Category: Hadisə

  • Xarici vətəndaş “KamAZ”ın altında qaldı

    Bakıda baş verən yol qəzasında Gürcüstan vətəndaşı ölüb.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, martın 2-də saat 15 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Gəncədə 51 yaşlı qadın pəncərələri silərkən yıxılaraq dünyasını dəyişib

    Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

    İlkin məlumata görə, Elbəniz Quliyeva Şəmi qızı evdə pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır. (APA)

  • Göyçayda bədbəxt hadisə – Körpə qaynar süd qazanına düşdü

    Göyçay şəhərində 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, valideynlərinin nəzərətindən uzaq olan 2 yaşlı Kazımova Məryəm içərisi qaynar südlə dolu qazana düşüb.

    Nəticədə körpə ağır yanıq xəsarətləri alıb.

    Körpə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Baş redaktor dəm qazından boğularaq ölüb

    Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, “Femida.az” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

    E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

    Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

  • “25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü” – Hadisənin şahidi danışdı

    Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

    Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:

    “Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.

    Qeyd edək ki, baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.

  • Bakıda Narkoloji Mərkəzdə güclü yanğın başlayıb: Ölən var – FOTO + VIDEO

    Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

    Median.Az-in FHN-ə istinadən verdiyi məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də “təcili tibbi yardım” briqadaları cəlb olunub.

    Yanğın zamanı 1 nəfər ölüb.

    “Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

    Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.



  • 35 yaşlı Gəncə sakini özünü yandırıb

    Gəncə şəhər sakini intihara cəhd edib.

    Şəhər sakini, 1983-cü il təvəllüdlü Əsgərov Zaman Şamil oğlu Cavadxan küçəsində üzərinə neft tökərək özünü yandırıb. Sifətin, yuxarı tənəffüs yollarının və əllərin termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Z. Əsgərovun vəziyyətinin kafi olduğu deyilir.
    Faktla bağlı araşdırma aparılır. (APA)

  • Binadan düşən fasad şüşəsi azərbaycanlı məktəblini doğradı – VİDEO

    Tbilisinin Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. APA TV-nin məlumatına görə, uşaqlardan biri azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimlərin sözlərinə görə, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb.

    Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən daha üçünün azərbaycanlı olduğu məlum olub. Uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacağı gözlənilir.

    Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

  • Dördüncü sinif şagirdi intihar edib

    Zaqatalada IV sinif şagirdi intihar edib.

    Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

    Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib.

    İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

    Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin IV sinif şagirdi idi.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

  • Bakıda vəzifəli şəxsin valideynləri eyni vaxtda vəfat etdi (FOTO)

    Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor əvəzi Gülşən Paşayevanın valideynləri vəfat edib. 

    Median.Az lent.az-a istinadən xəbər verir ki, dünən Gülşən Paşayevanın atası, professor Məmmədəli Paşayev 91 yaşında dünyasını dəyişib. Bundan bir neçə saat sonra isə alimin həyat yoldaşı, G.Paşayevanın anası Şərgiyyə Paşayeva rəhmətə gedib.