Category: İqtisadiyyat

  • Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb

    2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Çindən 1 ədəd yanğınsöndürən nəqliyyat vasitəsi idxal edib.

    Valyuta.az xəbər verir ki, idxal olunan nəqliyyat vasitəsinin dəyəri 52,1 min ABŞ dolları təşkil edib. Bu isə 1 ədəd yanğınsöndürənin 88 min 570 manata idxal edildiyini deməyə əsas verir.

    Eyni dövrdə Azərbaycan Qırğızıstana 10 ədəd yanğınsöndürən nəqliyyat vasitəsi ixrac edib. İxracın ümumi dəyəri 335,49 min ABŞ dolları olub ki, bu da təxminən 570 min 333 manata bərabərdir.

    Hesablamalara əsasən, ixrac edilən yanğınsöndürən nəqliyyat vasitəsinin 1 ədədinin orta qiyməti 33 549 ABŞ dolları və ya təxminən 57 min 33 manat təşkil edib.

    Beləliklə, idxal olunan yanğınsöndürən nəqliyyat vasitəsinin qiyməti ixrac edilən məhsulun orta qiymətindən daha yüksək olub.

  • Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ

    Son günlər bazarda ən çox müzakirə olunan mövzulardan biri yumurtanın qiymətidir.

    Median.Az-in məlumatına görə, istehlakçılar bahalaşma ehtimalı ilə maraqlanır, istehsalçılar isə mövcud vəziyyətin sabit olduğunu bildirirlər.

    Mövcud statistik göstəricilər isə qiymət artımı üçün ciddi əsasın olmadığını göstərir. Bəs yaxın aylarda yumurta ucuzlaşa bilərmi?

    Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, hazırda ölkədə gündəlik yumurta istehsalı 5 milyon 200 min ədəddən artıqdır:

    “Daxili istehlak isə təxminən 4 milyon 400 min ədəd səviyyəsindədir. Yəni bazarda təklif tələbi üstələyir və bu da qiymətlərin sabit qalmasına imkan yaradır.

    Hazırda yumurta ixracı həyata keçirilmir. Lakin gözləntilərə görə, mart ayından sonra – aprel ayının əvvəllərindən etibarən ixrac prosesinə başlanıla bilər. Buna baxmayaraq, daxili bazarda kifayət qədər ehtiyatın olduğu bildirilir.

    Toyuq əti və digər quşçuluq məhsulları üzrə isə yaxın dövrdə ucuzlaşma proqnozlaşdırılmır. Bunun əsas səbəbi yem məhsullarının qiymətində ciddi dəyişiklik olmamasıdır. Yem xərcləri istehsalın əsas hissəsini təşkil etdiyindən, onların bahalaşması toyuq əti və yumurtanın maya dəyərinə birbaşa təsir edir.

    Əgər gələcəkdə yem məhsullarının qiymətində ucuzlaşma baş verərsə, bu, həm toyuq ətinin, həm də yumurtanın qiymətinə müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə isə qiymət artımı üçün əsas görünmür.

    Bundan əlavə, toyuq əti məhsulları üzrə ixrac planlaşdırılmır ki, bu da daxili bazarda təklifin azalması riskini minimuma endirir. Mövcud şəraitdə yumurta qiymətlərinin sabit qalacağı, yay aylarından isə mövsümi amillərin təsiri ilə müəyyən qədər ucuzlaşa biləcəyi ehtimal olunur”.

  • Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq – DYP alternativ yolu açıqladı

    Bakı Şəhər DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

    Məhdudiyyət 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, 15 fevral tarixində isə qeyd edilən saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

    Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

    Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər”.


  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.17 ABŞ dolları və ya 3% azalaraq 70.03 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.20 ABŞ dolları idi.

  • Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi

    Maliyyə vəziyyətinizi həmişə böyük səhvlər sarsıtmır. Bəzən bu, yavaş-yavaş yığılan pis vərdişlər — həddindən artıq xərcləmə, hesab-fakturalara məhəl qoymamaq və ya “hələlik” qənaəti təxirə salmaq kimi davranışlar olur. Nəzarətsiz qaldıqda, bu vərdişlər nə baş verdiyini dərk etməzdən əvvəl maliyyə çöküşünə səbəb ola bilər.

    Aşağıda maliyyə sağlamlığınızı poza biləcək bəzi yayılmış pul vərdişləri və artıq çətin vəziyyətdəsinizsə, atmalı olduğunuz addımlar təqdim olunur.

    Həyat tərzi inflyasiyasına yol vermək

    “Mindful Financial Partners” şirkətinin təsisçisi, sertifikatlı maliyyə planlaşdırıcısı və boşanma üzrə maliyyə analitiki Melissa Merfi Pavonenin sözlərinə görə, ən zərərli pul vərdişlərindən biri həyat tərzi inflyasiyasıdır. Bu anlayış gəlir artdıqca xərclərin də tədricən artmasını ifadə edir. Onun sözlərinə görə, bu proses gizli və emosional baxımdan məmnunluq yaradan olduğu üçün onu əsaslandırmaq asandır. Problem ondadır ki, bu cür kiçik, amma davamlı yüksəlişlər uzunmüddətli məqsədlərinizi üstələyə bilər. Qısa müddətdə maliyyə sabitliyi hiss etsəniz də, məqsədli qənaət, investisiya və planlaşdırma olmadan var-dövlət toplamaq, rahat təqaüdə çıxmaq və ya gözlənilməz xərclərlə üzləşmək imkanınızı zəiflədir.

