Category: İqtisadiyyat

  • Azərbaycanda könüllü kredit qadağası olacaq

    Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir.

    Bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda keçirilən forumda deyib.

    O bildirib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.

    “Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”, – deyə Toğrul Əliyev vurğulayıb.

    T.Əliyev qeyd edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir: “Bu çərçivədə Mərkəzi Bank ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə Beynəlxalq təşkilat olan “FinCoNet” təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu üzvlük rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə imkan yaradır. Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olub. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır”.(Azərtac)

  • Alüminiumun qiyməti rekordunu yenilədi

    Martın 12-də səhər alüminiumun birja qiyməti 1.5%-dən çox artaraq, 2022-ci ilin mart ayının əvvəlindən bəri rekordunu yeniləyib.

    Bunu birja məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 11:48-ə olan məlumata görə, alüminium füçersləri əvvəlki bağlanışla müqayisədə 1.58% artaraq bir ton üçün 3 500.5 dollara çatıb. Metalın ticarət zamanı ən yüksək qiyməti 3 502 dollar olub.

    Qiymətlər 31 mart 2022-ci ildən bəri ilk dəfə bir ton üçün 3 500 dollardan yuxarı qalxıb.

  • Azərbaycan nefti beş dollar BAHALAŞDI

    Azərbaycan neftinin bir barelinin qiyməti 5.09 ABŞ dolları və ya 5.6% artaraq 95.43 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90.34 dollar təşkil edib.

  • “Brent” markalı neft KƏSKİN BAHALAŞDI

    “Brent” markalı xam neftin bir barelinin qiyməti 100 dolları keçib.

    Bunu ticarət məlumatları da sübut edir.

    Bakı vaxtı ilə saat 07:27-yə olan məlumata görə, “Brent” markalı xam neftin fuçerslərinin qiyməti əvvəlki göstəricidən 9.77% artaraq bir barel üçün 100.97 dollar olub.

  • Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı

    2026-cı ilin yanvar-fevral aylarında 28 234 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, bunun 58.3%-ni kişilər, 41.7%-ni isə qadınlar təşkil edib.

  • “Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun” – İran

    İran hərbi komandanlığı çərşənbə günü bəyan edib ki, dünya bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olmalıdır. Bu bəyanat blokadaya alınmış Fars körfəzində daha üç gəminin hücuma məruz qalmasından sonra səsləndirilib.

    Çərşənbə günü İran İsrailə və Yaxın Şərqdəki digər hədəflərə zərbələr endirib. Bununla Tehran hələ də cavab zərbəsi endirmək və enerji daşıyıcılarının tədarükünü pozmaq imkanına malik olduğunu nümayiş etdirib.

    “Reuters” agentliyi yazır ki, həftənin əvvəlində kəskin artan neft qiymətləri sonradan aşağı düşüb, fond bazarları isə bərpa olunub.

    Lakin yerlərdə vəziyyət hələ də yaxşılaşmır. Dünya neftinin beşdəbirinin daşındığı Hörmüz boğazından gəmilərin təhlükəsiz keçə biləcəyinə dair heç bir əlamət yoxdur. İran sahilləri boyunca uzanan dar kanal hesab olunan bu boğazda yaranmış vəziyyət 1970-ci illərin neft böhranlarından bəri enerji tədarükündə ən ciddi pozuntu sayılır.

    “Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun. Çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır və siz bu təhlükəsizliyi destabilizasiya etmisiniz”, – deyə İranın hərbi komandanlığının sözçüsü İbrahim Zolfakari bildirib.

    Xatırladaq ki, gecə saatlarında Tehranda bank ofisləri hücuma məruz qalandan sonra Zolfakari bildirib ki, İran buna cavab olaraq ABŞ və ya İsraillə iş qurmuş bankları hədəfə alacaq. O əlavə edib ki, Yaxın Şərq sakinləri banklardan ən azı 1000 metr məsafədə dayanmalıdırlar.

  • Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerji üzrə üçtərəfli sazişi təsdiqlədi

    Qazaxıstan parlamenti (Məclis) Özbəkistan və Azərbaycanla Yaşıl Enerjinin İstehsalı və Ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib. Qeyd edək ki, sözügedən sənəd 2024-cü ilin 13 noyabr tarixində Bakı şəhərində imzalanıb.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı kazlenta.kz yayıb.

    Bu müqavilənin əsas məqsədi bərpa olunan enerji mənbələri (BEM) istiqamətində uzunmüddətli əlaqələri genişləndirmək və üç ölkə arasında bu sahəsində davamlı əməkdaşlıq modeli formalaşdırmaqdır.

