Category: İdman

  • Veteran futbolçumuz vəfat edib

    “Neftçi”nin 59 yaşlı veteran futbolçusu Ələddin Ələkbərov dünən vəfat edib.

    Oxu.Az xəbər verir ki, Ə.Ələkbərov 1980-1984-cü illər ərzində paytaxt klubunun heyətində yarımmüdafiəçi mövqeyində 64 oyun keçirib, iki qol vurub.

    Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün saat 15:00-da Biləcəri qəsəbəsində olacaq.

  • UEFA “Trabzonspor”u avrokuboklardan kənarlaşdırdı

    UEFA-nın Klublara maliyyə nəzarəti üzrə məhkəmə palatası instansiyası Türkiyənin “Trabzonspor” komandasının 20 may 2016-cı ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyini bildirib.

    UEFA-nın rəsmi saytında bildirilir ki, bununla əlaqədar qurum “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakının dayandırılması barədə qərar verib.

    Qeyd olunub ki, klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturizasiyası üzrə yeni milli qaydaları tətbiq etdiyi və maliyyə monitorinqi ilə yanaşı, 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirdiyi təqdirdə cəza aradan qaldırılacaq.

  • “Atletiko” və “Barselona” arasında Qrizman davası

    Madridin “Atletiko” komandasının rəhbərliyi Antuan Qrizman və Kataloniya “Barselona”sını hörmətsizlikdə ittiham edib.

    Lenta.ru məlumat verir ki, klubun mövqeyi rəsmi saytında dərc olunub.

    Madridlilər hesab edirlər ki, kataloniyalılar hələ mövsüm bitməmiş A.Qrizmanla fərdi müqavilənin detallarını müzakirəyə başlamaqla oyunçularla danışıqlar dövrünün şərtlərini pozublar. Buna görə də “Atletiko” “Barselona”ya oyunçunun transferi üçün ödənişə əlavə vaxt verməkdən imtina edib, forvardın özünü isə mövsümöncəsi hazırlıqlara çağırıb.

    “Bu press-relizdə “Atletiko” başda “Barselona” olmaqla, hər iki tərəfin rəftarına ikrahla yanaşdığını bildirmək istəyir. Belə ki, klub oyunçunu hələ mövsüm bitməmiş “Atletiko” ilə müqaviləni pozmağa təşviq edirdi”, – deyə madridlilərin bəyanatında bildirilir.

    Qeyd edək ki, iyunun 28-də “Barselona” A.Qrizmanın 120 milyon avroya transferi barədə razılıq əldə etdiyini bildirmişdi.

  • Millimiz Avroliqada mübarizəyə başlayır – İlk rəqib Rusiyadır

    Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Avroliqada (Avropa Çimərlik Futbolu Liqası) ilk görüşünə çıxacaq.

    Zeynal Zeynalovun baş məşqçisi olduğu millimiz Portuqaliyanın Nazare adlı bölgəsində ilk görüşünü Rusiya ilə keçirəcək.

    II Avropa Oyunlarında zəif çıxışla yadda qalan rusiyalılar Minski VI sırada tamamlayıb. Şimal qonşularımız Portuqaliyaya ikinci heyətlə gəlib. Bu səbəbdən komandamızın çətin rəqibi ilə görüşdən müsbət nəticə ilə ayrılmaq ehtimalı var.

    Görüş bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

    Qeyd edək ki, millimizin II qrupdakı digər rəqibləri İspaniya və Türkiyə yığmalarıdır.
    /oxu.az/

  • Marselo qərarını verdi – “Real”dan gedir

    Marselo şərəfini qoruduğu “Real”dan ayrılmağa qərar verib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi bu qərarını rəhbərliyə bildirib. Marselo başqa kluba transferi üçün ona problem yaradılmamasını istəyib.

    Xəbərdə 31 yaşlı oyunçu ilə “Arsenal”, “Yuventus”, PSJ və “Milan”ın maraqlandığı iddia olunub.

    Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatır

  • “Araz”ın futzal üzrə ÇL-də rəqibləri müəyyənləşdi

    Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, Naxçıvanın “Araz” klubu mübarizəyə əsas qrup mərhələsindən başlayacaq.

    2-ci qrupda qərarlaşan təmsilçimizin rəqibləri – “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları olacaq.

    Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.

