Category: İqtisadiyyat

  • İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına – REAKSİYA

    Ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb. 

    Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.
    Onun sözlərinə görə, ümumilikdə 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb. 

    DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib:
    “Ölkəyə cəmi üç nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük”.

    DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib:

    “Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan üç nəfərin adına qeydiyyatda olan altı maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz”.

  • 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib

    20 Yanvar şəhidlərinin ailələrinə eləcə də, faciə günündə əlil olmuş şəxslərə dövlət tərəfindən birdəfəlik maddi yardımların göstərilməsi nəzərdə tutulub.

    Median.Az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

    Nazirin sözlərinə görə, buna müvafiq olaraq nazirlik üzrə müvafiq əmr olub və həmin əmrə görə 412 nəfər, o cümlədən 115 nəfər 20 Yanvar şəhidinin ailəsi və 297 nəfər 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər üçün 60 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul olunub.

    “Həmin vəsaitlər artıq qeyd etdiyim şəxslərin hesablarına köçürülüb. Bununla bərabər, Azərbaycan prezidentinin müvafiq təqaüdü ilə 20 Yanvar şəhidlərinin ailələri aylıq olaraq təmin olunurlar. Təqaüdün məbləği 300 manatdır. Bundan başqa, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərin də Prezident təqaüdün məbləği Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərin təqaüdü ilə eyni məbləğdədir. Aylıq olaraq həmin məbləğ 297 nəfərin hesabın köçürülür”, – deyə nazir vurğulayıb.

  • Mərkəzi Bankdan çevik məzənnə rejimi ilə bağlı – AÇIQLAMA

    Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.

    Median.Az-ın xəbərinə görə, “APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki,  çevik məzənnə rejimi saxlanacaq.
    “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda qeyd olunduğu kimi, xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Ümumilikdə, qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır”, – deyə məlumatda vurğulanıb.

    Məlumatda o da qeyd olunub ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

    Xatırladaq ki,bəzi mətbuat orqanlarında “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkətinə istinadən Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlaması barədə məlumatlar yayılıb.

  • SOCAR mediada yayımlanan yanlış məlumatlara aydınlıq gətirib

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan yanlış məlumatlara aydınlıq gətirib.

    Şirkətdən “Report”un sorğusuna cavab olaraq verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib: “Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır”.

    Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: “Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

  • Pensiyaçılara şad xəbər – bu gündən başlayaraq…

    “Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər”. 

    Bu barədə özəl olaraq Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

    O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.

    E.Babayev qeyd edib: “Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır”.

  • Nazir müavini işdən azad edildi

    Vergilər nazirinin müavini Namiq Əliyev vəzifəsindən azad edilib.

    Vergilər Nazirliyi saytının rəhbərlik bölümündə  nazir müavinlərinin adları sırasında Namiq Əliyevin adı yer almayıb.

    Yeni vergilər naziri Mikayıl Cabbarovun 3 müavininin adları isə aşağıdakı kimi qeyd olunur. 1-ci müavin Sahir Məmməxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.

    Məsələni dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq Bizimyol.info saytına bildirildi ki, bu barədə məlumat Prezident. az saytında dərc edilməliydi və  nazirlikdə bu barədə məlumatlar dolaşsa da hələ tam dəqiqləşdirilməyib.//bizimyol.info

  • Ölkə sakinləri ərzaq, tütün və içkiyə 18 milyard xərcləyir

    2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 35,3 milyard manata bərabər olub.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən xəbərə görə, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

    Satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib. Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

    Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    2017-ci ildə istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.

    Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olub.

    Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

  • Pensiyalar nə qədər artacaq? – MƏBLƏĞ

    Cari ildə pensiyaların nə qədər artacağı sual olaraq qalır. Qeyd edək ki, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdı. Aparılan islahatlar nəticəsində pensiya məbləğlərində baza hissə anlayışı aradan qalxdığından əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. 

    İqtisadçı-ekspert Vüqar Bayramov oxu.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb:
    “Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq. Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada iki əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.

    Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Yeni ildən isə bu, məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq”.

    V.Bayramovun sözlərinə görə, baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər: 

    “Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.

    O da məlum olub ki, artımlar yanvar ayından hesablanacaq. 

  • “Dəmirbank”ın əmanətçilərinin pullarını alacaqları tarix açıqlandı

    Ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq.

    Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) oxu.az-a verilən məlumata görə, “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

    1 fevral tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

    Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

    Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

    Qorunan əmanətçilər ləğv prosesində olan  “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

  • Maşın sürənlərə BƏD XƏBƏR: 3 dəfə bahalaşdı

    Maşın sürənlərə BƏD XƏBƏR: 3 dəfə bahalaşdı

    “İşlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömürük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb”.

    Baku.ws-in məlumatına görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

    O bildirib ki, hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur.

    “Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər biri təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir”, – deyə ekspert bildirib.

    Qubad İbadoğlunun sözlərinə görə, məsələ sahibkarın ödənişləri bununla bitmir. Çünki, gömrük rüsumundan sonra əsas xərci əlavə dəyər vergisi yaradır.

    “Belə ki, konteynerin invoys dəyərini – 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir. Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki, təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manat satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.

    Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq”.