Category: İdman

  • Azərbaycanlı futbolçu Ermənistan klubuna qarşı

    Millimizin futbolçusu Pavel Paşayev ermənilərə qarşı oynayacaq.

    Onun çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubu Bolqarıstanda təlim-məşq toplanışı zamanı üç yoxlama oyunu keçirəcək.

    Futbolçumuzun formasını geyindiyi komandanın rəqiblərindən biri Ermənistanın “Qandzasar” klubu olacaq.

  • Bu idman qidasından istifadə etməyin – XƏBƏRDARLIQ

    Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qidaları və bioloji fəal əlavələri qəbul edən iki idmançının nümunələrində qadağan edilmiş anabolik maddələr aşkar edib.

    Onlarda metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri aşkarlanıb.

    İdmançı Azər Əhmədov (atletika) 18 aylıq, idmançı Rüfət İsmayılov (cüdo) isə 12 aylıq diskvalifikasiyaya məruz qalıb. Antidopinq qaydalarına əsasən, ilkin olaraq hər iki idmançıya dörd illik diskvalifikasiya tətbiq edilsə də, AMADA-nın təşəbbüsü ilə keçirilən təhqiqat nəticəsində cəza müddəti azaldılıb.

    Beləliklə, R.İsmayılovun diskvalifikasiya müddəti 2018-ci il 22 may tarixində başlayıb və 2019-cu il 22 may tarixində bitib, Azər Əhmədovun cəza müddəti isə 2017-ci il 23 noyabr tarixində başlayıb və 2019-cu il 23 may tarixində bitib.

    AMADA-nın araşdırması zamanı məlum olub ki, nümunələrdə dopinqin aşkar edilməsi idmançılar tərəfindən qida əlavəsinin istifadəsi ilə bağlıdır. İdmançıların izahatına əsasən, onlar “Mega Sport” şirkətinin istehsalı olan “AMINO Hardcore” əlavələrini qəbul ediblər.

    İdmançılardan götürülmüş qida əlavəsi qutularının üzərində onun tərkibinə qadağan edilmiş maddələrin daxil olması haqqında məlumatın olmamasını nəzərə alaraq, AMADA həmin qida əlavələrini Köln şəhərində yerləşən və WADA (Dünya Antidopinq Agentliyi) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndərib.

    Antidopinq qaydalarına əsasən, idman qidaları və bioloji fəal əlavələr yalnız qeydiyyata alınmış antidopinq qayda pozuntusunun araşdırması zamanı müayinə üçün laboratoriyaya göndərilir.

    Müayinə nəticəsində həmin qida əlavələrinin metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri ilə kontaminasiya olunduğu müəyyən edilib.

    Bununla bağlı AMADA xəbərdarlıq edir ki, idman qidaları və bioloji fəal əlavələrinin idmançılar tərəfindən istifadəsi onlarda dopinqin aşkarlanmasına gətirib çıxara bilər. Həmçinin idman qidası və bioloji fəal əlavələrinin istehsalçısının öz məhsulunun tərkibi haqqında natamam və ya yanlış məlumat göstərməsi mümkündür. Amma bu, qida əlavəsini qəbul edən idmançıları dopinq testinin müsbət çıxacağı halda məsuliyyətdən azad etmir.
    /oxu.az/

  • “Makqreqor Həbibi heç vaxt uda bilməyəcək” – Tayson

    “Düşünürəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri əfsanəvi boksçu Mayk Tayson Ukraynanın paytaxtı Kiyevdə keçirilən mətbuat konfransında MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqoru müqayisə edərkən deyib.

    O, Nurməhəmədovun daha güclü olduğunu və Makqreqorun heç vaxt bu rəqibə qalib gələ bilməyəcəyini bildirib: “Ancaq bu görüşün ətrafında ajiotajın səbəbkarı Makqreqordur. Məncə, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. Ümumiyyətlə, o, heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.

    Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.

  • Qrizman rəsmən “Barselona”da

    “Barselona” Antuan Qrizmanı Madridin “Atletiko” komandasından 120 milyon avroya transfer edib.

    “Mundodeportivo” xəbər verir ki, artıq futbolçu ilə müqavilə imzalanıb.

    Razılaşmanın müddəti beş illikdir, yəni 2024-cü ilin yayınadək.

    A.Qrizmanın müqaviləsindəki dəbbə pulu isə 800 milyon avro təşkil edəcək.

  • Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumata görə, yubiley medalı ilə təltif olunanlar arasında Olimpiya, Paralimpiya, dünya və Avropa çempionu adına yiyələnmiş 27 idmançı və idman veteranı da var.

    Belə ki, karyerasını indi davam etdirənlərdən karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Şərif Şərifov, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və boksçu Məhəmmədrəsul Məcidov bu mükafata yiyələniblər.

    Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina, Rəfiqə Şabanova (hər ikisi həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Fariz Nəcəfov (şotokan karate), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

  • Makqreqor Nurməhəmmədovla döyüşə görə nə qədər qazanıb?

    Qarışıq üslublu (MMA) döyüşçü Konor Makqreqor 2018-ci ildə təqribən 47 milyon dollar qazanıb.

    “Sports.ru” xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesabatında deyilir.

    Keçmiş UFC çempionu dağıstanlı Həbib Nurməhəmmədovla keçirdiyi döyüşə görə təqribən 30 milyon dollar (zəmanətli qonorar və ödənişli yayımlara görə bonuslar) əldə edib.

    İrlandiyalı, həmçinin “Reebok” ilə müqavilə üzrə beş milyon dollar qazanıb. “Proper” viskisinin satışından əldə edilən gəlirlər də ümumi qazanca daxil edilib.

  • Bakıda keçirilmiş İslamiadanın qalibində dopinq tapılıb

    Azərbaycanın beş idmançısı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.

    Bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

    Bunlardan 2017-ci ildə Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində fərdi və IV İslam Həmrəyliyi Oyunlarında komanda şəklində qalib olmuş cüdoçu Rüfət İsmayılovun cəzası bir illik olub və artıq onun cəzası mayın 22-də başa çatıb.

    Onun həmkarı Aliyə Müslümovada cəza iki illikdir. Aliyənin cəzasının müddəti 11 aprel 2021-ci ildə bitəcək.

    Atlet Azər Əhmədov təxminən ilyarımlıq cəzalandırılıb. Onun da cəzası bu ilin 23 mayında başa çatıb.

    Bunlardan ən məşhur idmançılarımızdan olan Kiril Pozdnyakovdur. 2017-ci ildən velosiped yarışlarında Azərbaycan adından çıxış edən rusiyalı iki illik cəzaya məruz qalıb. Onun cəzası 11 maydan hesablanır və sanksiyasının son altı ayı sınaq müddəti olacaq.

    Ağırlıqqaldıran Orxan Zeynalov isə ən ağır cəzanı alıb. Orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün o, dörd illik cəzalandırılıb. Onun cəzası 7 mart 2023-cü ildə başa çatacaq.
    /oxu.az/

  • “Neftçi”nin baş məşqçisi: Səhvlərdən nəticə çıxarmağa çalışırıq

    Bir müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtlarım keçib.

    “Neftçi”nin rəsmi “Facebook” hesabının yaydığı xəbərə görə, bu sözləri klubun baş məşqçisi Roberto Bordin deyib.

    İtaliyalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 11-i Bakı vaxtı ilə saat 21:00-da “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu öncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

    R.Bordin rəqibin gücünü qabardıb: “Şerif”lə yaxşı uğurlar qazanmışam. Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Buna görə də bu ölkəyə tez gəlmişik ki, daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır”.

    İtaliyalı mütəxəssisin KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Komandanı yaxşı kökləmişik. Moldovada çempionat davam etdiyi üçün rəqibin fiziki durumu daha yaxşı ola bilər, amma biz də normal toplantı keçmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Hər biri çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin. Bura qələbə dalınca gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Baxmayaraq ki, bəzi mövqelərdə dəyişiklər olub, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. “Sperantsa” evdə oynadığı üçün ola bilər ki, ilk dəqiqələrdən pressinq tətbiq edə. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Hər dəfə olduğu kimi çalışacağıq gözəl oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirək. İnanıram ki, sonda qələbəni birlikdə qeyd edəcəyik. Azarkeşlərimiz keçən mövsümdə olduğu kimi hər zaman bizi dəstəkləyib. Bu da bizə əlavə motivasiya verir”.

  • Nazim Babayev ikinci dəfə Universiadanın qalibi oldu

    Azərbaycan Universiadada dördüncü medalını qazanıb.

    Üçtəkanla tullanma üzrə atletimiz Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

    Avropa çempionumuz 16.89 metrə tullanmaqla ikinci dəfə Universiadanın qalibi adını qazanıb.

    Qeyd edək ki, daha əvvəl idman gimnastımız Marina Nekrasova qızıl, cüdoçumuz Hidayət Heydərov gümüş və cüdo millimiz bürünc medal qazanıb.

  • Qurban Qurbanov: Rəqibin müdafiədə oturacağını gözləmirdik

    Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik.

    “Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

    Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Partizani” ilə qarşılaşan Ağdam klubunun çalışdırıcısı 0:0 hesablı bərabərliklə bitən oyunu şərh edib.

    O, albanların intizamlı oynadığını deyib: “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşlərinin önündə nə isə etməyə çalışmalı idilər. “Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik”.