Category: Kriminal

  • Bakıda oğul atasını öldürüb yandırdı – YENİLƏNİB

    Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

    Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

    Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

    * * * * 

    Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

    Qəsəbədə yaşayan Azər Əliyev adlı şəxsə aid ev yanıb. Həmin evdə onun qardaşı, 1961-ci il təvəllüdlü İbrahim Əliyevin meyiti aşkarlanıb.

    Araşdırma zamanı İ.Əliyevin yanmazdan əvvəl bıçaqlandığı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 21 yaşlı Elməddin Əliyev, həmçinin 42 yaşı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin Vəliyev tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Azərbaycanda 89 hindistanlı saxlanılıb

    Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Hindistan Respublikasının 89 vətəndaşı saxlanılıb.

    Dövlət Miqrasiya Xidmətindən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycan Respublikasına gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və bir nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.

    Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycan Respublikasına gətirilməsini Hindistan Respublikası vətəndaşı, 22.01.1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.

    Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Munna” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.

    Qeyd olunan mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycan Respublikasında leqallaşdırılmasını təmin edəcəklərini vəd veriblər. Onlar Azərbaycan Respublikasına gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft buruqlarında işə düzəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əməkhaqqı adı altında 600 manat məbləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qazanıblar. Təşkilatçılar dələduzluq yolu ilə öz həmvətənlərinin vəsaitlərini mənimsəyib və həmin əcnəbilərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar.

    Sajid Frazın həyat yoldaşı, Azərbaycan Respublikasının vətəndaşı, 25.02.1992-ci il təvəllüdlü Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.

  • Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub – ŞOK TƏFƏRRÜAT

    Bakıda mənzildəki seyfdən 58 min dolların oğurlanması hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

    “Sputnik” xəbər verir ki, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib. 39 yaşlı zərərçəkmiş ötən il noyabrın 16-da və bu il yanvarın 27-də mənzildə ona məxsus olan seyfdən pulların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, pulları özgəsi deyil, ailə başçısının öz həyat yoldaşı oğurlayıb. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.

    İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə elan saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə həmin saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.

    Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.

    O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.

    İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri “WhatsApp” yazışmalarında da öz əksini tapıb

    Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.

  • Aslan İsmayılov polis nəzarətində məhkəməyə gətirildi (VİDEO)

    Vəkil Aslan İsmayılov polis nəzarəti altında Səbail rayon məhkəməsinə gətirilib.

    Baku.ws-in məlumatına görə, Aslan İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hüquqşünasa qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesinə polislə gətirilib.

    Qeyd edək ki, A.İsmayılov prosesə qatılmaq istəmədiyindən iclaslar bir neçə dəfə təxirə salınıb, hətta hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar verib. Bununla belə, yanvarın 26-na təyin olunan iclasda da A.İsmayılovun iştirakını təmin etmək mümkün olmayıb.

  • Bakıda qadın evindən 58 min dollar oğurlayıb sevgilisinə verdi

    Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

    DİN-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.

    Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

    Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs qadının məşuqu, 1988-ci il təvəllüdlü Ramil Muradovdur.

    Polisə isə öz evindən oğurluq etmiş qadının həyat yoldaşı müraciət edib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • Bakıda kişi keçmiş arvadının qanını tökdü

    Yasamal rayonu ərazisində kişinin keçmiş həyat yoldaşına hücum etməsi Rayon Prokurorluğu tərəfindən adam öldürməyə cəhd kimi araşdırılır.

    Cinayət hadisəsi yanvarın 31-də, 19:00 radələrində, H.B.Zərdabi küçəsində yerləşən 14/51 saylı yaşayış binasında baş verib.

    Məlumata görə, 1979-cu il təvəllüdlü Bağırov Ramil Feyzulla oğlu bıçaqla silahlanaraq, keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babazadə Şahnur Şahin qızına hücum edib. Bağırov qadının qarın və sinə nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Zərərçəkən ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

    Bağırova gəlincə,o, cinayət əməlini törətdikdən dərhal sonra hadisə yerindən qaçıb və hazırda Yasamal RPİ əməliyyatçıları şübhəlinin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    İlkin araşdırmaya görə, cütlük bir ay əvvəl Bağırovun psixi vəziyyəti ilə əlaqədar boşanıb. Şübhəlinin ruhi-əsəb pozuntularından əziyyət çəkdiyi bildirilir. Boşanan cütlüyün iki azyaşlı övladı var.

    Psixoz səbəbilə Bağırov keçmiş həyat yoldaşını təqib edib və öldürmək məqsədilə ona hücum edib.

    Faktla əlaqədar AR Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işi açılıb./oxu.az

  • Aldığı narkotikin pulunu “PayPoint”lə ödəyən şəxs tutuldu – FOTO

    Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə gün əvvəl saxlanılan və məhkəmə tərəfindən alternativ həbs-qətimkan tədbiri seçilərək azadlığa buraxılan şəxs eyni əməli törətdiyinə görə, bu dəfə ona narkotik maddəni satan şəxslə birlikdə yenidən tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hacıyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,159 qram çəkidə güclü psixotrop təsirə malik narkotik vasitə olan “Metamfetamin” aşkarlanıb.

    Bildirilib ki, S.Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılıb. Amma məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan yox, alternativ qətimkan tədbirlərindən biri seçilərək azadlığa buraxılıb. S. Hacıyev yenidən narkotiklərin alqı-satqısında iştirak etdiyi üçün saxlanılıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq S.Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı isə 8 qram “Metamfetamin” aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, R.Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra R.Məmmədov narkotik vasitənin pulunu ona “PayPoint” vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




  • Bakıda sürücü yol polisinin üstünə silah çəkib – YENİLƏNİB

    Bakıda yol polisinin üstünə silah çəkən sürücü həbs olunub.

