Category: Kriminal

  • “Qurtuluş” Reabilitasiya Mərkəzinin daha bir əməkdaşı həbs olundu

    Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin əməkdaşı Elşad Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Oxu.Az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə E. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

    Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzin əməkdaşı Natiq Əliyev barəsində iki ay 10 gün həbs qətimkan tədbiri seçilib.

  • Balakəndə gənc qız tiktokdakı fotolarına görə özünü körpüdən atdı – HƏBS OLUNAN VAR

    Balakəndə gənc qızın intihara cəhd etməsinə səbəb olan şəxs həbs olunub.

    Hadisə Balakən şəhərində qeydə alınıb. 19 yaşlı H.X. Balakən çayının üzərindəki körpüdən özünü ataraq intihara cəhd edib.

    Faktla bağlı cinayət işi başlanaraq araşdırma aparılıb.

    Hadisə ilə bağlı Farid adlı şəxs saxlanılaraq istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 125 (özünü intihar həddinə çatdırma) və 148-ci (təhqir) maddələri ilə ittiham olunub.

    İttiham aktına görə, H.X. tiktok sosial şəbəkəsində tanış olduğu Farid adlı şəxsdən maxtəlif vaxtlarda faizlə borca pul alıb. İlk aldığı pulu qaytarandan sonra təkrar 40 manat faiz verməklə 100 manat borc istəyib. Bununla da yekunda H.X. Faridə 140 manat pul ödəməli olub. Lakin pulu vaxtında ödəmədiyi üçün Farid qızın fotolarını özünə məxsus “privatee_2203” və “mamamiyo” adlı səhifələrdə üzərinə alçaldıcı sözlər və təhqirlər yazaraq paylaşıb. Bu fotoları H.X.-nın xalası da görüb. Artıq fotolarının yayılmasından utanan zərərçəkən özünü öldürəcəyi barədə “Whatsapp” tətbiqinin status bölümündə paylaşım edib. Bundan sonra Balakən şəhəri ərazisində Balakən çayı üzərindəki körpüdən özünü daşlıq əraziyə ataraq xəsarətlər alıb.

    Lakin gənc qız özünü körpüdən atandan sonra da Farid sosial şəbəkədə onunla bağlı paylaşımları davam etdirib.

    Farid məhkəmədə əməlindən peşman olduğunu, H.X.-dan üzr istədiyini bildirib. Zərərçəkən qız da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

    Balakən rayon Məhkəməsinin qərarı ilə Farid 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    //lent.az

  • “Qurtuluş” Reabilitasiya Mərkəzinin əməkdaşı həbs olundu

    Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən “Qurtuluş” Reablitasiya Mərkəzin əməkdaşı Natiq Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Oxu.Az-ın məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə E.Əliyev barəsində iki ay 10 gün həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda “Qurtuluş” Reablitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

  • Belçikaya getmək üçün Bakıya gələn ərəb HƏBS OLUNDU

    Bakıda hava limanında saxta sənəd təqdim edən ərəb həbs olunub.

    41 yaşlı Əlcəzair Respublikası vətəndaşı Keddau Abdelhamid Almaniyadan tranzit keçməklə Belçika Krallığına getmək istəyib. