Category: İqtisadiyyat

  • “Hökumət onlayn kreditə qadağa qoymalıdır” – İqtisadçı ekspert

    “Onlayn kredit verilməsi zamanı “ASA İmza”dan istifadə edilməsi vacib olmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında problemli kreditlərin artmasından danışarkən iqtisadçı ekspert Akif Nəsirli deyib.

    Ekspert ölkədə problemli kreditlərin artması fonunda bankları bu riskə getməməyə səsləyib:

    “Banklar vətəndaşı tapa biləcəklərinə güvənirlər. Borc verdikləri vətəndaşın ilk növbədə real olduğunu müəyyənləşdirməsələr də, sonradan adına kredit sənədləşdirilən şəxsi asanlıqla tapa və onun qarşısına tələb qoya bilirlər. Ona görə də banklar bir qədər arxayındırlar. Hesab edirəm ki, bu məsələni tənzimləyən xüsusi qanuna ehtiyac var. Məsələn, birinin telefonunu oğrayıblar. Telefon da kodsuzdur. Həmin adamın telefonunu götürüb nə qədər istəsən kredit rəsmiləşdirmək olar. Beləliklə də onu borc altında qoymaq asandır”.

    Akif Nəsirli vurğulayıb ki, bu sistem vətəndaşlarda banklara qarşı təzə-təzə yaranmış güvəni sarsıdır:

    “Məsələ qanunvericiliklə tənzimlənməlidir. İlk növbədə prosesdən hökumət narahat olmalı, məsələnin qarşısını almaq üçün qanun qəbul etməlidir. Bank kredit verdiyi vətəndaşla üzbəüz oturmalıdır. Yaxud da vətəndaş pul almaq istəyirsə, bankın yerləşdiyi məkana getməlidir. Kreditin verilməsi ən azı qarşı-qarşıya təmasdan keçməlidir”.

    Ekspert hesab edir ki, Azərbaycan hökuməti onlayn kreditə qadağa qoymalıdır:

    “Çünki, məsələn, kiminsə telefonunu əlindən alaraq təzyiq edərlər, bıçağı boğazına dirəyərək deyərlər ki, “aç telefonu, mənim üçün kredit götür”. Niyə belələrinə şərait yaradılmalıdır?”.

  • Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri vəzifəsindən azad edilib

    Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib.

    O, bu vəzifəyə bu ilin fevral ayında təyin edilmişdi.

    Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsində çalışıb.

  • Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb

    Türkiyənin “Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı agentliyə ətraflı məlumat verilib.

    Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

    AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.

  • Qızılın qiyməti yenidən 3400 dolları keçdi

    “Comex” ticarət platformasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçersləri bir Troya unsiyası üçün 3 400 dolları növbəti dəfə ötüb. Belə artım aprelin 22-dən bəri ilk dəfə qeydə alınıb.

    Bunu birja məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 16:42-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 1 unsiya üçün 3 400.4 dollar səviyyəsinə çatıb.

    Lakin beş dəqiqə sonra, Bakı vaxtı ilə saat 16:47-də artım tempi bir qədər yavaşlayıb və kotirovkalar yenidən 3 396.6 dollar səviyyəsinə düşüb ki, bu da hələ də 0.82% artım deməkdir.

  • “Bakı-Minsk Ticarət İqtisadiyyat Evi” MMC ləğv olunub

    “Bakı-Minsk Ticarət İqtisadiyyat Evi” MMC ləğv olunduğunu elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1127 Bakı şəhəri, Xəzər rayonu, Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsi, ev 42, mənzil 1 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, 2010-cu ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Fuad Əzimovdur, nizamnamə kapitalı isə 100 manat təşkil edir.

  • Azərbaycanda POS-terminaldan istifadə ilə bağlı nəzarət tədbirləri bərpa olundu

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatı vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini bərpa edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət məlumat yayıb.

    Məlumata görə, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericiliyin pozulması faktları aşkarlanıb. Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Fariz Ağasəddin oğlu Nəsirova məxsus obyektdə, həmçinin Yasamal rayonu Hüseyn Cavid prospektində Zeynəb Müseyib qızı Qasımovaya məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

    “Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə görə, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

  • Qızıl füçerslərinin qiyməti 3250 dollardan aşağı düşdü

    “Comex” birjasında aprelin 15-dən bəri ilk dəfə olaraq qızıl füçerslərinin qiyməti 1 troya unsiyası üçün 3250 dollardan aşağı düşüb.

    Median.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bununla bağlı məlumat Nyu-York Ticarət Birjasının ticarət platformasında yer alıb.

    Bakı vaxtı ilə saat 04:54-ə olan məlumata görə, qızılın qiyməti 2.01% azalaraq 1 unsiya üçün 3247 dollar təşkil edib. Daha sonra qiymətin azalması yavaşlayıb və saat 5:13-də 3 249.3 dollar olub.

  • Azərbaycanın qızıl ixracından gəlirləri kəskin artıb

    2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan 65.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilib.

    Vurğulanıb ki, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 3.5 dəfə və ya 46.7 milyon ABŞ dolları çoxdur.

    Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 2.1 dəfə çoxdur.

  • Əhalinin nəzərinə: Maaş belə hesablanacaq

    Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq iş rejimi əsasında verilməsi barədə müzakirələr gedir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqinə dair təkliflərin hazırlanaraq cari ilin 1 iyun tarixinədək aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur. Sözügedən tədbir 2025-ci il üzrə Yol Xəritəsində, “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru çərçivəsində əksini tapıb. Bu proses necə reallaşacaq? Maaşların bu formada verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri var?
    Sözügedən məsələ ilə bağlı iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Referans-a açıqlama verib. Emin Qəriblinin qənaətinə görə bu sistemə keçidin səbəbi odur ki, hazırda beynəlxalq miqyasda məhz bu üsulla maaşların ödənməsi həyata keçirilir və reallaşdırılır. Yəni, saatla hesablandıqda daha konkret olur, tədqiqat baxımından da daha dəqiq nəticələr əldə edilir. Üstəlik, hər hansı bir müqavilə bağlayarkən də iş saatları daha dəqiq müəyyənləşir. Elə işlər var ki, bütün günü əhatə etmir, yalnız müəyyən saatlarda yerinə yetirilir.

    Eskpert onu da diqqətə çatdırıb ki, belə olduqda, həm dövlət həm də digər müəssisələrlə iş bölgüsü daha real şəkildə həyata keçirilir. Məsələn, günün bir hissəsində bir müəssisədə, digər hissəsində isə başqa bir müəssisədə işləyə bilərsiniz. İndiki aylıq əmək haqqı sistemində isə belə hallar tam dəqiq əks olunmur; yarım ştat anlayışı var, amma əslində kimin neçə saat işlədiyini müəyyən etmək çətin olur. Məsələn, siz gündə 2 saat işləyirsiniz, amma sənəddə yarım ştat işləyən şəxs kimi qeydiyyatda olursunuz. Yeni sistemdə isə iş saatlarınız dəqiq göstəriləcək.

    “Bu da o deməkdir ki, insanlar bir neçə yerdə qanuni şəkildə işləyə biləcək və əlavə gəlir əldə etmək imkanları yaranacaq. Yanlış anlaşılmasın: maaş artmır, sadəcə iş saatlarınız dəqiqləşir. Bu da sizə başqa yerlərdə işləyib əlavə gəlir qazanmaq üçün şərait yaradır”, – deyə Emin Qəribli əlavə edib.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    Aprelin 28-nə olan məlumata görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27.4 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26.6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28.2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, aprelin 22-nə olan məlumata görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27.4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26.6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28.2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.