    Bunu oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, sürücü avtomobili ilə aşkarlanıb:

    “Şübhəliyə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis Şöbəsində istintaq aparılır”.

    * * * *

    Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

    T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.

    Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

    Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

  • Bu dərmanın qanunsuz yolla keçirilməsinin qarşısı alındı

    Külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, Tehran-Bakı aviareysilə gələn İran İslam Respublikası vətəndaşının çamadanı rentgen aparatından keçirilərkən çamadanda olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

    Vətəndaşın çamadanı təkrar yoxlanılıb və çamadanın içərisində olan şəxsi əşyaların arasında, üzərində “Alprazolam 1 – ABIDI, Alprazolam 1 mg” sözləri yazılmış iki ədəd qutudakı 15 konvalyutun hər birində 10 ədəd olmaqla, cəmi 150 ədəd ağ rəngli həblər aşkar edilib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən ağ rəngli həblər alprazolam dərman preparatıdır.
    Faktla bağlı araşdırma aparılır.

  • Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və… – Bakıda DƏHŞƏT

    Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.

    Cinsi əlaqədə olmaq təklifi

    2014-cü ilin iyulun 11-də, saat 22 radələrində Nurlan Xudiyevin təklifi ilə Zamin Məcidli Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən keçmiş “Gülüstan” meşə zolağına gəlib.

    Nurlan Xudiyev həmin ərazidə Zamin Məcidliyə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib və onunla müxtəlif əxlaqsız hərəkətlər edib.

    Güclü ruh həyacanı

    Zamin Məcidlidə əsgərlik dostunun hərəkətləri nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) yaranıb. Onda yaranmış vəziyyətlə bağlı qarpız kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Nurlan Xudiyevin sinə nahiyəsinə bir zərbə vurub.

    Qətl

    Zamin Məcidlinin vurduğu zərbə Nurlan Xudiyevin ürək nahiyəsinə dəyib. Nurlan aldığı zərbənin təsirindən hadisə yerindəcə ölüb.

    İstintaq orqanı tərəfindən Zamin Məcidliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    “Hiss etdim ki, mənimlə ünsiyyətdə olmağa can atır”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən mayın 3-də və ya 4-də yenidən Bakıya gəlib, Bakıxanov qəsəbəsində Ə.Cəfərov küçəsində kirayədə yaşamağa başlayıb: “Bir iki gündən bir, bəzən də hər gün Nurlanla həmin evdə qalmışdıq. Mənim üçün ev sahibinə bir dəfə də Nurlan 60 manat vermişdi. Hiss etmişdim ki, Nurlan mənim üçün darıxır, mənimlə ünsiyyətdə olmağa can atır”.

    “Təklif etdim ki, meşədə gəzişək”

    Zamin Məcidli qeyd edib ki, 2014-cü ilin iyul ayının 11-də Nurlanla Suraxanı rayonunda görüşüblər: “Evdən çıxanda fikirləşdim ki, üstümdə pulum az olduğundan günorta vaxtı Nurlanla qarpız alıb yeyərik. Buna görə də evdən mətbəx bıçağı götürdüm. Deyilən yerdə Nurlanla görüşdük və həmişəki kimi Nurlan qucaqlaşaraq üzümdən öpdü. Bir az gəzişəndən sonra təklif etdim ki, istidir, gedək, Razində meşəlik yerdə gəzişək”.

    “Bildirdi ki, şamlıqda gəzişək”

    Zamin Məcidlinin sözlərinə görə, Nurlana həmin əraziyə gedərək qarpız alaraq yeməyi təklif edib. Nurlan isə ona xəngəl yemək istədiyini bildirib: “Buna görə də, Nurlanın təklif etdiyi kimi Razində meşəlik yerə deyil, Neftçilər metrosunun yanında kafelərin birində xəngəl yedik. Sonra yenidən Nərimanov metrosunun yanındakı parka getdik. Təxminən saat 22 radələrində 25 nömrəli marşruta minərək “Çayxor” kafesinin yanında düşdük. Nurlan mənə bildirdi ki, Şamlıq deyilən yer var, orada gəzişək”.

    “Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

    Zamin Məcidli qeyd edib ki, şamlıq deyilən yer gəzmək üçün nəzərdə tutulmuş park deyil: “Nuralının təklifi ilə həmin əraziyə getdik. Orada olan zaman isə Nurlan mənə əxalqsız hərəkət etməyi təklif etdi. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı, məni sevdiyini dedi. Onun bu hərəkətindən çox əsəbiləşdim”.

    Öldürdü, bıçağı həyətlərində basdırdı

    Zamin Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o, məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.

    Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib.

    Bu səbəbdən məhkəmə Zamin Məcidlinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

    3 il cəza

    Məhkəmənin hökmü ilə Zamin Məcidli 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokuror narazı qalaraq apelyasiya protesti verib. O, Zamin Məcidlinin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb və təmin edilməyib.

    Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

    Cəza 9 ilə qədər artırıldı

    Apelyasiya instansiyasında bu dəfə işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun şikayətini təmin edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, Zamin Məcidlinin barəsində yeni hökm çıxarılıb.

    Yeni hökmə görə, Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və onun cəzası 9 ilə qədər artırılıb. Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib.

    Vəkil kasasiya şikayətində Zamin Məcidlinin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

    Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zamin Məcidlinin vəkilinin şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti vəkilin şikayətini təmin etməyib.//publika.az