Category: İqtisadiyyat

  • Xadimə, dalandar, bağban, gözətçi və ocaqçıların maaşları 20 manat artırılıb

    Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

    Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:

    Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

  • Bu şəxslərin əmək haqları artırıldı

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.

    QSC-dən AZXEBER.COM-a verilən məlumata görə, qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10% artırılıb.

    Qeyd edək ki, bu qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.

  • İşlənmiş avtomobillərin qiyməti ucuzlaşıb

    Avtomobil bazarında qiymətlərin nisbi azalması baş verib.

    Oxu.Az-a bunu açıqlamasında daşınmaz əmlak eksperti Ramin Osmanlı deyib.

    Onun sözlərinə görə, qiymətlərə tələbin aşağı düşməsi təsir edib:

    “Əvvəlki dövrlərdəki qiymət artımları hazırda nisbi azalmalarla əvəzlənib. Azalma faizləri elə də böyük deyil. 5-10 faiz təşkil edir. Eyni zamanda, uzunmüddətli dövrü əhatə etməyəcək”.

    O da məlum olub ki, əsasən, ikinci əl avtomobillərin qiymətləri ucuzlaşıb.

  • Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ

    2018-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 mln. manata yüksəlib.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33 faiz artaraq 305,1 mln. manata çatıb.

    Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur.

    Mart ayının birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz çoxalaraq 109,0 milyon manat olub.

    Bildirilir ki, qeyd olunan artım dinamikası 2018-ci ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtlı-vaxtında həyata keçirməyə imkan yaradacaqdır.

    Onu da bildirək ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir.

    Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

  • Elmi dərəcəsi olanların vəzifə maaşlarına əlavələr artırılıb

    “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli sərəncamın icrasını təmin etmək məqsədilə elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiqlənib.

    Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19-cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödəniləcək.

    “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı ləğv edilib (3-cü hissəsi istisna olmaqla).

    Qeyd edək ki, qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

  • İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının həcmi açıqlandı

    Bu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,4 min nəfər olub, onlardan 881,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,9%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

  • Əhalinin kommunal borcları silinir? – HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR

    Ötən ildən gündəmdə olan kommunal borcların silinmə ehtimalı 2018-ci ildə reallaşa bilərmi? Millət vəkilləri və iqtisadçı-ekspert məsələyə aydınlıq gətirib.

    «Ümumiyyətlə, borc niyə silinməlidir? Vətəndaş bu borcu nə üçün ödəyə bilmir? Bunlar araşdırılmalıdır. Elə insan var ki, imkanı var, amma deyir, mən ödəmirəm. Belə adamın borcu nə üçün silinsin?»

    Bunu Topxəbər.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, kommunal xərclərin silinməsi fantastik bir məsələdir: «Təbii ki, prezidentin bu sahədə müəyyən təşəbbüsləri olub. Sahibkarlara, fiziki şəxslərə dəstək məqsədiylə belə bir addım atılıb. Bu yaxında sığorta ödəyiciləri ilə bağlı borcların xeyli hissəsi silindi. Bütövlükdə, kommunal xərcləri silmək praktikası heç bir yerdə yoxdur və bunu gözləmirəm. İnsanların imkanı çatmadığı təqdirdə belə, silinə bilməz, büdcədən əvəzi ödənilməlidir. Çox böyük borc varsa, müvafiq qurumlar bunu araşdırıb, ödənilməsi yollarını tapa bilərlər. Bu borcları silmək asan deyil. Borcların silinməsi insanlarda daha çox məsuliyyətsizlik və yenidən borclar yaradacaq. Buna differensial yanaşmaq olar, əgər zərurət yaranarsa, hökumət qərar qəbul edə bilər»

    Millət vəkili Tahir Rzayev isə borcların silinməsini həm məqsədəuyğun, həm də gözlənilən ola biləcəyini deyib: «Cənab prezident həmişə belə humanist addımlar atır. Məqsədəuyğun hesab edirəm. Sözsüz ki, ola bilər. Prezident bu qədər əfv fərmanı imzalayıb, bir çox tədbirlər həyata keçirilib, borcların bağışlanması halları olub. Müəyyən dövlət müəssisələri var ki, kommunal borclar yığılıb, ödəyə bilmirlər, o idarələr artıq iflas vəziyyətinə düşür. Bəzi aztəminatlı ailələr var ki, onların borcları toplanıb. Əlbəttə ki, bu, ölkə başçısının səlahiyyətlərinə aid olan bir məsələdir, insanların rifahını yaxşılaşdırmaq üçündür və mən bunu alqışlayıram»

    İqtisadçı Vüqar Bayramov hesab edir ki, aztəminatlı ailələrin borclarının silinməsi təqdirəlayiqdir: «Bildiyiniz kimi, kommunal borcların silinməsi ilə bağlı qərar hökumət tərəfindən verilir. Buna görə də, yaxın günlərdə belə bir addımın atılıb-atılmayacağını söyləmək praktik olaraq, mümkün deyil. Nəzərə alsaq ki, dövlət müəssisələrinin kommunal borclarının silinməsi ilə bağlı müəyyən müddət öncə qərar qəbul edilmişdir. Bu baxımdan əhalinin, xüsusən də aztəminatlı ailələrin kommunal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədəuyğun olardı. Nəzərə alsaq ki, son dövrlər müəssisələr arasındakı, eləcə də onların kommunal borclarının silinməsi ilə bağlı qərarlar qəbul edilib. Bu da birbaşa həmin idarələrin borc öhdəliklərinin azaldılmasına xidmət edir. Xüsusən, aztəminatlı ailələr var ki, onların borcları var və bu borcların müəyyən hissəsinin silinməsinin dövlət tərəfindən qarşılanması alqışalayiq olardı. Ya da ki,ödəmə qrafikinin dəyişdirilməsi ilə bağlı güzəştlər tətbiq edilə bilər»

    Millət vəkili Aqil Abbas: «Əslində hamı suyun, işığın, qazın pulunu verməlidir. Borclar silinərsə, sevinərəm, çünki insanlar var ki, onu ödəməyə gücü çatmır. Belə bir qərarın da verilməsi dövlət başçısının səlahiyyətindədir».

