Category: Kriminal

  • Qazaxda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı

    Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Amil Eminov şübhəli şəxs qismində saxlanılıb.

    Ondan ümumilikdə beş kiloqram müxtəlif növdən olan narkotik vasitələr, psixotrop tərkibli həblər və elektron tərəzi aşkarlanıb.

    Dindirilmə zamanı A.Eminov narkotikləri satış məqsədi ilə əldə etdiyini deyib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • “Reket jurnalist”lə bağlı qərar verildi

    Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bəhruz Rəsulovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Bəhruz Rəsulov özünü jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edərək zərərçəkmişlərdən pul alıb, həmçinin rüsvayedici məlumatlar yaymaq hədəsi ilə şantaj edib.

    Məlumata görə, cinayətlər 2016-2023-cü illər aralığında Gəncə, Şəki, Göygöl və digər rayonlarda baş verib.

    Təqsirləndirilən şəxs 2017-ci ilin avqustunda zərərçəkmiş S.S. haqqında rüsvayedici məlumatlar (şəhid ailəsini aldadıb pul almaq) yaymaq hədəsi ilə 300 manat tələb edib və alıb. Daha sonra 2016-2023-cü illərdə “Gəzər-xəbər” “TikTok” və “YouTube” kanallarında şantaj materialları ilə aylıq orta hesabla 40 manat olmaqla ümumilikdə 3 320 manat alıb.

    2022-ci ilin mart-aprel aylarında Şəki şəhərində zərərçəkmiş T.T.-nin oğlunu Daxili İşlər Nazirliyində xidmətə qəbul etdirmək vədi ilə 600 manat alıb. 2022-ci ilin noyabrından 2023-cü ilin martınadək pensiyanın bərpası və müddətsiz edilməsi vədi ilə 1 900 manat alıb.

    Bəhruz Rəsulov 2023-cü ilin aprelində Göygöl Rayon Mərkəzi Xəstəxanasında gözətçi işləyən zərərçəkmiş A.A.-nın yatmış vəziyyətdə videosunu çəkib, “Gəzər-xəbər” kanalında yayımlamaq hədəsi ilə ondan 300 manat alıb. May-iyun aylarında oğlunu hərbi xidmətdən tərxis etdirmək və təqaüd təyin etdirmək vədi ilə 3 700 manat alıb. İyunda oğlunu həbsdən azad etdirmək vədi ilə 1200 manat alıb. 2023-cü ilin iyulunda “Sevimli Market”də şokoladdan qurd çıxması barədə yalan məlumat yayıb, silinməsi qarşılığında 100 manat alıb.

    Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və öz ifadəsində bildirib ki, pul köçürmələri dostlarından gəlib, bəzi hallarda isə zərərçəkmişlərə köməklik göstərmək məqsədilə hərəkət edib. O, şantaj və dələduzluq ittihamlarını rədd edərək, hadisələrin polis tərəfindən qurulduğunu iddia edib. Lakin məhkəmə istintaq materiallarını, şahid ifadələrini və sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

    Bəhruz Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu

    Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən “Azəri kooperasiyası” MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

    Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

    Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.

    Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.

    Nəticədə Tehran Lətifov və digərləri saxlanılıblar.

    Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.

    Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

  • Rail Abbasovla bağlı qərar verildi

    Ali Məhkəmədə dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Rail Abbasov 2024-cü il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar

    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıblar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

    Lakin qeyd olunur ki, cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

  • Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: “Oğlunu narkotikə qurşandırdığımı dedi”

    Bakının Xəzər rayonunda dostunun atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

    İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

    Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, ona ittiham olunduğu maddələrin sanksiyasına əsasən 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

    Məhkəmədə ifadə verən Z.Bayramov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bu vaxta qədər şəxsiyyətini təsdiq edən sənədi olmayıb və bu səbəbdən atası Ədalət Bayramovla dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etmədiyi üçün bir müddət həmin şəxsin onun bioloji atası olmadığına dair şübhələri yaranıb.

    Hadisə ilə bağlı danışan təqsirləndirilən şəxs vurduğu adamın dostunun atası olduğunu bildirib. O qeyd edib ki, İnqilab Bayramov ona məhəlləyə çıxmaması barədə xəbərdarlıq edib, onu xuliqanlıqda və oğlunu narkotik vasitələrə cəlb etməkdə ittiham edib. Zahid Bayramov isə narkotik vasitələrdən əvvəllər istifadə etdiyini, lakin sonradan bundan imtina etdiyini deyib.

    Onun sözlərinə görə, bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə yaşanıb və qarşı tərəf ünvanına nalayiq ifadələr işlədib. Hadisə günü sənədlə bağlı evdə atası ilə mübahisə etdikdən sonra atası küçəyə çıxıb, o da onun ardınca gedib. Marketin qarşısında mübahisə davam edərkən İnqilab Bayramov yaxınlaşaraq əlindəki çubuqla onu vurub və söyüş söyüb. Bundan sonra o, üzərindəki bıçaqla zərərçəkmişə bir neçə zərbə endirib.

    Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

    Qeyd edək ki, Zahid Bayramov barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.

  • Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı

    Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E. Hüseynov müəyyən olunaraq saxlanılıb.

  • Azərbaycanda marketdən yağ oğurlayan şirkət rəhbəri cəzalandırıldı

    Gəncə şəhərində şirkət rəhbəri marketdən yağ oğurladığı üçün saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, MMC-lərdən birinin direktor vəzifəsində işləyən Ə.H. marketdən oğurluq etdiyi üçün məsuliyyətə cəlb olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

    Məlum olub ki, o, mağazadan ümumi dəyəri 75 manat olan 3 ədəd “Anhcor” markalı kərə yağını oğurlayıb.

    Məhkəmənin ilkin hökmü ilə Ə.H. 10 gün həbs cəzasına məhkum edilib. Daha sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib və hökm dəyişdirilib: 10 günlük həbs cəzası 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri ilə əvəz olunub.

    Şəxs dərhal həbsdən azad edilib.

  • Beş milyonluq cinayət işinə görə həbs edilən Ruslan Eyyubovla bağlı qərar verildi

    5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubovun ev dustaqlığına buraxılması ilə bağlı vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

    Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, çoxepizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.

    “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdən çıxarılıb.

  • Şəmkirdə 32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlanıb

    Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir – red.) məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

    Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir Rayon Polis Şöbəsinə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

    M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı Nüşabə (ad şərtidir – red.) pasiyent kimi onun yanına gələrkən görüb və bəyənib. O, daha sonra qızla danışaraq ona elçi göndərəcəyini bildirib.

    Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib.

    “Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə hə dedi”.

    Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.