Category: İqtisadiyyat

  • Bu gündən “Dəmirbank” əmanətçilərinə kompensasiya veriləcək

    Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

    Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

    Kompensasiyalar “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

    Qeyd edək ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.

    Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.

  • Böyük biznes şirkətləri ailə biznesinə dəstək üçün proqrama cəlb edilə bilər

    “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür.

    Bunu prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

    Prezident bildirib ki, bu, fermerlərə, ailə təsərrüfatlarına öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarmağa imkan verir:

    “Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.

    “ABAD”la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib. Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər.

    Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir.

    Mən giriş sözümdə sərmayə qoyuluşu ilə bağlı qeyd etdim ki, bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər”.

  • “DəmirBank”ın qorunan əmanətçilərindən tələb olunan sənədlər açıqlanıb

    Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

    Fonddan oxu.az-a verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

    Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və ya əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan ıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

    Qorunan əmanətçilər ərizə formalarını 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, KapitalBank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

  • Biznes sektorunda vergi yoxlamaları tamamilə dayandırıldı

    Azərbaycan Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat daxil olub. 

    Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.

    Bildirilir ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır. 

    Mənbə bunu yalnız kadr dəyişikliyi ilə deyil, həm də yeni nazirin vergi yoxlamalarının aparılması prosesində müəyyən dəyişikliklər edə bilməsi ilə izah edir.

  • Vergilər Nazirliyindən yeni qayda: Sahibkarlar alınmış malın 40%-i qədər cərimələnəcək

    2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

    Bu barədə Baku.ws-ə Vergilər Nazirliyindən məlumat verilib.

    Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

    Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

    Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.
    Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala –

    1. birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,
    2. ikinci dəfə yol verdikdə 20 faizi,
    3. üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

    Vergilər Nazirliyi tövsiyyə edir ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir.

    Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

  • Xırda pulu götürmək istəməyənlər cəzalandırılsın! – TƏKLİF

    1, 3 və 5 qəpik Azərbaycanda ən xırda pul vahididir. Bəzən xırda pullara yanaşmalar təəccüb doğurur, xüsusilə də kimlərsə ondan imtina etdikdə… Axı niyə 1, 3, 5 kimi xırda metal pullara münasibət birmənalı deyil?

    Hələ də xırda pulları qəbul etməyən ticarət və xidmət obyektləri var. Digər tərəfdən həmin qəpikləri gündəlik minib-düşdüyümüz avtobuslarda da istifadə edə bilmirik.

    Bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Hünərin var hansısa avtobus sürücüsünə 3 və 5 qəpik uzadasan… Az qalırlar onu alıb sərnişinin başına vursunlar… Elə bəzi dükan və mağazalarda da eyni vəziyyət hökm sürür… 1, 3 və 5 qəpikləri ticarət şəbəkəsində, ictimai iaşə yerlərində, avtoparklarda, nəqliyyatda ödəniş kimi istifadə etmək istədikdə sanki xidmət göstərənləri təhqir edirsən. Çox zaman adamı borclu çıxarmağa da cəhd edirlər. Sanki xırda qəpik uzatmaqla günah bir iş görmüş olursan.

    Bəs metal qəpiklərə bu cür hörmətsizliyin səbəbləri nədən qaynaqlanır? Milli pula belə sayğısızlıq hansı məsuliyyət yaradır?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Modern.az-a bildirib ki, Azərbaycanda dövriyyədə olan istər qəpik, istərsə də kağız pulların istənilən ticarət və xidmət obyektində istifadə edilməsi çox vacibdir:

    “Qanunvericilik tərəfindən hər hansı əskinasın və ya qəpiyin, yəni dəmir pulların qəbulu zamanı imtina halları birmənalı şəkildə qadağan edilə bilər. Həmçinin, bu hallarda sözügedən qurumlara qarşı xüsusi cərimələr tətbiq edilə bilər. Dəfələrlə bu məsələnin gündəmə gəlməsinə, müzakirə edilməsinə baxmayaraq təəssüf ki, reallıqda hələ də həmin pulların istifadəsi ilə bağlı problemlər qalır. Əslində fərqli metodlardan istifadə edilməsinə ehtiyac var. Düşünürdük ki, plastik kartlardan istifadə işlərinin genişləndirilməsi xırda pullara tələbatı azaldacaq. Amma hələlik plastik kartlardan istifadə ölkə daxilində geniş olmadığı üçün yenə də xırda qəpiklərin tələb olaraq qalması, eyni zamanda onların saxlanması vacibdir. Bu, supermarketlərə rəqabət aparmaq baxımından imkanlar verir. Bəzi hallarda supermarketlər 2-3 qəpik fərqlə məhsul təklif etməklə bir növ rəqabət yaratmış olurlar. Bu baxımdan xırda pulların istifadəsi güman olunur ki, davam edəcək”.