    “Buna gücümüz çatmır” demək (hətta texniki olaraq imkan olsa belə)

    Bu ifadə zərərsiz görünə bilər, lakin “Buna gücümüz çatmır” sözünü tez-tez işlətmək, xüsusilə də bu, reallığı əks etdirmədikdə, çatışmazlıq düşüncə tərzini formalaşdıra bilər. Pavonenin sözlərinə görə, bu cümlə insan beynini daimi çatışmazlıq rejiminə kökləyir. Bu isə pulun heç vaxt təhlükəsiz və ya kifayət qədər olmadığına dair inam yaradır, insanı geri çəkilməyə, qaçmağa və ya özünə mane olmağa sövq edir. Nəticədə xərcləmə ilə bağlı günahkarlıq hissi güclənir və müstəqil maliyyə qərarlarının verilməsi çətinləşir. Bu vərdişi dəyişmək üçün “Buna pulu necə tapa bilərəm?” və ya “Hazırda prioritet deyil, amma ola bilər” kimi daha geniş düşüncəni əks etdirən ifadələrdən istifadə etmək tövsiyə olunur. Eyni zamanda, maliyyəni cəza hissi ilə deyil, aydınlıq prinsipi ilə izləmək vacibdir.

    Bank hesabından yayınmaq

    Bank hesabına baxmamaq bəzən özünü qoruma instinkti kimi görünə bilər. Lakin bu, pula nəzarəti itirməyin ən sürətli yollarından biridir. “Coaching With Kim Kent” şirkətinin maliyyə üzrə məsləhətçisi Kim Kent bildirir ki, yayınma davranışı çox vaxt həddindən artıq xərcləmə, gecikmiş ödənişlər və ümumi nəzarətsizliklə nəticələnir. Onun sözlərinə görə, bu vərdişi aradan qaldırmaq üçün prosesi “pulla əlaqə saxlamaq” kimi qəbul etmək lazımdır. Maliyyəni mikroidarə etməyə ehtiyac yoxdur, lakin müntəzəm yoxlamalar pulla daha sağlam münasibət formalaşdırmağa kömək edir.

    Kredit kartı borcunu uzunmüddətli daşımaq

    Kredit kartı borcunu uzun müddət saxlamaq da maliyyə vəziyyətinə ciddi zərər vurur. Hüquqşünas və “Ashley F. Morgan Law” şirkətinin sahibi Eşli F. Morqan bildirir ki, əgər altı aydan çox müddətdə yalnız minimum ödənişləri edirsinizsə, büdcənizi ciddi şəkildə yenidən nəzərdən keçirməlisiniz. Kredit kartında qalıq nə qədər uzun müddət qalırsa, faiz də bir o qədər yığılır.

    Gələcəkdəki özünüzə güvənmək

    Daha yüksək maaşlı işin, növbəti ayın büdcəsinin və ya “gələcəkdəki özünüzün” mövcud maliyyə problemlərini həll edəcəyini düşünmək asandır. Lakin bu yanaşma risklidir. Həyatda heç nə zəmanətli deyil. Bir çox insan gələcəkdə daha çox vaxtı, pulu və ya aydınlığı olacağını düşünür, lakin bu həmişə baş vermir. İnvestisiyanı təxirə salmaq, borcdan yayınmaq və ya fövqəladə hallar fondu yaratmağı gecikdirmək problemi yalnız uzadır. Bu düşüncə tərzini dəyişmək üçün artıq bu gün kiçik bir addım atmaq kifayətdir — məsələn, qənaət hesabına 50 dolların avtomatik köçürülməsini qurmaq və ya ötən ayın xərclərini nəzərdən keçirmək.//valyuta.az

  • Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

    2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 128 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 24 milyard 526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb. real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz azalıb.

    2025-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalıb.

    Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 24,0 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10,0 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və Hindistan, 12,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

    Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

    İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

    Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

    2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz – 29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri – 38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artmış, buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz, ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement – 19,7 faiz azalmışdır.

    2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz, şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları – 25,0 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87,0 faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artıb, tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8,0 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz azalıb.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.06 ABŞ dolları və ya 1.49% artaraq 72.20 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.14 ABŞ dolları təşkil edib.

  • Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb

    2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 860,3 milyon manat təşkil edib.

    Bu, aylıq müqayisədə 2,46 % və ya 1 milyard 198,2 milyon manat, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,23% və ya 3 milyard 365,5 milyon manat çoxdur.

    2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib. 2024-cü ilin yanvar-dekabr aylarında isə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 46 milyard 494,8 milyon mmanat olub.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 947,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 4,1 % və ya 714,1 milyon manat çox, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,17 % və ya 2 milyard 89,9 milyon manat çoxdur.

    2025-ci ilin yanvar-noyabr aylarında banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17 milyard 233,7 milyon manat, 2024-cü ilin yanvar-dekabr aylarında isə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat olub.
    //valyuta.az

  • Mərkəzi Bank vətəndaşlara ASAN mərkəzlərində xidmət göstərəcək

    Fevralın 17-dən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə vətəndaşları 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində qəbul edəcək.

    Bu barədə AMB məlumat yayıb:

    “Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək. Əvəzində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binada vətəndaş qəbulu dayandırılacaq.

    Paralel olaraq AMB-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək”.

  • Bu ərazi üzrə fevral ayının pensiyası ARTIMLA VERİLDİ

    Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

    Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

    Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.