Category: Kriminal

  • “Ramana qalası”nın yanında iki kiloqram heroin aşkarlandı

    Bakıda, “Ramana qalası”nın yaxınlığında keçmiş məhkumdan satmaq üçün gizlətdiyi iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Median.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.

    Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman bir bükümdə çəkisi 0,818 qram olan narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. Saxlanılan şəxs ifadəsində “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında özünə məxsus, gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından, satmaq məqsədiilə, 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Öz uşağını öldürən narkoman ana: “Başından vurmuşdum” – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə öz övladını öldürən Sevinc Bayramovanın həbsxana hekayələri təqdim olunub.

    Sevinc Bayramova (cəzası 14 il): “Uşaq evində böyümüşəm. Daha sonra məni övladlığa götürdülər. Arada söz-söhbət olduqdan sonra məcbur olub o evdən çıxdım. Bir oğlanla tanış olub evləndim. Övladımız olduqdan bir az sonra yoldaşım vəfat etdi. Məcbur olub kirayədə yaşamağa başladım. Ərim narkotikdən istifadə edirdi. Müalicənin də xeyri olmurdu. Özüm də bir neçə dəfə istifadə etmişdim. 

    Evdə olanda yaşadığım oğlana zəng elədim ki, gələndə nəsə al, yeməyə heç nə yoxdur. Axşama yaxın gəldi yemək yedik. Sonra ev yiyəsi ağlaya-ağlaya məni çağırdı. Gördüm ki, uşağım yataqda uzanıb huşsuz halda. Tez həkimə apardıq, amma yolda keçindi. Aldığı zərbədən beyninə qan sızmışdı. Başından vurmuşdum. İmkansızlıq var idi, dolana bilmirdim ona da yemək ala bilmirdim. Möhkəm itələdim. Oğlan da qaçmaq istədi, dedi ki, mən yanında olmamışam. Amma çıxmaq istəyəndə polis içəri girdi. 14 il iş verdilər mənə”.

  • Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

    Yanvarın 30-da hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində dörd kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Araşdırmalarla onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu məlum olub. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri ilə Ə.Həmidovun yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov saxlanılıb. Ondan 1 kiloqram 640 qram heroin götürülüb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng də aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Gəncədə xüsusi təyinatlı polis güllələndi

    Gəncə Baş Polis İdarəsinin xüsusi təyinatlı bölməsinin əməkdaşı silahlı qarətin qurbanı olub. Cinayət hadisəsi yanvarın 20-də baş versə də, istintaq heç bir nəticə verməyib. Polis əməkdaşına hücum edən şəxsin kimliyi müəyyən edilməyib.

    Oxu.Az-a bu barədə Gəncə şəhər Prokurorluğundan məlumat daxil olub.

    Fakt üzrə yaradılan istintaq-əməliyyat qrupu silahlı cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində iş aparır.

    Qeyd edək ki, yanvarın 20-də Yeni Gəncə qəsəbəsində, gecə saat 11:00 radələrində mülki geyimdə olan polis serjantı Əhmədov Natiq Camal oğlu ayaq nayihəsindən güllə yarası alıb. Cinayətkar ona yaxın məsafədən atəş açıb. Hücum zamanı sonuncunun “Makarov” tipli tapançadan istifadə etdiyi güman edilir.

    Hücumla bağlı müxtəlif versiyalar nəzərdən keçirilir. Bir versiyaya görə, cinayətkar bu əməli törətməklə ondan intiqam almağa və ya ona hədə-qorxu gəlməyə çalışıb. Polis əməkdaşı ilə cinayətkar arasında münaqişənin olduğu istisna edilməsə də, Əhmədov hələlik bu barədə susur.

  • Şəmkirdə ailəyə basqın edilib, yaralılar var – YENİLƏNİB

    Şəmkir rayonuda baş vermiş hadisənin təfərrüatları məlum olub.

    “Report”un Qərb bürosu xəbər verir ki, adı hələlik açıqlanmayan, həyat yoldaşı ilə rəsmi şəkildə boşanmayan, lakin ayrı yaşayan ər sərxoş vəziyyətdə, bıçaqla qaynatasının evinə gəlib. O, övladlarını görmək istədiyini deyib və bu zaman tərəflər arasında əvvəlcə mübahisə yaranıb, sonra isə dava baş verib.

    Dava zamanı kişinin həyat yoldaşı, 40 yaşlı Orucova Nazənin, qaynanası xəsarət alıblar. Hadisə zamanı habelə ailənin evdə olan daha bir qohumu isə ürəktutmadan özündən gedib.

    Hadisə yerinə çağırılan həkimlər hər 3 şəxsə tibbi yardım göstərib. Evə basqın edən kişi polis tərəfindən saxlanılıb.

    Qeyd edək ki, oxşar hadisə əvvəllər də baş verib və kişi boşanmaq istəmədiyini, övladlarını istədiyini bildirib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Şəmkir rayonunda qohumlar arasında mübahisə yaranıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib.

    İlkin məlumata görə, bir ailəyə bıçaqla basqın edilib. Yaralıların olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

  • İrana qanunsuz keçmək istəyənlər tutulub

    Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı bir ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkarlanıb.

    Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə selofan materiala bükülmüş iki bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.

    Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən yeddi nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

    Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

  • Nardaranda AK-74 avtomatı gizlədən şəxs saxlanıldı – FOTO

    Əllərdə qanunsuz olaraq saxlanılan, müxtəlif üsullarla gizlədilən odlu silah-sursatın və onların hissələrinin aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

    Həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

    Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, bir ədəd AK-74 markalı avtomat, bir ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 2015-ci ilin dekabr ayında qəsəbədəki “Rəhimə xanım” ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək basdırdığını bildirib.

    Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, istintaq hərəkətləri davam etdirilir.




  • Bakıda silahlı şəxslər saxlanılıblar – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus beş ədəd patron aşkar olunaraq götürülüb.

    Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib.

    Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və bir ədəd patron aşkar olunaraq götürülüb.

    Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Azərbaycanlını Moskvada güllələdilər

    Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.

    Hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın “Slavyanskiy bulvar” metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

    Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq qaçıb.

    Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

  • Məşhur marketdə işləyən kassir qızdan şok hərəkət: Oğlanla birlikdə gizlincə 5700 manatlıq mal çıxartdı

    Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb.

    Xətai rayonu ərazisində yerləşən “Meqastore” mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.

    Hər iki şəxs obyektin mülkiyyətçisinin şikayətinə əsasən polsi tərəfindən saxlanılıb.

    Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır. (lent.az)