    Sənəddə bərpa olunan enerji imkanlarından effektiv yararlanmaq, eyni zamanda tərəfdaşlar arasında, habelə Avropa dövlətləri və başqa regionlarla ekoloji təmiz elektrik enerjisi ticarətini inkişaf etdirmək xüsusi yer tutur. Bununla yanaşı, yaşıl enerjinin sabit və mütəmadi ixracını təşkil etmək üçün Azərbaycan və Mərkəzi Asiyanın enerji sistemlərinin qarşılıqlı inteqrasiyasının təmin olunması da nəzərdə tutulur.

    Üçtərəfli əlaqələr çərçivəsində mövcud enerji infrastrukturunun müasirləşdirilməsi, inteqrasiyası və yeni əlaqələndirici xətlərin inşası kimi ortaq layihələrin reallaşdırılması da planlaşdırılır. Tərəfdaşlıq dövlətlərin milli maraqlarına və suverenliyinə hörmət, qarşılıqlı mənfəət, eləcə də bərabərhüquqluluq prinsiplərinə söykənəcək, həmçinin ölkələrin milli qanunvericiliyinə tam uyğun şəkildə icra ediləcək.

    Sazişə əsasən, Qazaxıstan və Özbəkistanda istehsal olunan yaşıl enerjinin Xəzər dənizinin altı ilə sualtı kabel vasitəsilə Azərbaycana ötürülməsi layihəsi həyata keçiriləcək. Daha sonra bu xətt Qara dəniz Enerji Dəhlizinə birləşdirilərək Avropa bazarlarına elektrik enerjisinin ixracını təmin edəcək.

  • Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı – SON QİYMƏT

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 12.69 ABŞ dolları və ya 12.3% azalaraq 90.34 dollara çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 103.3 ABŞ dolları təşkil edib.

  • Yaxın Şərqdəki müharibə neftin qiymətini KƏSKİN ARTIRDI: Azərbaycanın gəlirləri ÇOXALACAQ?

    “Neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağırışları gücləndirir. Bu, təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur”.

    Bu fikirləri deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    O qeyd edib ki, “Brent” markalı neftin qiyməti 20 faizə yaxın artıb, hazırda bir bareli 110 dollardan baha satılır:

    “Bu, İran-İsrail müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəyə öz işinə ciddi enişlərlə başlamasına səbəb olub.

    ABŞ prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib. Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısamüddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər. Belə ki, neftin qiymətinə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir. Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı azaltmağa məcbur olub. Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-nin bazara gündəlik 300-400 milyon barel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir.

    Aydındır ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bərpası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır”.

    Eskpert əlavə edib ki, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağırışları gücləndirir:

    “Bu, təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27.7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barel, kondensat hasilatı 111 min barel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barel olub. Ötən il Azərbaycan 23.1 milyon ton neft ixrac edib.

    Neftin bir barelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu, dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq. Hətta qısa müddətli daxilolmalarda kəskin artımlar olsa da belə, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhfə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır. Qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlarla müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir”.

  • KİV: Neftin qiyməti təxminən dörd ildən sonra ilk dəfə 100 dollar həddinə yaxınlaşır

    Yaxın Şərqdəki hadisələr fonunda Fars körfəzində neft daşımalarının bloklanması və Yaxın Şərqin əsas istehsalçı ölkələrində hasilatın azalması səbəbindən neftin qiyməti bir barel üçün 100 dollara yaxınlaşıb.

    Bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

    Məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveyt ya neft hasilatını azaltmağa, ya da bəzi yataqları tam bağlamağa məcbur qalırlar. Bunun səbəbi Fars körfəzində neftin yığılması və anbarların dolma riskinin artmasıdır. Eyni zamanda neft yataqlarına və enerji infrastrukturuna yeni hücumlar qiymətlərin daha da yüksəlməsi təhlükəsini yaradır.

    Ötən həftə ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti tarixdə ən böyük həftəlik artımını göstərərək 36% bahalaşıb və bir barel üçün 90.90 dollara çatıb, “Brent” markalı neftin qiyməti isə 92/69 dollara yüksəlib. Qiymət artımı xüsusilə həftənin sonuna doğru daha da sürətlənib.

    Ekspertlər bildirirlər ki, yaxın günlərdə vəziyyət sabitləşməsə, “Brent” markalı neftin qiyməti növbəti həftənin əvvəlində üçrəqəmli göstəriciyə çata bilər.