    Ekspert qeyd edib ki, problemin aradan qaldırılması üçün bu istiqamətdə ciddi addımlar atılmalıdır:

    “Amma qeyd etdiyim kimi, pulların qəbulu ilə bağlı problemlər var. Buna görə də xüsusilə Mərkəzi Bank tərəfindən xırda pulların istifadəsi ilə bağlı nəzarətin gücləndirilməsinə ehtiyac duyulur. Ümumiyyətlə, bununla əlaqəli ayrıca qaydalar müəyyənləşdirilməlidir. Çünki bu, həm də istehlakçı hüquqlarının pozulmasıdır. Bu gün istehlakçı dövriyyədə olan rəsmi pulla mağazaya girir və pullar qəbul edilmir. Ona görə də yeni qaydaların tərtib edilməsi çox önəmlidir.

    Xüsusən də əskinasların və dəmir pulların qəbul edilməməsi zamanı konkret cərimələr müəyyənləşdirilsin. Daha sərt qaydalar olmalıdır. İstənilən ticarət və xidmət obyekti pulları qəbul edəcəyi halda artıq onların işlənmə problemi olmayacaq. Mağazalar adətən xırda pullarla digər mağazadan mal ala bilməyəcəyini düşünüb qəbul etmir. Amma qaydalar sərtləşərsə, qanunvericilik təkmilləşərsə, nəticə etibarilə bütün mağaza və xidmət obyektləri tərəfindən xırda pulların asan şəkildə qəbuluna imkan yaranacaq”.

    Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Tahir Kərimli deyib ki, xırda qəpiklərə bu cür münasibət inzibati məsuliyyət yaradır:

    “Bu gün 3-5 qəpiklərin gündəlik həyatımızda istifadəsində açıq şəkildə imtina edilməsi və buna birbaşa olaraq sahibkarların şərait yaratması açıq şəkildə cinayət faktıdır.

    Belə hallara qarşı mübarizə aparılmalı və günahkarlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar.

    Həm Cinayət Məcəlləsində, həm də inzibati hüquqpozmalar qanununda Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

    Dövlət rəmzlərinə hörmətsizlik faktında cinayət tərkibi böyük olanda bu Cinayət Məcəlləsi ilə, xırda hüquqpozma olduqda isə inzibati hüquqpozmalar qanunu ilə tənzimlənir”.

  • Sənədsiz evlərə də elektrik enerjisi veriləcək

    “Azərişıq” ASC sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ilə danışıqlar aparır. ƏMDK sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.

    Bizimyol.info xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov bildirib. “Minə yaxın qeyri-əhali qrupundan abonentlər müraciət edib. 3 gün ərzində 80 faiz qoşulma həyata keçirilib. Müraciətlərinə müsbət cavab verilməyən abonentlər dövlət tərəfindən qoyulan limitdən yayınmaq üçün əlavə qeydiyyata düşmək istəyib. İmtinanın digər səbəbi debitor borclardan yayınmağın qarşısını almaqdır”.

  • “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

    Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

    Oxu.az-ın xəbərinə görə,  əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib. 

    O, bildirib ki, bu sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb. V. Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

    Məlumat dinlənildikdən sonra müzakirələr başlayıb. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. “Ələt azad iqtisadi zonası haqqında” mükəmməl qanun layihəsi hazırladığına görə İşçi qrupun rəhbərinə və qrup üzvlərinə təşəkkürlərini bildiriblər.
    MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

    MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  öz növbəsində son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

    MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov da azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

    Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Nəbizadə, Cavid Qurbanov, Tahir Kərimli, İlham Əliyev, Çingiz Qənizadə, Şəmsəddin Hacıyev, Rafael Cəbrayılov, Əsabil Qasımov dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri diqqətə çatdırıblar. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunmasının vacibliyini qeyd ediblər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışıblar. Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.
    Müzakirələrdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə MM-in müzakirəsinə tövsiyə olunub.

  • I və II qrup əlillərlə bağlı daha bir neçə YENİLİK

    Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlar kvota müəyyən edəcəklər.

    Median.Az Modern.az-a istinadən məlumatına görə, bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.

    Yeni qanun layihəsinin 22-ci maddəsində (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) göstərilib ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.

    Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər.

    Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.

    “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə görə, I və II qrup əlilliyi olan şəxslərin əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil ediləcək.

    Yeni qanun layihəsinin 24-cü maddəsində ( işəgötürənlərin istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsləri işə düzəltmək vəzifələri) qeyd edilib ki, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.

    Yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirə ediləcək.

  • “Yığımlar yubanırsa, pensiyaların verilməsində çətinlik yaranır”

    “Uzun müddətdir yerli bələdiyyələrdə Dövlət Sosial Müdafiə Fondu üçün ciddi borc yaranıb”

    “Azəriqaz” İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu yoxdur. İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev mətbuata açıqlamasında bildirib ki, “Azəriqaz” tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal-hazırda vaxtı keçmiş borc qalmayıb.

    “Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat “Azəriqaz” İstehsalat Birliyinə daxil olmayıb” — deyə o vurğulayıb.

