Category: İqtisadiyyat

  • Yaşayış minimumu 300 manat olacaq

    Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

    Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

    Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

    Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar nə vaxt ödəniləcək?

    Dekabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Bankların müştərilərin xəbəri olmadan “qopardığı” xidmət haqları – Bu, nə qədər qanunidir?

    Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur.

    Bəs Azərbaycan qanunvericiliyinə görə, hər bir əlavə xidmət müştərilərin razılığı olmadan aparıla bilər? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı?

    Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz:

    “Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank “məcburidir” deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. “Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil”.

    Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, banklar tərəfindən əlavə xidmətin ödənişi müştərinin açıq və aydın razılığı olmadan tutulmamalıdır:

    “Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. “İşsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

    İsmayıl Məmmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşın hüquqları çox açıq şəkildə qorunur:

    “Bunun üçün banklar tərəfindən ödəniş razılıqsız tutulubsa, müştəri:

    – Bankdan yazılı izahat tələb edə və vəsaitin geri qaytarılmasını istəyə bilər
    – Cavab qane etməzsə – Azərbaycan Mərkəzi Bankına şikayət verə bilər
    – Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər
    – Son mərhələ olaraq – məhkəmə qaydasında mübahisə edilə bilər

    Çünki bu, artıq istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirilir”.

    Ekspertin sözlərinə görə, Bank xidmətləri üzrə şərtlər və tariflərdə dəyişikliklər ən azı 30 gün əvvəl müştəriyə rəsmi kanallarla çatdırılmalıdır:

    “Ancaq ən əsas norma budur ki, müştəri kartı sifariş etməzdən və müqaviləni imzalamazdan əvvəl bütün xidmətlər barədə tam məlumatlandırılmalıdır”.

    “Bu ödəniş bir dəfəlikdir, yoxsa hər ay tutulur?” sualına cavab olaraq isə həmsöhbətimiz qeyd edib ki, bu bankdan bankа dəyişir: “Bəzi banklar aylıq, bəziləri isə illik sığorta haqqı tətbiq edir”.

  • Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb – 5 min AZN-dək…

    “Hazırda şəhərin mərkəzində Səbail, Nəsimi, Nərimanov rayonları, o cümlədən Yasamal rayonunun prestijli hissəsində qiymətlər çox yüksəkdir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    AQC sədri əlavə edib ki, qiymətlər otaqların sayı, təmiri və komfort səviyyəsinə görə 800-2000 manat arasında dəyişir:

    “Qiyməti daha baha qiymətə olan mənzillər də var ki, orada xarici vətəndaşlar, səfirlik işçiləri, xarici şirkət nümayəndələri yaşayrılar. Bu mənzillərdə kirayə qiymətlər isə 5 min AZN-ə qədər yüksəlir”.

  • Qanun dəyişir: 8 min manatlıq müavinət kimlərə veriləcək?

    “Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur”.

    Bunu deputat Vüqar Bayramov deyib.

    Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

    “Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək. 2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir”, deyə Vüqar Bayramov qeyd edib.

  • Kommunal xidmətlərin vahid informasiya sistemi bu tarixdə istifadəyə veriləcək

    “Bizim təsərrüfat subyektlərində süni intellekt mövzusunda addımlar atılmaqdadır. “Azəristiliktəchizat”da rəqəmsallaşma istiqamətində planlar mövcuddur. Hazırda yüksəksəviyyəli nümayəndələr həm “Azəristiliktəchizat”la, həm də Energetika Nazirliyi ilə Avropada ezamiyyətdədirlər”.

    Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı energetika nazirinin müavini Elnur Sultanov deyib.

    “Bununla yanaşı, SOCAR-da çox diqqətədəyər hadisələr baş verir. Bilirsiniz ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir. Yəni effektivliyin qarşılığında eyni zamanda kiberhücuma məruzqalma çağırışları ilə üz-üzə qalmış oluruq. SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhülkəsizlik əməliyyatlar sistemi də qurmaqdadır. “Azərişıq”da təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışmaq istərdim. İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər bir məsələ “Azərişıq” çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun ötəsində bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər”, deyə Elnur Sultanov bildirib.

    Nazir müavini qeyd edib ki, “Azərenerji”də artıq 143 obyekt SCADA – rəqəmsal sistemə qoşulub:

    “Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb”.

  • Misin qiyməti tarixi maksimuma çatıb

    Misin qiyməti tarixi maksimuma çatıb.

    Median.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, rəngli metalın qiyməti 1,3% artaraq, 11 771 dollar səviyyəsinə çatıb ki, bu da rekord sayılır.

    Bildirilir ki, qiymət artımı Çin hökumətinin 2026-cı il üçün əsas iqtisadi prioritet qismində daxili tələbatın gücləndirməsinə dair bəyanatları fonunda baş verir.

  • Gömrük Hospitalının bir milyon manatlıq tenderi ləğv edilib

    Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

    Buna səbəb təchizatçıların yetərsay təşkil etməməsidir.

    Tenderin ilkin ehtimal olunan dəyəri 1 milyon 91 min 614 manat olub.

    Tender çərçivəsində müxtəlif immunoqlobulin preparatları, koaqulyasiya faktorları, antibiotiklər və digər tibbi vasitələrin alınması nəzərdə tutulurdu.

  • Mərkəzi Banka yeni səlahiyyət verildi

    “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib.

    Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

    Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra – AÖS) vasitəsilə həyata keçiriləcək.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

    AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək.

    Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.

    Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

    ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    ödəyici və vəsait alanın hesab nömrəsi;
    ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    ödəniş sərəncamının verildiyi tarix;
    ödənişin təyinatı;
    ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);
    ödəyicinin imzası(ları) və möhür (olduqda).

    Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

    vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    vəsait alanın və ödəyicinin hesab nömrəsi;
    ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    ödəniş sərəncamının verildiyi tarix;
    ödənişin təyinatı;
    ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;
    vəsait alanın imzası(ları) və möhürü (olduqda).

    Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

    Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.

  • Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları olub.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.