  • Xidməti müqavilələr qadağan ediləcək – HÖKUMƏTDƏN YENİLİK

    Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması və işləyənlərin qeydiyyata alınması ilə bağlı ciddi tədbirlər hazırlanır. Median.az-ın məlumatına görə, burada tətbiq ediləcək inzibati addımlardan biri xidməti müqavilə ilə işləyən işçilərin əmək müqaviləsinə keçirilməsi olacaq.

    Qeyd edək ki, hazırda Azərbaycan şirkətləri və işəgöürənləri işçilərlə münasibətlərdə geniş istifadə edirlər. Bu üsul o qədər geniş yayılıb ki, faktiki olaraq əmək müqaviləsinin alternativi sayılır.

    Məlumat üçün bildirək ki, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əmək haqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Və bu zaman həmin məbləğdən fiziki şəxslərin gəlir vergisi (14%-dir) və DSMF-ə ödənişlər (ümumilikdə 25% təşkil edir) tutulmur. Xidmət göstərən tərəf yalnız müqavilə məbləğinin 4%-i həcmində sadələşdirilmiş vergi (regionlarda 2%) və ayda 21 manat DSMF ödənişi edir.

    Nəticədə 1000 manat gəliri olan işçi əmək müqaviləsi ilə çalışanda dövlət büdcəsinə və DSMF-ə ayda – 140 manat + 250 manat + 10 manat olmaqla, ümumilikdə 400 manat ödəməli olduğu halda, xidməti müqavilə işləyəndə büdcəyə 40 manat, DSMF-ə 21 manat olmaqla ümumilikdə 61 manat ödəyir.

    Məhz bu hesablamalara görə, hökumətdə xidməti müqaviləni müvəqqəti biznes ehtiyacı üçün tətbiq edilən vasitə deyil, vergidən və sosial ödənişlərdən yayınmanın bir üsulu kimi qiyətləndirirlər.

    Böyük miqyaslarda yayıldığ üçün hökumət bu məsələnin tez bir zamanda həllinə çalışır. FED.az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə və Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

    Dəyişikliklərdə mülki-hüquqi müqavilələrin bağlanması şərtləri və onlara aid tələblər əksini tapacaq. O cümlədən belə müqavilələrin bağlanması üçün müddəti limiti qoyulacaq. İlkin məlumatlara görə xidməti müqavilələrin 3 aydan artıq müddətə bağlanması qadağan ediləcək. Bundan başqa, xidməti müqavilə ilə işləyənlərin iş rejiminin adi işçilərdəki kimi olmaması, onların sərbəst qrafiklə işləməsi tələb kimi qoyulacaq. Bu məsələnin əhəmiyyəti ondan ibarətdir ki, iş yerində adi işçi qrafiki ilə işləyənlərin hamısı ilə əmək müqaviləsinin bağlanması tələb ediləcək.

    Hökumətdə hesab edirlər ki, əmək müqavilələrinin bağlanması həm büdcəyə və DSMF-ə ödənişlərin artımına, həm də işçilərin özlərinin hüquqlarının qorunmasına kömək edəcək. Məsələ ondadır ki, əmək müqaviləsi ilə işləyənlərdən fərqli olaraq xidməti müqavilə ilə işləyənlər məzuniyyət, işsizlikdən sığorta və həyat sığortası kimi üstünlüklərdən istifadə edə bilmirlər.

  • Bakıda evlərin qiyməti bahalaşıb – RƏQƏMLƏR

    Paytaxtın mənzil bazarında qiymət artımı baş verib.

    Median.az MBA Konsaltinq və Qiymətləndirmə Şirkətinə istinadən xəbər verir ki, Bakı şəhəri üzrə yeni tikililərdə mənzillərin orta qiyməti 148 516 dollar təşkil edib.

    Aylıq qiymət artımı 22 faiz olub. 1 kv.m üzrə orta qiymət 876 dollar təşkil edib. Aylıq fərq 33.00 dollar (3.77 %) olub.

    Konkretləşdirsək, bir otaqlı mənzillərin kvadratmetrinin dəyəri 697 dollar, iki otaqlı mənzillərdə 802 dollar, üç otaqlı mənzillərdə 761 dollar, dörd otaqlı mənzillərdə 1086 dollardır.

    Ən çox qiymət atımı dörd otaqlı mənzillərin kvadratmetrində qeydə alınıb – 18.88% olub.

  • Nazir müavini: “Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq”

    “Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti olaraq dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir”.
     
    “APA-Economics”in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
     
    Onun sözlərinə görə, Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və  səmərəliliyinin artırılmasıdır: “Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektronlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir, ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericiliyin tələblərinə daha ciddi riayət etməlidirlər. Gələcəkdə yoxlamalar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar. Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq”.