Category: İqtisadiyyat

  • Xarici ölkələrdən ölkəmizə kilosu 11,25 manata kərə yağı idxal olunub

    Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 12 milyon 625,60 min ABŞ dolları dəyərində 1 min 907,96 ton kərə yağı idxal olunub. İdxal olunan məhsulun 1 kiloqramının orta qiyməti 6,62 ABŞ dolları (11,25 manat) təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 milyon 480,69 min ABŞ dolları və ya 30,26%, miqdar ifadəsində isə 693,84 ton və ya 26,66% azdır.

    Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 18 milyon 106,29 min ABŞ dolları dəyərində 2 min 601,80 ton kərə yağı idxal edilmişdi. Həmin dövrdə 1 kiloqramın orta idxal qiyməti 6,96 ABŞ dolları (11,83 manat) olub.

  • Azərbaycanda toxumluq kartof kəskin bahalaşıb: Səbəb nədir?

    Azərbaycanda toxumluq kartof bahalaşıb.

    Bu barədə Qaynarinfo-ya fermerlər məlumat verib. Onlar bildirib ki, ölkəmizə Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən sertifikatlı toxumların qiymətində 2 dəfə artım var.

    Ötən il toxumun bir kiloqramın 70 qəpiyə idisə, bu il 1,3-1,4 manat arasında təklif olunur. Fermerlər deyir ki, toxuma tələbatın çox olması qiymət artımına səbəb olan amillərdəndir.

    Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkədə satılan toxumun 95%-i xaricdən gətirilir:

    “Problem nədədir? Biz dollarla aldığımız toxumu yetişdiririk, amma təkrar xaricə ixrac edə bilmirik. İxrac edə bilmiriksə, deməli, verdiyimiz valyuta həmin ölkədə qalır. Biz onu aparıb valyutaya çevirib öz ölkəmizə qaytara bilsək, hər bir əkinçi pul qaza bilər

    Toxumluq kartofun qiyməti ildən-ilə artır. Hər gün qiymətlər qalxır. Amma bizim yetişdirdiyimiz məhsulun qiyməti qalxmır. Məhsulu satmaq istədiyimiz anda sata bilmirik. Anbarlar yoxdur. Əgər anbar olsa, məhsulu yığıb saxlamaq olar. Bazarlarda durğunluq yarananda əkinçi məcbur olub məhsulu dəyər-dəyməzinə satır ki, ziyana düşməsin”.

    Anar Abbasov deyir ki, kartof torpaqdan çıxarıldıqdan 3 ay sonra Azərbaycana xaricdən kartof idxal olunur:

    “Niyə xaricdən gətiririk? Anbarlar olsa, zamanında yığdığımız məhsulu 3 aydan sonra çıxardıb satarıq. Onsuz da biz onu dəyər-dəyməzə satırıq”.

  • Kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlər məlum olub (VİDEO)

    Azərbaycanda kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlərin adları məlum olub.

    Mərkəzi Bank tərəfindən bu ilin yanvarın 1-nə Azərbaycanın rayon və şəhərləri üzrə verilmiş vaxtı keçmiş kreditlərin cəmi kreditlərə olan nisbəti açıqlanıb.

    İqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, rayonlar üzrə kreditlərin gecikmələri, yaxud vaxtlı-vaxtında ödənilməsi müxtəlif səbəblərdən baş verə bilir.

    Onun sözlərinə görə, regionun iri şəhərlərə yaxınlığı da bu məsələdə əsas faktorlardandır. İri şəhərlər və onun ətraflarına yaxın olanlar daha çox vaxtlı vaxtında ödəməkdə maraqlı olur, ucqarlara getdikcə isə ödəmə məsələləri çətinləşir.

    İqtisadçı-ekspert bildirib ki, səbəb həmin ərazilərdə maliyyə əlçatanlılığı, maliyyə institutlarının yaxşı inkişaf etməsidir.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.79 ABŞ dolları və ya 1.13% artaraq 70.36 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.57 ABŞ dolları təşkil edib.

  • Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb

    Ötən ay Azərbaycandan Gürcüstana 3,10 milyon ABŞ dolları həcmində pul köçürülüb.

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

    İllik müqayisədə həcmdə 6,04% azalma qeydə alınıb. Yanvarda xaricdən Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,10% təşkil edib.

    Gürcüstandan Azərbaycana isə 4,64 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,18% çoxdur.

    Hesabat ayında xarici ölkələrdən Gürcüstana 282,64 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,6% çoxdur. Gürcüstandan xaricə göndərilən pul köçürmələri isə illik müqayisədə 10,2% artaraq 31,2 milyon ABŞ dollarına bərabər olub.

  • Kirayə evlərin qiyməti ARTACAQ? – EKSPERT AÇIQLADI

    Yanvarın 1-dən etibarən müqaviləli kirayələrin dövlət rüsumu 14%-dən 10%-ə endirildi. Dəyişiklik ilkin baxışda kirayə bazarının leqallaşdırılması və qiymətlərin sabitləşməsi baxımından müsbət addım kimi qiymətləndirilir. Çünki əvvəlki illərdə kirayə münasibətlərinin böyük hissəsi qeyri-rəsmi şəkildə qurulurdu və vergi öhdəlikləri tam şəkildə icra olunmurdu.

    Bununla belə, ekspertlər hesab edirlər ki, faizlərin azaldılması nəzəri baxımdan bazara müsbət təsir göstərməli olsa da, praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməməsi və münasibətlərin qeyri-rəsmi formada qalması 10 faizlik rüsumun tətbiqini tərəflər üçün əlavə öhdəlik kimi təqdim edir. Bu səbəbdən hazırda kirayə qiymətlərində ciddi dəyişiklik müşahidə olunmur.

