Category: İqtisadiyyat

  • 2026-cı ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ

    Azərbaycanın manatının ABŞ dollarına qarşı 1.7/1 səviyyəsində sabitliyini qoruyacağı gözlənilir, bu da müntəzəm valyuta müdaxilələri və möhkəm ehtiyat mövqeyi ilə dəstəklənir.

    Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilir.

    Məlumatda qeyd edilib ki, Mərkəzi Bankın ehtiyatları 31 oktyabr 2025-ci il tarixinə qədər orta hesabla 11.4 milyard ABŞ dollar məbləğində artıb (təxminən, dörd aylıq cari hesab ödənişləri) və neft qiymətləri ilə əhəmiyyətli bufer təmin edib.

  • Suqovuşanda ticarət mərkəzi inşa olunacaq

    Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

    Müqavilədə ticarət mərkəzinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.

    Müqaviləyə əsasən, ticarət mərkəzinin layihəsi 64 664 manata hazırlanacaq.

  • Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq

    Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir.

    Median.Az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

    Bu gün Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

    Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib.

  • Deputat: “2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları artacaq”

    “Azərbaycanda ortaaylıq əməkhaqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1 087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyaların indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımından da vacibdir”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    Deputat qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir:

    “Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İlkin gözləntilərə əsasən, 2026-cı ildə ortaaylıq əməkhaqqı 9.2 faiz artacaq. Yəni bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi qaydada elan olunacaq.

    İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının üç növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

    V.Bayramov bildirib ki, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq:

    “Belə ki, ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

    Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım, təxminən, 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal ortaaylıq əməkhaqqındakı artım faizinə uyğun həyata keçiriləcək”.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.04 ABŞ dollar və ya 0.06% azalaraq 66.50 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dollarına bərabər olub.

  • Bu il əcnəbilərə 10 milyon manata yaxın “tax free” qaytarılıb

    2025-ci ilin yanvar – noyabr aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 9 milyon 819,7 min manat təşkil edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min manat olub.

  • Bu il yığılan verginin həcmi açıqlandı

    Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil olub, proqnoza 105.1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315.1 milyon manat və ya 2.1 faiz artıb.

    Median.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187.6 milyon manat olub, proqnoz 102.7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8.7 faiz artıb.

    Ödənilən vergilərin 73.1 faizi qeyri-neft-qaz sektorunun, 26.9 faizi isə neft-qaz sektorunun payına düşüb.

    Cari ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733.6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz və ya 601.3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12.3 faiz artaraq 3 milyard 832.2 milyon manat olub.

    İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11.4 faiz artıb və 155 milyon manat olub.

    İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10.1 faiz artaraq 1 milyard 6.3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.6 faiz artıb və 713.7 milyon manat təşkil edib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.32 ABŞ dolları və ya 0.48% artaraq 66.54 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.22 ABŞ dollarına bərabər olub.

  • Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

    Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin oktyabr ayında orta hesabla 126.4-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 1.6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0.4% azalıb.

    Median.Az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, dövr ərzində bitki yağları üzrə qiymət indeksi artıb, şəkər, süd, ət və taxıl məhsulları üzrə isə azalıb.

    TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

    Taxıl məhsullarının Qiymət İndeksi oktyabr ayında orta hesabla 103.6 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 1.3 bənd (1.3%) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9 bənd (9.5%) azalıb.

    Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Cənub yarımkürəsində məhsul yığımının olması və şimal yarımkürəsində payızlıq buğda əkinin davam etməsi fonunda buğda qiymətinin azalması;

    Artan rəqabət və bir sıra şimal yarımkürəsinin ixracatçı ölkələrində əsas məhsul yığımının başlaması fonunda düyü qiymətinin azalması.

    Qarğıdalı, arpa və sorqo qiymətinin azalması.

    BİTKİ YAĞLARI

    Bitki yağı Qiymətləri İndeksi oktyabr ayında orta hesabla 169.4 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 1.5 bənd (0.9% ) artıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7 bənd (10.9%) artıb.

    Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:

    İndoneziyanın 2026-cı ildə biodizel qarışdırma mandatlarında planlaşdırılan artımı və Malayziyada yüksək ixracat fonunda palma yağı qiymətinin artması;

    Qara dəniz regionundan məhsul gecikmələri və məhdud tədarük fonunda günəbaxan yağı qiymətinin artması;

    Avropa, Braziliya və ABŞ-də yüksək tələbat fonunda kolza və soya yağı qiymətlərinin artması.

    ƏT MƏHSULLARI

    Ət Qiyməti İndeksi oktyabr ayında orta hesabla 125.0 bənd təşkil edib:

    Sentyabr ayına müqayisədə 2.5 bənd (2.0%) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 bənd (4.8%) artıb.

    Ət məhsulları qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Ticarət məhdudiyyətləri fonunda quş əti qiymətinin azalması;

    Avstraliyada yüksək tədarük fonunda qoyun əti qiymətinin azalması;

    Çində olan aşağı idxal tələbi fonunda donuz əti qiymətinin azalması.

    SÜD MƏHSULLARI

    Süd məhsullarının Qiymətləri İndeksi oktyabr ayında orta hesabla 142.2 bənd təşkil edib:

    Sentyabr ayı ilə müqayisədə 5.0 bənd (3.4% ) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 bənd (2.6%) artıb.

    Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Avropa İttifaqı və Yeni Zelandiyada yüksək təklif və Asiya və Yaxın Şərqdən idxal tələbinin azalması fonunda kərə yağı qiymətinin azalması;

    Avropa İttifaqında süd tədarükünün yüksək olması və ixrac tələbinin azalması fonunda pendir qiymətinin azalması;

    Süd tozu qiymətinin azalması.

    ŞƏKƏR

    Şəkər Qiymət İndeksi oktyabr ayında orta hesabla 94.1 bənd təşkil edib:

    Sentyabr ayına nisbətən 5.3 bənd (5.3 faiz) azalıb;

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4 bənd (27.4%) azalıb.

    Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:

    Beynəlxalq xam neft qiymətləri bioyanacaq sektorunun tələbinin azalması fonunda şəkər qiymətinin azalması;

    Hindistan və Taylandda əlverişli məhsul fonunda şəkər qiymətinin azalması.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,5 faiz, 2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,7 faiz təşkil edib.

  • Azərbaycanın hava nəqliyyatı ilə daşımalardan gəlirləri 3 milyard manata yaxınlaşıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 2 milyard 944,58 milyon manat gəlir əldə edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 % azdır.

    Yük daşımalarından 1 milyard 666,482 milyon manat (-13,9 %) gəlir əldə edilib. Bu məbləğin 1 milyard 665,63 milyon manatı beynəlxalq reyslərin payına düşüb (-13,9 %). Daxili daşımalardan əldə edilən gəlirlər isə 21,8 % azalaraq 852,5 min manat olub.

    Hava nəqliyyatı ilə sərnişin daşımaları 1 milyard 278,094 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 16,9 % azdır. Bu məbləğin 1 milyard 221,677 milyon manatı beynəlxalq reyslər (-18,1 %), 56,416 milyon manatı isə daxili reyslər (+20,3 %) hesabına təmin edilib.

    2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 288,3 min ton yük (-8,2 %) və 3,105 milyon sərnişin (+1,5 %) daşınıb.