Category: İqtisadiyyat

  • Taksilərlə bağlı yeni qayda – Qiymətlər artacaq?

    Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yerdə işləyə bilər. Bəs ərazi üzrə məhdudiyyət taksi bazarına necə təsir edəcək?
     
    Median.Az bildirir ki, nəqliyyat eksperti Adil Nəbiyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu tələbin taksi bazarına təsiri çoxşaxəlidir və mübahisəli xarakter daşıyır. Onun sözlərinə görə, qayda həm müsbət, həm də mənfi nəticələr yarada bilər.

    Ekspert mümkün müsbət təsirlər sırasında yerli nəzarətin güclənməsini qeyd edib:
     
    “Ərazi üzrə məhdudiyyət tətbiq olunduqda icra və nəqliyyat qurumları taksilərin fəaliyyətinə daha effektiv nəzarət edə bilir, qanunsuz fəaliyyətin qarşısı alınır. Taksilərin müəyyən ərazilərdə həddindən artıq cəmləşməsi azalır, süni sıxlıq aradan qalxır və xidmət keyfiyyətinə nəzarət asanlaşır. Eyni zamanda sertifikatlaşdırma, texniki baxış və sürücülərin davranışı yerli səviyyədə daha rahat izlənilir. Bu yanaşma yerli sürücülərin qorunmasına, böyük şəhərlərdən gələn taksilərin region bazarını zəbt etməsinin qarşısının alınmasına da xidmət edir”.
     
    A.Nəbiyev mənfi təsirləri də istisna etməyib. Onun fikrincə, bu cür məhdudiyyətlər rəqabətin azalmasına səbəb ola bilər:
     
    “Sürücülərin yalnız bir ərazi ilə məhdudlaşması bazarın qapanmasına, sağlam rəqabətin zəifləməsinə gətirib çıxarır. Bu isə taksi tariflərinin artması riskini yüksəldir. Rəqabət azaldıqca sərnişin üçün seçim imkanları daralır, xüsusilə pik saatlarda və ucqar ərazilərdə taksi tapmaq çətinləşir. Ekspert həmçinin bildirib ki, bu məhdudiyyətlər Bolt, Uber və digər mobil tətbiqlərin çevik fəaliyyət mexanizmini də çətinləşdirə bilər”.
     
    Ekspertin sözlərinə görə, ərazi üzrə məhdudiyyət sürücülərin gəlirlərinə də mənfi təsir göstərir. Belə ki, sürücü sərnişini başqa rayona apardıqdan sonra geri qayıdarkən sifariş qəbul edə bilmirsə, bu, boş gediş deməkdir və nəticədə qazanc azalır.

  • Bu pensiyalar 53 manat artırılır

    2018-2025-ci illər ərzində ölkədə minimum pensiya 2,9, orta aylıq pensiya 2,6, sosial müavinət və təqaüdlərin məbləği 5, ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb.

    Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında açıqlayıb.

    O qeyd edib ki, 2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulub:

    “Bu, ümumi büdcə xərclərinin təxminən 41 faizini təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib. 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

    Komitə sədri vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək:

    “Bu il aktiv sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi nəzərdə tutulur. İSF-nin 2026-cı ildə büdcə xərclərinin 77 milyon manatı, yaxud 28,9 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. 2026-cı ildə İSF hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq”.

    M.Quliyev əlavə edib ki, Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə proqramın icrasına başlanılandan dövlət büdcəsindən 25 milyard manata yaxın vəsait ayrılıb:

    “Hazırda 70 mindən artıq soydaşımız Qarabağ və Şərqi Zəngəzurun 40 a yaxın şəhər, qəsəbə və kəndində yaşayır və işləyir”.

  • Qızılın qiyməti tarixi maksimumunu yenilədi

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4850 dolları keçərək, yeni bir rekord səviyyəyə çatıb.

    Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

    Bakı vaxtı ilə saat 07:11-ə olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4852.6 dollar (+1.82%) təşkil edib.

