Category: Hadisə

  • FHN yanğın yerinə susuz gəldi – VİDEO

    Qəbələ rayonu Laza kənd məktəbində baş vermiş yanğın zamanı FHN işçilərinin yanğına sadəcə seyr etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Hadisənin videosunu Royad Farmanov adlı istifadəçi öz Facebook səhifəsində paylaşıb.

    Görüntüləri lentə alan şəxs iddia edir ki, yanğınsöndürənlər hadisə yerinə susuz gəliblər.

    Öz növbəsində videoya şərhlərdə bəzi istifadəçilər hadisəni yanğınsöndürən maşınlarının suyunun qurtarması, digərləri texniki nasazlıqla əlaqələndiriblər./oxu.az

  • Övladları ilə görüşə bilməyən kişi intihar edib

    Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən intihar hadisəsi baş verib.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, 1978-ci il təvəllüdlü Seyidov İbrahim Əbdüləziz oğlu Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqla ürək nahiyəsinə zərbə vurub.

    Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə korpusuna, əməliyyat olunduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Seyidov ayıldıqdan sonra xəstəxananın 4-cü mərtəbəsində pəncərəyə çıxaraq özünü oradan yerə atıb. Kişi hadisə yerində dünyasını dəyişib.

    İntihara İ.Seyidov ilə keçmiş həyat yoldaşı arasında mübahisə səbəb olub. Onlar bir müddət öncə boşanıb. İ.Seyidov dəfələrlə azyaşlı uşaqlarını görmək istəsə də, buna nail ola bilməyib və sonda intihar etmək qərarına gəlib.

    Mərhum bu sözləri intihara cəhd etdikdən sonra yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilərkən həkimlərə deyib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yandı

    Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.

    Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.

    Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

  • Bakıda ana və iki uşağını maşın vurub

    Bakıda yük maşını ana və iki uşağını vurub, sürücü hadisə yerindən qaçıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb.

    Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub.

    Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

    A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

  • Bakıda gənc intihar etmək istədi – VİDEO

    Bakıda bir nəfər şəxs intihara cəhd edib.

    Vətəndaş Həzi Aslanov metrostansiyasının yanında yerləşən yeni tikilidə intihara cəhd edib.

  • Yevlaxda 17 yaşlı nişanlı qız intihara cəhd edib

    Yevlax şəhərində özünü körpüdən kür çayına atan nişanlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb. Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib. 

    B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. 

    Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda 22 yaşlı oğlan nişanlısına mesaj yazıb, özünü öldürdü- TƏFƏRRÜAT

    Göyçay rayonunda 23 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Veysəlli kəndində yaşayan 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq “salamat qal, mən getdim” sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.

    Yaxınlarının bildirdiyinə görə, gənc oğlanın asılı vəziyyətdə qalmış meyitini atası tövlədə tapıb. Onun 2 ay sonra toyu olacaqmış.

    Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.(lent.az)

  • Bakıda şadlıq sarayının qarşısında faciə: ölən var

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Badamdar şosesində – “Bəyoğlu” şadlıq sarayının qarşısında naməlum avtomobil 1972-ci il təvəllüdlü Davudov Azər Akif oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

    Hazırda qəzanı törədən avtomobilin və sürücüsünün müəyyənləşdirilərək saxlanması istiqamətində iş aparılır.

    Faktla bağlı cinayət işi açılıb.

  • Sumqayıtdakı faciə ilə bağlı – RƏSMİ MƏLUMAT

    Respublika Baş Prokurorluğu Sumqayıtda altı nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən oxu.az-a verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən, dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

    Hazırda hadisənin başvermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

  • Sumqayıtda bir evdən altı meyit çıxarıldı – YENİLƏNİB

    Sumqayıtda bir ailənin altı üzvünün faciəvi ölümünün təfərrüatı məlum olub.

    1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

    Araşdırma zamanı məlum olub ki, Hüseynovlar ailəsi beşinci məhəllə adlı ərazidə, zirzəmidə yaşayıblar.

    Hamam otağında olan qızdırıcı cihazda yaranan qaz sızması faciənin baş verməsinə səbəb olub.

    * * * * *

    Sumqayıtda bir evdə altı nəfərin meyiti tapılıb.

    Bu haqda oxu.az-a Sumqayıt Şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev məlumat verib.

    O bildirib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

    “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Ölüm səbəbi isə araşdırmadan sonra bilinəcək”, – deyə P.Əliyev sözlərinə əlavə edib.

    Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Qafqazinfo.az saytı yayıb.