Category: İqtisadiyyat

  • Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

    Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. Biz kəmiyyət etibarilə vergi yoxlamalarını azaldacağıq. Lakin bu, nəzarətin zəifləyəcəyi demək deyil.

    Bunu Vergilər Nazirliyinin “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransında çıxış edən nazir Mikayıl Cabbarov deyib:

    “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil.

    İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”.

  • Artırılmış pensiyaların veriləcəyi tarix açıqlandı

    Hazırda pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların maliyələşdirilməsinə başlanması nəzərdə tutulur.

    Bunu oxu.az-ın sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:

    “Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

    Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar”.

  • Azərbaycanda bitkoin alanlara xəbərdarlıq edildi

    Kriptovalyutalarla əməliyyatlar çox risklidir.

    Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov deyib.

    O, Azərbaycan xalqını diqqətli olmağa çağırıb.

    Bəzi ölkələrin kriptovalyuta texnologiyasında hesablaşmalar həyata keçirməsi pilot xarakteri daşıyır:

    “Blokçeyn inqilabi texnologiyadır. Lakin Mərkəzi Bank onun kommersiya istiqamətindən deyil, informasiya sistemindən yararlanmaq niyyətindədir. Blokçeyn texnologiyası daşınar, daşınmaz əmlakın reyestrinin aparılmasında mümüh rol oynaya bilər.

    Blokçeyn texnologiyasının kommersiya tərəfi risklidir. Hər bir investor bu riskə gedib-getməməyi özü müəyyən etməlidir”.

  • Mərkəzi Bank sədri manatın taleyindən danışdı

    Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir.

    Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Məlum olub ki, AZN/USD məzənnəsinin uzun müddətdir 1,7001 səviyyəsində qalması “üzən məzənnə” rejimindən imtina edilməsi demək deyil:

    “Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir.

    Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.

  • Pensiyaların neçə faiz artırıldığı açıqlandı

    Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

    Nazir qeyd edib ki, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib və pensiyalar da buna uyğun 5,7 faiz artırılacaq.

    Səlim Müslümov əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 000 nəfərinə və ya 94 faizinə şamil olunacaq.

  • Bakıda ərzaq və içki bahalaşıb

    Ötən il paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19613,5 milyon manat olub.

    Bakı Şəhər Statistika İdarəsindən oxu.az-a verilən xəbərə görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10029,7 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

    Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

    Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsulları realizə olunub.

  • Paytaxtda ən yüksək və aşağı əməkhaqqı verən müəssisələr

    Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,5 faiz artaraq 782,0 manat olub.

    Sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilər ən yüksək orta aylıq əməkhaqqı alıb.

    Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.//oxu.az

  • Deputat: Əlillərin pensiya və müavinətləri artırılmalıdır

    Millət vəkili Araz Əlizadə əlillərə verilən pensiyalardan və müavinətlərdən narazıdır.

    Millət vəkili mətbuata açıqlamasında bildirib ki, o, parlamentin həm plenar, həm də üzvü olduğu Əmək və sosial siyasət komitəsinin iclaslarında dəfələrlə bu məsələni qaldırıb:

    “Bu qənaətdəyəm ki, əlillərimizə verilən pensiyaların və müavinətlərin məbləği çox azdır. Bu pensiya ilə onlar nə edə bilər?

    Əlillər arasında – dərəcə fərqlərini istisana etməklə – fərq, ayrıseçkilik qoyulması düzgün deyil. Bu fərq aradan qaldırılmalıdır. Xüsusilə, 20 Yanvar hadisələrinin, Qarabağ müharibəsinin iştirakçısı olmuş və əlil düşmüş şəxslərə daha həsssalıqla və diqqətlə yanaşılmalıdır.

    Hesab edirəm ki, ümumən əlillərin pensiyaları və müavinətləri artırılmalıdır”./oxu.az

  • Qazaxıstan və Azərbaycan avtomobil daşımalarında razılığa gəldi

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmanı təsdiqləyib.

    Bununla bağlı Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşma dövlət başçısı tərəfindən imzalanıb.

    Daha əvvəl Qazaxıstanın baş nazirinin sərmayələr və inkişaf üzrə birinci müavini Roman Sklyar bildirib ki, razılaşmanın təsdiqi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmini artırmağa imkan verəcək.

    Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə daşınan əsas yüklər qara və əlvan metallar, avadanlıqlardır.

  • Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı

    “Azərkosmos” ASC-nin “Azerspace-1” və “Azersky” peyklərin kommersiya istismarından əldə etdiyi ümumi gəlir 91 milyon dollara çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, “Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon, “Azersky” peyki isə 19 milyon dollar məbləğində gəlir gətirib.

    2013-cü ilin fevral ayının 7-də orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1″in dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.

    Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir.