Category: İqtisadiyyat

  • Neft bahalaşıb

    Dünya birjalarında neft bahalaşıb.

    Bu gün səhər saatlarında Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar və ya 0,24% artaraq 62,30 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 1,40% artaraq 67,38 dollar olub.

  • Azərbaycanda kriptovalyuta tədqiqi mərkəzi yaradıldı

    Azərbaycanda kriptovalyuta bazarı və blokçeyn texnologiyasının tədqiqi və inkişafı mərkəzi yaradılıb.

    Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.

    Onun sözlərinə görə, ötən gün mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:

    “Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blokçeynin nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək. Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blokçeyn üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.//Trend.az

  • Nazir açıqladı: Bu borcların silinməsinə başlanıldı

    “Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb”.

    “APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.

    Nazir qeyd edib ki, bu baxımdan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: “Həmin Qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcəkdir. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcəkdir.”.

    S.Müslümov diqqətə çatdırıb ki, bu proses eyni zamanda elə nəzərdə tutulub ki, vətəndaşların pensiya təminatına da mənfi təsir göstərməsin. Çünki 2017-ci ilin 01 iyul tarixindən pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən hazırda pensiyanın məbləği yalnız fərdi şəxsi hesabda toplanan sosial sığorta haqlarının ümumi məbləğinə, yəni pensiya kapitalına uyğun təyin olunur. Ona görə də bu borcların silinməsi və tənzimlənməsi elə aparılmalıdır ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalına mənfi təsir göstərməsin. Bu baxımdan hər iki tərəfin, həm işəgötürənlərin, həm də işçilərin maraqları nəzərə alınmalıdır.”

  • Gürcüstanda yanacaq ucuzlaşdı

    Mart ayında Gürcüstanda benzinin qiymətində ucuzlaşma qeydə alınıb.

    Yanacağın qiyməti brend yanacaq doldurma məntəqələrində bir litr üçün orta hesabla 2-4 tetri aşağı düşüb. Hazırda regular markalı benzin 2,09-2,24 lari (0,87-0,93 dollar), premium markalı benzin 2,24-2,33 lari (0,93-0,97 dollar), super markalı benzin isə 2,37-2,49 lariyə (0,99-1,04 dollar) təklif olunur.

    Yanacağın qiymətinin ucuzlaşması ötən ay milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.

  • Bakı metrosunda maraqlı yenilik edilib

    Bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq

    Metroda vaqonların hər birinə 16 ədəd USB portu quraşdırılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

    O bildirib ki, bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq: “Təsəvvür edirsiniz, hər vaqonda, qatarda yox ha, vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Harada?
    Təzə aldığımız qatarların vaqonlarında”.//Oxu.az

  • Daha iki beton istehsalı müəssisəsi bağlandı

    “Bakı Menolit Beton” MMC ləğv olunduğunu elan edib.

    Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi , ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.

    Bundan əlavə “Bakı-Beton” MMC ləğv olunduğunu elan edib.

    Kreditorlar tələblərini Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi , ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.

  • Azərbaycanda kart ödənişləri üzrə xərclər azalıb

    Banklararası Kart Mərkəzinin (BKM) yaradılması ilə Azərbaycanda kart ödənişləri üzrə xərclər azaldılıb.

    Oxu.az-a Mərkəzi Bankdan verilən məlumata görə, keçən il bir sıra əməliyyat tipləri üzrə interçeync tarifləri aşağı salınıb.

    Eyni zamanda, nağdsız əməliyyatların stimullaşdırılması məqsədi ilə BKM tərəfindən xidmət mərkəzləri arasında aparılan avtorizasiya sorğularının ötürülməsi, klirinqin aparılması və hesablaşmaların başa çatdırılması üzrə banklara tam ödənişsiz xidmət olunur.

    Bankdan qeyd edilir ki, BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Mərkəzin əsas məqsədi ölkənin kart infrastrukturunun təhlükəsizliyinin və fəaliyyətinin davamlılığına əminliyin artırılmasıdır. Sistemin fəaliyyəti ilə ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət mərkəzləri arasında məlumat mübadiləsinin ölkədən kənara çıxmasının qarşısı alınıb və beynəlxalq kart təşkilatlarından asılılıq aradan qaldırılıb.

  • Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb

    Mart ayında ölkədə dincəlmiş turistlərin sayı illik müqayisədə çox olub

    Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    O bildirib ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 12,5% çox olub:

    “Martda, təxminən, 13% artım olub. Novruz bayramına görə Azərbaycana xeyli sayda turist gəlib. Bayram münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu bir sıra tədbirlər keçirib. Şəhərdəki Novruz şənliklərində 1-1,5 mln. insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir”.

  • Şirvanın su təchizatının yenidən qurulmasına 2,8 milyon manat ayrıldı – Sərəncam

    Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 2,8 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamdaq göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

  • Türkiyədən gətirilən məhsullarla bağlı əhaliyə — XƏBƏRDARLIQ

    Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb.
    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən verilən məlumata görə, aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

    Agentlik həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.
    Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

    Agentlik yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

    QTA əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.//Ölkə.az