  • Cüdoçularımız Universiadada mübarizəyə qoşulur

    İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında bu gün cüdo yarışlarına start verilir.

    Bu gün millimizdən ilk olaraq iki legionerimiz mübarizəyə qoşulacaq.

    Bunlar Əliömər Tumayev (-90 kq) və Rüstəm Kotsoyevdir (+90 kq). Dağıstanlı legionerlərimizin rəqibləri müvafiq olaraq çexiyalı Yirji Petr və meksikalı Aleksis Cared de Leon Santyaqodur. Hər iki idmançı mübarizəyə 1/16 finaldan qoşulacaq.

    Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan bu Universiadada 18 idmançı ilə təmsil olunur.
    /oxu.az/

  • “Qarabağ” “Ştutqart”ın futbolçusunu heyətinə qatdı – FOTO

    Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb.

    Ağdam komandası sol cinah müdafiəçisi Aylton Fereyra Silvanı heyətinə qatıb.

    Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

    Qeyd edək ki, bu futbolçu 2015/2016 mövsümündə Azərbaycanda oynayıb. O, “Neftçi”də çıxış edərkən bu komanda ilə 39 oyun keçirib və üç qol vurub. 2017-ci ilin iyulunda Almaniyanın köklü klublarından olan “Ştutqart”la dörd illik müqavilə bağlamış Ailton Bundesliqada cəmi beş matç keçirə bilib.

    Daha sonra o, Portuqaliyanın “İşturil” və “Braqa” klublarına icarəyə verilib. Lakin sambaçı ötən mövsüm Portuqaliya klubunun əsas komandası ilə iki, ikinci komandası ilə bir matç keçirmək hüququ əldə edib.

    Xatırladaq ki, “Qarabağ” daha əvvəl ispaniyalı vinger Xayme Romeronu heyətinə qatmışdı.

    /oxu.az/

  • Universiada başlayır: İtaliyada Azərbaycan bayrağı qaldırılacaq

    Bu gün İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası start götürəcək.

    Oxu.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Məmmədovun rəhbərliyi altında artıq adıçəkilən şəhərdədir.

    Azərbaycan millisi Universiadada olan 15 idman növündən yalnız beşində təmsil olunacaq. 18 idmançımız həmin yarışda iştirak edəcək.

    Taekvondo: Ayxan Tağızadə, Əli Məmmədov, Məhəmməd Məmmədov, Fəridə Əzizova, Həşim Məhəmmədov;

    Gimnastika: Marina Nekrasova, İvan Tixonov (hər ikisi idman gimnastikası), Zöhrə Ağamirova (bədii gimnastika);

    Cüdo: İbrahim Əliyev, Murad Fətiyev, Hidayət Heydərov, Rüstəm Kotsoyev, Günel Həsənli;

    Qılıncoynatma: Xalid Əliyev, Fərrux Səfərov, Cavanşir Ağakişiyev;

    Atletika: Nazim Babayev, Zəkiyyə Həsənova.

    Bu gün Bakı vaxtı ilə saat 13:00-da Neapoldakı Atletlər kəndində Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraq qaldırma mərasimi olacaq. Saat 23:00-da isə Universiadanın açılış mərasimi başlayacaq.

    Qeyd edək ki, Yay Universiadası 3 iyul – 14 iyul tarixlərində keçiriləcək.

  • Hər hücumçunun əsas hədəfi rəqib qapısıdır – Ramil Şeydayev

    Rusiyada komandasını dəyişərək “Krılya Sovetov”dan “Dinamo”ya keçən Ramil Şeydayev yeni klubunun rəsmi saytına açıqlama verib.

    O, əsas hədəfinin rəqib qapısı olduğunu bildirib: “Əfsanəvi kluba Premyer Liqada yaxşı yer tutmaq və avrokuboklara yüksəlmək üçün kömək etmək istəyirəm. Danışıqlar çox uzun çəkmədi. Valideynlərimlə danışdım, bir az düşündüm və buradayam. Qarşıma hansısa xüsusi məqsəd qoymamışam, hər bir hücumçunun əsas hədəfi rəqib qapısıdır. Arzum qollarım və ötürmələrimlə “Dinamo”nu irəli aparmaqdır”.

    Qeyd edək ki, R.Şeydayev “Dinamo” ilə bir illik müqavilə imzalayıb.