Category: İqtisadiyyat

  • Təqaüdlərin təyin edilməsində yeni qayda

    Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişikliklər edib.

    Dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.

    Bununla əlaqədar Qaydaların da adı dəyişdirilib və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” adlandırılıb. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq./oxu.az

  • Nazirdən sərt TƏLƏB: Cızığından çıxan vergi əməkdaşını dəmir barmaqlıq gözləyir…

    Vergilər naziri Mikayıl Cabbarovun Vergilər Nazirliyində apardığı kütləvi kadr dəyişiklərinin ardından vergiyığma sahəsində şəffaflığın artırılması istiqamətində islahatları da davam edir.

    Median.Az xəbər verir ki, Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, hazırda yeni nazir bütün diqqəti vergi siyasətində şəffaflığın təmin edilməsinə, rüşvətin aradan qaldırılmasına yönəldib. M.Cabbarovun həyata keçirdiyi islahatlar çərçivəsində üç vergi əməkdaşının rüşvət alarkən saxlanılması da buna dəlalət edir.

    Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vergi ödəyicilərindən külli miqdarda pul alıblar.

    Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində hər üç əməkdaş “iş başında” olarkən ifşa edilib və istintaq tədbirlərinə başlanılıb.

    Nazirlikdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, qurumdakı “ələnmədən” sonra da “əliuzun” əməkdaşlar qalmaqdadır. Amma sonuncu atılan addım onların hamısını öz “qınına” çəkilməyə məcbur edib. Nəfsinə güc gələ bilməyənləri dəmir barmaqlıqlar gözləyir…

  • Azərbaycanda işləyən xaricilərin sayı açıqlandı

    2017-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş, müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6602 nəfər təşkil edib.

    Onlardan 38,1 faizi mədənçıxarma sənayesində, 30,3 faizi tikintidə, 9,0 faizi emal sənayesində, 4,5 faizi təhsildə, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 15,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.

    2017-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,5 saat olub./oxu.az

  • Mikayıl Cabbarov iki vergi işçisini işdən qovdu: rüşvət alarkən tutulublar

    Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.

    Median.Az xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid(soyadı bizə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

    Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.
    Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

    Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

  • Nazirlik rəsmisi: Pensiyalar hesablara köçürülüb

    Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə hesablara köçürülüb.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

    E.Babayevin sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyalarının ödənişinə başlanılıb. Sonrakı mərhələdə maliyyələşdirmə qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək.

  • Mikayıl Cabbarov sahibkarlara müraciət etdi

    Gəlin, münasibətlərimizə yeni səhifədən başlayaq. Vergiləri ödəmək hər birinizin borcudur. Ödənilən hər manat səhiyyəmizin, təhsilimizin güclənməsinə xidmət edir.

    Bunu vergilər naziri Mikayıl Cabbarov sahibkarlara müraciətində deyib.

    O bildirib ki, vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır:

    “Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”.

    Nazir bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq:

    “Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir”.

    M.Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərə münasibət bildirib. O deyib ki, məcəlləyə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmir:

    “Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçiririk. Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.

  • Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

    Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. Biz kəmiyyət etibarilə vergi yoxlamalarını azaldacağıq. Lakin bu, nəzarətin zəifləyəcəyi demək deyil.

    Bunu Vergilər Nazirliyinin “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransında çıxış edən nazir Mikayıl Cabbarov deyib:

    “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil.

    İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”.

  • Artırılmış pensiyaların veriləcəyi tarix açıqlandı

    Hazırda pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların maliyələşdirilməsinə başlanması nəzərdə tutulur.

    Bunu oxu.az-ın sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:

    “Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

    Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar”.

  • Azərbaycanda bitkoin alanlara xəbərdarlıq edildi

    Kriptovalyutalarla əməliyyatlar çox risklidir.

    Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov deyib.

    O, Azərbaycan xalqını diqqətli olmağa çağırıb.

    Bəzi ölkələrin kriptovalyuta texnologiyasında hesablaşmalar həyata keçirməsi pilot xarakteri daşıyır:

    “Blokçeyn inqilabi texnologiyadır. Lakin Mərkəzi Bank onun kommersiya istiqamətindən deyil, informasiya sistemindən yararlanmaq niyyətindədir. Blokçeyn texnologiyası daşınar, daşınmaz əmlakın reyestrinin aparılmasında mümüh rol oynaya bilər.

    Blokçeyn texnologiyasının kommersiya tərəfi risklidir. Hər bir investor bu riskə gedib-getməməyi özü müəyyən etməlidir”.

  • Mərkəzi Bank sədri manatın taleyindən danışdı

    Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir.

    Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Məlum olub ki, AZN/USD məzənnəsinin uzun müddətdir 1,7001 səviyyəsində qalması “üzən məzənnə” rejimindən imtina edilməsi demək deyil:

    “Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir.

    Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.