Category: Kriminal

  • Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin aldığı xəsarətlər məlum olub.

    Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Məlumatda bildirilir ki, yanvarın 30-da 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilir və hazırda müalicəsi davam etdirilir.

  • Ağdamda qadın bıçaqlandı – Əri saxlanıldı

    Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini Gülzəndə Abbas qızı Salahova bıçaqlanıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı – Vətən müharibəsi qazisi saxlanıldı

    Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

    İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.

    Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.

    Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu

    Bakıda məşhur restoranda oğurluq hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, cinayət əməli Səbail rayonu ərazisində yerləşən “Olivie Garden” restoranında qeydə alınıb.

    İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir -red.) restoranın kassasından 2000 manat pulu talayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

    İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Fərəcova 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

  • Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə A.Balıyev özü məlumat verib.

    O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:

    “Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus BMW markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.

    A.Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum edib:

    “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.

  • Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu – Video

    Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

    Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda avtomat satmaq istəyən şəxs tutulub

    Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

    DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Tiktoker Müjgan polisə çağırıldı

    Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.

    Bu barədə “Unikal”a xanım tiktokerin özü məlumat verib.

    Onun sözlərinə görə, müğənni Namiq Qasımov Bakı Şəhər Baş Polis İdarəsinə onun barəsində şikayət edib:

    “Mənə səhər saatlarında Bakı şəhəri Baş Polis İdarəsindən bir əməkdaş zəng edərək barədə şikayət olduğu üçün idarəyə çağrılmağımla bağlı məlumat verdi. Səbəbi soruşduqda bildirdi ki, müğənni Namiq Qasımov məndən şikayət edib və bununla bağlı izahat verməliyəm. Sabah 10-da idarəyə gedəcəm və bundan sonra məlumatlı olacam”.

  • “Dəniz” kafesində oğurluq: “Özündə olmayan” usta 125 manat oğurlayıb

    Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Dəniz” kafesində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, kafedən 1250 manat pul oğurlanıb.

    Hadisəyə görə, sözügedən kafedə usta işləyən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qaətimkan tədbiri seçilib.

    Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Onun sözlərinə görə, kafedə usta işləyib. Zərəçəkmiş şəxs isə onun pulunu verməyib. Bu baxımdan, onunla aralarında münaqişə yaranıb.

    Lakin müttəhim sonrakı məhkəmə iclaslarında özünü təqsirli bildiyini deyib. Əlavə edib ki, həmin vaxt özündə olmadığı üçün isə hadisəni xatırlamır.
    Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Onun şübhəli şəxs kimi tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Ceyhun Salmanov həbs olundu

    Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə C. Salmanov barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
    //oxu.az