    Saat 07:30-a qədər qızılın qiyməti trua unsiyası üçün 4836.6 dollara (+1.49%) düşüb.

  • Qızılın qiyməti tarixi maksimumu yenilədi

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 750 dolları ötərək, tarixi maksimumu yeniləyib.

    Median.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

    Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 18:30-da 3.51% artaraq, bir trua unsiyasına görə 4 756.6 dollar təşkil edib.

    Bakı vaxtı ilə saat 20:05-də isə qızılın qiyməti 4 736.5 (+3,07%) dollara düşüb.

  • Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

    Azərbaycan Mərkəzi Bankının balansında olan əmlaklar satışa çıxarılıb.

    Fevralın 18-də keçirilməsi nəzərdə tutulan hərracda dəyəri milyon manatlarla ölçülən bir neçə əmlak təklif olunur.

    Hərraca çıxarılan ən bahalı əmlak Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Onun dəyəri 4 milyon 644 min 500 manatdır.

    Digər bahalı əmlaklar aşağıdakılardır:

    – Dəyəri 1 milyon manat olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 747-ci məhəllə, ev 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

    – Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi ev 9a ünvanında yerləşən fərdi yaşayış evi;

    – Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi ev 8, keçid 4 ünvanında yerləşən fərdi yaşayış evi;

    – Dəyəri 1 milyon 205 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 21b ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

    – Dəyəri 1 milyon 514 min manat olan Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi məhəllə 381, ev 71, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

    – Dəyəri 1 milyon 855 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a mənzil 49 ünvanında yerləşən mənzil.

  • Azərbaycan nefti UCUZLAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Median.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.66 ABŞ dolları və ya 2.35% azalaraq 68.88 ABŞ dollarına bərabər olub.
     
    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.54 ABŞ dolları təşkil edib.
     
    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

  • Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb

    Çinin şimal şəhəri Tiencindən ilk Transxəzər yük qatarı bu gün Bakıya yola düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

    “China Railway Beijing Group” şirkətinə məxsus olan qatar Qazaxıstandan keçərək daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək. O, paslanmayan polad borular, məişət texnikası və digər mallarla yüklənib.

    “Yeni marşrut Tiencini Azərbaycan, Qazaxıstan və regionun digər ölkələri ilə birləşdirən sabit və səmərəli nəqliyyat dəhlizi yaradır”, – Tiencin konteyner mərkəzinin nümayəndəsi Yan Tsyunyon qeyd edib.

    Məlumata görə, marşrutun uzunluğu təxminən 7 min kilometr təşkil edir, yol müddəti isə təxminən 20 gündür, bu da ənənəvi dəniz daşımalarından 10 gün daha tezdir.

    Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM, Orta Dəhliz) əsas qovşağı olan Bakı, Çindən gələn yükləri digər ölkələrə və regionlara göndərə biləcək.

  • Azərbaycan əhalisinin gəlirləri artıb

    2025-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8 % çoxdur.

    Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,6 % artaraq 8 778 manata çatıb.

  • Məcəllə təsdiqləndi: Kimlərə iki dəfə çox maaş ödəniləcək?

    Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır:

    “Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək. Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

    Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”.

  • Serbiya Azərbaycan neftinin alışını davam etdirəcək

    Serbiya azad bazarda Azərbaycan neftini almağa davam etməyi planlaşdırır.

    Bu barədə “Report”a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

    Onun sözlərinə görə, əvvəllər Serbiya ildə təxminən 520 milyon avro dəyərində Azərbaycan nefti alırdı və bu il Belqrad neft alışını eyni səviyyədə saxlamağı planlaşdırır.

    “Biz əvvəllər olduğu kimi, azad bazarda Azərbaycan neftini almağa davam etmək niyyətindəyik”, – səfir deyib.

    Diplomat “NIS” şirkəti ilə bağlı bildirib ki, mülkiyyət strukturundakı Rusiya payı Macarıstan və digər tərəfdaşlara satılacaq.