    Bundan öncə xəbər verildiyi kimi, DSMF cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığorta edənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığorta edənlərə qarşı (1 iddia “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ə qarşı, 3 iddia “Azəriqaz” İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata, 228-i digər hüquqi şəxslərə, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb. Ardınca “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC DSMF-ə borcunun olmasını inkar edib.

    İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dövlət qurumlarının mühasibatlığı müasir tələblər əsasında qurulmalıdır: “Eyni zamanda, qurumlar öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməklə digər iqtisadi subyektlər üçün nümunəvi rol oynamalıdır. Amma bəzi hallarda xüsusilə zərərlə işləyən müəssisələr vergi, sosial-sığorta da daxil olmaqla öz öhdəliklərini yerinə yetirə bilmirlər. Son nəticədə dövlət müəssisələrinin büdcəyə borcu yaranır”.


    “DSMF tələblərini məhkəmə instansiyaları səviyyəsinə qədər yüksəldə bilər. Amma faktiki olaraq bu qurumlar arasında indiyədək problemin həlli istiqamətində ciddi müzakirələr aparılmayıb və problemin nədən ibarət olduğu üzə çıxarılmayıb” — mütəxəssis bildirib.

    Onun sözlərinə görə, Hesablama Palatasının apardığı müşahidələr, yoxlamalar zamanı məlum olub ki, həm dövlət qurumlarında, həmçinin, DSMF-də uçotun aparılması ilə bağlı ciddi problemlər var: “Bu problemlər də son nəticədə qurumlar arasında anlaşılmazlığın və yaxud uyğunsuzluğun yaranmasına gətirib çıxardır. Daha yaxşı olar ki, bu kimi məsələlər ilk olaraq qurumlar arasında müzakirə edilsin və daha sonra məhkəmə instansiyalarına gedib çıxsın”.

    R.Həsənov deyib ki, hazırda yerli bələdiyyələrlə DSMF arasında da bənzər problem var və uzun müddətdir ki, yerli bələdiyyələrdə DSMF üçün ciddi borc yaranıb: “Bu borc bələdiyyələrdə ödənilməmiş əmək haqqına görə yaranıb. Amma mexanizmin olmaması və qurumların hüquqlarını doğru-düzgün anlamaması nəticəsində faktiki olaraq bu gün DSMF bələdiyyələrdən bu ödənişi tələb edir. Və büdcədən bələdiyyələrə verilən yardımın böyük bir hissəsi məhz bu istiqamətə yönəldilir”.

    “Yəni, burada uçotun doğru aparılmaması, eyni zamanda, dəqiqləşdirmələrin vaxtında yerinə yetirilməməsindən ortaya çıxmış problemlər müşahidə edirik. Ziddiyyətli məqamdır ki, bir dövlət qurumu digər dövlət qurumundan məhkəmə vasitəsilə öz ödəniş borclarını yerinə yetirməyi tələb edir. Digəri isə bu borcun olmadığını iddia edir” — ekspert vurğulayıb.

    Həsənov hesab edir ki, növbəti dövrlərdə prosesə böyük ehtimalla Hesablama Palatası kimi nəzarət qurumları da cəlb ediləcək: “Hazırda hansı qurumun haqlı olması ilə bağlı konkret fikir demək çox çətindir. Məhkəmələr problemin hansı tərəfdə olduğunu müəyyənləşdirəcək”.

    İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dövlət qurumları digər və xüsusilə də özəl qurumlara örnək olmalıdır: “Dövlət qurumları, xüsusən də məcburi, o cümlədən sosial öhdəlikləri vaxtında həyata keçirməlidir. Çünki bu, məcburi öhdəlikdir. Amma çox təəssüf, xüsusilə son aparılan monitorinqlər göstərir ki, bəzi dövlət qurumları məcburi öhdəliklərə ciddi yanaşmır və məcburi öhdəliklərin həyata keçirilməsi, sanki əsas öhdəlik kimi deyil, yardımçı vəzifələr sırasına daxildir. Bu da arzuolunan deyil”.

    “Bu, nəticə etibarı ilə xüsusən də vergi və sosial ödənişlərdə nəzərdə tutulan vəsaitin büdcəyə cəlb edilməsinə imkan vermir. Çünki DSMF-nin sosial öhdəlikləri var. Onun sosial öhdəliklərini yerinə yetirməsi üçün də birmənalı şəkildə yığımlar olmalıdır. Yığımların bir hissəsi özəl sektordan, bir hissəsi dövlət sektorundan cəlb edilir. Əgər dövlət sektoru həmin yığımları yubadırsa və ya ödəməkdən boyun qaçırırsa, ödəmirsə, o halda artıq DSMF də xüsusən sosial öhdəliklərini, o cümlədən pensiyaların vaxtında verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkə bilər. Ona görə də dövlət qurumlarının məcburi öhdəliklərinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Məhkəmə yolu ilə bu məsələnin həlli mümkündür. Daha yaxşı olar ki, bu tip münasibətlər məhkəməyədək uzanmasın” — Bayramov qeyd edib.//sputnik.az