıqlama verib.

    Ekspertin sözlərinə görə, son günlər cəbhədən gələn məlumatlar azərbaycanlıların bu müharibədə itkilərinin artdığını göstərir.

    Son bir həftə ərzində həyatını itirdiyi bildirilən şəxslər bunlardır:
    • Zülfüqarov Nurlan Şahmar oğlu
    • Məmmədov Hüseyn Hüseyn oğlu (1998-ci il təvəllüdlü)
    • Məlikov Samir Çərkəz oğlu (1997-ci il təvəllüdlü)
    • Rəhimov Rafiq Ənvər oğlu (1983-cü il təvəllüdlü)
    • Qəribov Teymur Əmrah oğlu (1989-cu il təvəllüdlü)
    • Həsənov Sadıx Qabil oğlu (1978-ci il təvəllüdlü)
    • Abdullayev Rəşid Nizaməddin oğlu (1989-cu il təvəllüdlü)
    • Aydoğan Səbahəddin İzzəddin oğlu (2001-ci il təvəllüdlü)

  • İranda 56 nəfər casusluq ittihamı ilə saxlanıldı – YENİLƏNİB

    İranda son 72 saat ərzində aparılan əməliyyatlarda rejim əleyhdarı olan 54 şəxs saxlanılıb.

    Bu barədə İran KİV yazıb.

    Həmçinin bildirilib ki, İsrail və ABŞ üçün əsas hədəflərin coğrafi yerlərini kəşfiyyat xidmətlərinə, əsasən İsrail kəşfiyyat agentliyi MOSSAD-a göndərməkdə və qadağan olunmuş ərazilərdə şəkil çəkərək İran əleyhinə media orqanlarına göndərməkdə ittiham olunan iki nəfər casusluq ittihamı ilə saxlanılıb.

    * * * * *

    İran hakimiyyəti Kerman əyalətində ABŞ və İsraillə əlaqədə şübhəli bilinən 14 şəxsin həbs olunduğunu açıqlayıb.

    Bu barədə İran KİV-ləri yazır.

    Məlumata görə, saxlanılan şəxslər “iğtişaşlar təşkil etmək və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə məşğul olmaq niyyətində olublar”.

  • İraqa səyahət etməyin! – Türkiyə xəbərdarlıq etdi

    Türkiyənin Bağdaddakı səfirliyi İraqa səyahət xəbərdarlığı edib.

    Bu barədə səfirlik yazılı açıqlama yayıb.

    “Vətəndaşlarımız ciddi bir səbəb olmadığı təqdirdə İraqa səyahət etməkdən çəkinməlidirlər”, – açıqlamada qeyd olunub.

    Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda başlatdığı müharibə qarşılıqlı hücumlarla davam etdikcə, İraq da İrandan atılan raket və dronların hədəfinə çevrilir.