Category: İqtisadiyyat

  • Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

    Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Belə ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.

    Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

    Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

  • Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb

    2026-cı ilin yanvar ayında Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlərdə artım qeydə alınıb.

    Valyuta.az xəbər verir ki, cari ilin yanvar ayında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, təxminən 56,1 milyon manat təşkil edir.

    Ötən ilin eyni dövründə isə qızıl ixracından əldə olunan gəlirlər 21,1 milyon ABŞ dolları və ya təxminən 35,87 milyon manat olub.

    Beləliklə, illik müqayisədə qızıl ixracından əldə olunan gəlirlər 11,9 milyon ABŞ dolları və ya 56,39% artıb.

    Qeyd edək ki, Azərbaycanın qızıl istehsalında da azalma qeydə alınıb.

    Belə ki, 2026-cı ilin yanvar ayında ölkədə 207,8 kiloqram qızıl istehsal edilib. Bu göstərici ötən ilin eyni dövründə 236,2 kiloqram təşkil edib.

    Beləliklə, illik müqayisədə qızıl istehsalı 28,4 kiloqram və ya 12,02% azalıb.

  • Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə “Azros-PL” MMC-nin qanuni təmsilçisi Əmirova Ruziyə Mehti qızı arasında qalmaqal yaşanır.

    Qaynarinfo-nun məlumatına görə, qalmaqalın kökündə Ruziyə Əmirovanın rəhbərlik etdiyi şirkətin dövlət büdcəsinə 5 068 294,16 manat borcu yaranması dayanır.

    Həmin borc ödənilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. İdarə ərizəsində xanım sahibkarın ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını tələb edib.

    Birinci instansiya məhkəməsi qurumun ərizəsini təmin etməyib. İdarə qərardan apelyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Məhkəmələrin bu mövqeyinə səbəb tərəflər arasında bu məsələ ilə bağlı çoxsaylı məhkəmə çəkişmələrinin olması ilə bağlıdır.

    Ruziyə Əmirovanın nümayəndəsi iddia edib ki, hüquqi şəxsə əsassız olaraq vergi borcları yazılıb. Onun sözlərinə görə, qurumun yazdığı borclar inzibati qaydada mübahisələndirilib. Nümayəndə əlavə edib ki, həmin borcların heç bir əsası yoxdur.

    Nümayəndəsinin iddiasına görə, iş adamının şəxsi hesab vərəqəsində, ərizədə, internet vergi idarəsində əks olunan borcları da üst-üstə düşmür.

  • “Instagram” son 3 ayda Azərbaycandakı bazar payının 64 faizini itirdi

    Ötən ay Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Facebook”un payı 39,80 % təşkil edib.

    “Report”un “Statcounter” agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 10,92 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18,15 faiz bəndi çoxdur.

    İkinci pillədə qərarlaşan “YouTube”un bazar payı ay ərzində 0,69 faiz bəndi azalaraq, il ərzində isə 10,50 faiz bəndi artaraq 21,93 % təşkil edib.

    Növbəti yerdəki “Instagram”ın bazar payı ay ərzində 4,26 faiz bəndi, illik isə 24,40 faiz bəndi azalaraq 16,85 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 64 % təşkil edib).

    Dördüncü pillədəki “Pinterest”in bazar payı aylıq 2,16 faiz bəndi, illik müqayisədə isə 8,61 faiz bəndi azalaraq 8,83 % təşkil edib.

    İlk beşliyi 5,79 %-lik bazar payı ilə “LinkedIn” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,94 faiz bəndi, illik müqayisədə isə 4,34 faiz bəndi artıb.

  • Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq

    Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.

    Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

    Sərəncama əsasən, 2026-cı ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Miqrasiya Xidməti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank (tövsiyə olunur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birgə “Rəqəmsal Səyyah Vizası” və “Rəqəmsal İstedad Vizası” proqramlarının vahid platforma üzərindən tətbiqi, “Xüsusi Vergi Rejimi”nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxmanı təmin etməlidir.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Neftin bir barelinin qiyməti 1.32 ABŞ dolları və ya 1.85% artaraq 72.78 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.

  • Ermənistan Bakıdakı tədbirə dəvət olunub? – Nazirdən açıqlama

    Azərbaycan tərəfinin WUF13 konfransına Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məndə məlumat yoxdur.

    Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
    Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var:

    “Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”, – nazir qeyd edib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.51 ABŞ dolları və ya 0.71% azalaraq 71.46 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.97 ABŞ dolları təşkil edib.

  • Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

    Bu ilin yanvar ayında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 55,1 milyon ABŞ dolları təşkil edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azdır.

    Belə ki, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 45,9 milyon dollar həcmində ixrac həyata keçirilib ki, bu da illik ifadədə 51,3 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.

    Hesabat dövrü ərzində Yunanıstandan Azərbaycana 9,1 milyon ABŞ dolları həcmində ixrac həyata keçirilib. Bu illik ifadədə 50 min ABŞ dolları həcmində artım anlamına gəlir.

    Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5 faiz azdır.

    Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4 faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.

    Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3 faiz azdır.

  • Azərbaycandan Ermənistana 4500 ton dizelin göndərilməsi nəzərdə tutulur

    Azərbaycandan Ermənistana növbəti dizel yanacağı partiyasının göndərilməsi nəzərdə tutulur.

    Median.Az “Report”a istinadla xəbər verir ki, yanacaq məhsullarının tədarükü çərçivəsində 4 500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi planlaşdırılır.

    Qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.