Category: İdman

  • Messi Ronaldu ilə münasibətlərindən danışdı

    “Barselona” klubunun hücumçusu Lionel Messi “Real”ın forvardı Kriştianu Ronaldu ilə olan münasibətləri haqqında danışıb.

    Bu barədə argentinalı ulduzun sözlərinə əsasən “Tribal Football” saytı məlumat yayıb.

    “Dostluq – illər ərzində qurulur. Ronaldu ilə heç bir münasibətim yoxdur. Bir-birimizi yalnız mükafatlandırma mərasimlərində görürük, söhbətləşirik. Hər şey qaydasındadır. Bununla belə, yollarımız o qədər də tez-tez kəsişmir”, – deyə Messi bildirib.

    Yanvarın 22-də Ronaldo “Barselona” klubundan olan həmkarını “pis oyunçu” adlandırmışdı. İspaniya çempionatının oyunlarından birində, matçdan əvvəl futbolçunu yaşıl meydana müşayiət edən uşaq portuqala “Sən mənim üçün dünyanın ən yaxşısısan, Messi isə…” demişdi. Ronaldu uşağın cümləsini özü tamamlamaq qərarına gəlmiş və “ Messi isə pis futbolçudur” ifadəsini işlətmişdi./oxu.az

  • Qurban Qurbanovun millidə ilk heyət açıqlaması

    Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

    Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib.

    Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. Bu, Qurban Qurbanovun millinin baş məşqçisi postunda açıqladığı ilk heyətdir.



  • Dünyaca məşhur hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı – VİDEO

    Dünyanın ən prestijli hakimlərindən olan Mark Klattenburq Səudiyyə Ərəbistanında verdiyi qərarı ilə dünyanı şoka salıb. 

    Baku.ws-in məlumatına görə, oyunun baş hakimi matçı dayandırıb. Səbəb isə matç zamanı azan oxunması olub. 

    Hadisə “Al Feiha” və “Al Fateh” komandalarının oyunu zamanı baş verib. Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb. 

    Qeyd edək ki, nəticədə “Al Feiha”nın futbolçusu qarşılaşmanın 118-ci dəqiqəsində qol vuraraq komandasına qələbə qazandırıb. 

  • Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı – İdmançını qovdular – ÖZƏL

    Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, milli komandanın üzvü Rövşən Fətullayev sonuncu respublika çempionatından sonra dopinqdə ilişib. Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının testi Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib.

    Saytımıza verilən məlumatda o da bildirilir k, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası bu gün Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.

  • İki futbol klubumuz avrokuboklardan imtina etdi

    Növbəti mövsüm iki futbol klubumuzun avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.

    Median.Az-a “Kəpəz” klubundan verilən məlumata görə, Gəncə təmsilçisi 2018/2019 mövsümündə avrokuboklarda iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməyib.

    Buna səbəb komandanın Premyer Liqada autsayder olmasıdır. Hazırda “Kəpəz” turnir cədvəlində yeddi xalla sonuncu pillədədir. Komandanı avrokuboklara vəsiqə verən IV pillədən 13 xal ayırır. Üstəlik, “Kəpəz” Avropa Liqasına vəsiqə verən ölkə kubokunda mübarizəni dayandırdığından klub avrokuboklar üçün lisenziya almağın mənasız olduğu və buna görə də ora müraciət etməmək qərarına gəlib.

    Qeyd edək ki, növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşmiş olan klub “Səbail”dir. UEFA qaydalarına görə, klub yaranmasından üç il keçdikdən sonra avrokuboklarda iştirak edə bilər. “Səbail” isə 2016-cı ildə yaradılıb.

  • Suares azərbaycanlı rəssamın əsərlərini aldı – VİDEO

    Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi üsulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

    Median.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, o, ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

    İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırladığını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.
    Lalə Əsgərovanın sözlərinə görə, millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı, dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu Suares də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

    Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. O, bu iş vaxt aparan və səbir tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.

  • Şəhriyar Məmmədyarov superturnirdə lider oldu

    Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir. 

    V turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.

    O, ağ fiqurlarla oynadığı partiyada reytinqcə turnirin ikinci şahmatçısı olan Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi 42-ci gedişdə təslim olub.

    Bu nəticədən sonra xalını 3,5-ə çatdıran “Şah” liderlər qrupunda yer alıb. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qiri (Hollandiya) ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

    Qeyd edək ki, bu gün turnirdə fasilə olacaq. Sabah baş tutacaq VI turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Adhiban Baskaranla qarşılaşacaq./oxu.az

  • İlham Zəkiyevə yeni vəzifə verildi

    Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

    Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

    İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.

  • Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

    “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktor Sazi” klubunun baş məşqçisi təyin edilib.

    Bu barədə İran mətbuatı məlumat yayıb.

    68 yaşlı mütəxəssis Təbriz klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Təcrübəli çalışdırcının altı aylıq əməkhaqqı 400 min dollar olacaq.

    Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Asiya Çempionlar Liqasında mübarizə aparan komanda İran çempionatında 21 xalla XI pillədə qərarlaşıb. 

    Xatırladaq ki, Mustafa Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” olub. O, İranda “Pas” və “Perspolis” klublarını da çalışdırıb.

  • Azərbaycanlı futbolçu həbs olundu – 750 manat hesaba görə

    İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, adıçəkilən şəxslər kafedə yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib. 

    M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

    Məhərrəm Məhərrəmov “İnter” komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Onlar apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses yanvarın 29-da davam etdiriləcək.