    İqtisadçı Vüqar Oruc BAKU.WS-ə bildirib ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi bazarın şəffaflaşması üçün stimul yaratsa da, bu proses hələ geniş miqyas almayıb:

    “Əvvəllər kirayə münasibətlərinin əhəmiyyətli hissəsi rəsmiləşdirilmirdi. Faizin azaldılması nəzəri olaraq bazara müsbət təsir etməli idi. Lakin müqavilələrin hüquqi baxımdan bağlanmaması və münasibətlərin qeyri-rəsmi qalması səbəbindən 10 faizlik rüsum hazırda tərəflər üçün əlavə öhdəlik kimi qəbul olunur. Bu baxımdan qiymətlərdə hələ ciddi dəyişiklik yoxdur.”

    Ekspert qeyd edir ki, inzibati metodlarla kirayə münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses məhdud xarakter daşıyır:

    “Dövlətin bütün qeyri-rəsmi kirayə münasibətlərini aşkar etməsi üçün resurslar kifayət qədər geniş deyil. Ona görə də dəyişikliklər bazara hələ ciddi təsir göstərməyib.”

    Bununla yanaşı, V.Oruc 2026-cı il üzrə qiymət artımı proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, cari ildə kirayə bazarında artım tendensiyası mümkündür:

    “İlkin mərhələdə – ilk 6 ay ərzində kirayə qiymətlərinin 5-6 faiz yüksəlməsi ehtimalı var. İlin ikinci yarısında isə artım tempinin daha da sürətlənməsi mümkündür.”

    Beləliklə, vergi dərəcəsinin azaldılması bazarın leqallaşdırılması istiqamətində addım kimi qiymətləndirilsə də, qısa müddətdə kirayə qiymətlərinə ciddi təsir göstərməyib. Lakin ekspertlərin proqnozlarına görə, qarşıdakı aylarda qiymət artımı yenidən gündəmdə olacaq və bu, xüsusilə paytaxtda kirayə bazarında hiss edilə bilər.

  • Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb

    Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403.57 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumata əsasən, bu, ümumi ixracın 0.11 faizini təşkil edir.

    Ermənistandan isə Azərbaycana məhsul ixrac olunmayıb.

    Qeyd edək ki, ötən ayın 11-də 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Bundan başqa, 9 yanvar 2026-cı il tarixində 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

  • Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb

    Fevral ayının 1-nə Azərbaycanda qeydiyyatda olan 205 min 104 şirkətin (kommersiya qurumunun) 136 min 808-nin vəziyyəti aktiv, 68 min 296-sının (33,3%-nin) vəziyyəti passiv (dayandırılmış) olub. Başqa sözlə, Azərbaycanda dövlət qeydiyyatına alınmış hər 3 şirkətdən (kommersiya qurumundan) 1-i faktiki fəaliyyət göstərmir.

    2026-cı ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 682 min 901 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,4 faiz artıb.

    Median.Az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 min 104 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz çoxdur.

    2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 faizi yerli investisiyalı, 10,4 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,6 faiz təşkil edib.

    2026-cı ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

    Fevral ayının 1-nə qeydiyyatda olan 136 min 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 faiz artıb.

    Məlumatdan aydın olur ki, 2026-cı ilin Fevral ayının 1-nə Azərbaycanda qeydiyyatda olan 205 min 104 şirkətin (kommersiya qurumunun) 136 min 808-nin vəziyyəti aktiv, 68 min 296-sının (33,3%-nin) vəziyyəti passiv (dayandırılmış) olub. Başqa sözlə, Azərbaycanda dövlət qeydiyyatına alınmış hər 3 şirkətdən (kommersiya qurumundan) 1-i faktiki fəaliyyət göstərmir.

    Qeyd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:

    Kommersiya hüquqi şəxsləri – fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;

    Qeyri-kommersiya hüquqi şəxsləri – əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;

    Publik hüquqi şəxslər – ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.
    //marja

  • Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır

    Serbiyanın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Serbiyadakı ilk böyük birgə layihəsi olacaq və hazırda onun üzərində işlər davam etdirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Serbiyanın həftəlik “NIN” nəşrinə müsahibəsində bildirib.

    O, ikitərəfli ekspert işçi qrupları yaratmaq planlarını açıqlayıb: “Müzakirə olunacaq əsas məsələlərdən biri planlaşdırılan qazla işləyən elektrik stansiyalarına qaz təchizatı üçün qiymət parametrlərinin formalaşdırılması olacaq”.

    O. Zeynalov qeyd edib ki, SOCAR geniş enerji aktivləri portfelinə malikdir və Serbiyada əlavə biznes və investisiya imkanlarını nəzərdən keçirir.

    Nazir müavini, həmçinin iki ölkənin mövqelərinin enerji keçidi məsələlərində əsasən üst-üstə düşdüyünü vurğulayıb: “Ənənəvi enerji sahəsində güclü ənənələrə malik ölkələr üçün daha təmiz enerji mənbələrinə keçid çətin bir vəzifədir. Bilik, təcrübə və tənzimləyici təcrübələr mübadiləsi üçün imkanlar görürük. Bundan əlavə, hidrogen istehsalı ilə bağlı konkret planlarımız var ki, bu da Serbiya ilə gələcək əməkdaşlıq üçün əlavə perspektivlər açır”.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.46 ABŞ dolları və ya 0.65% azalaraq 69.57 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.03 ABŞ dolları idi.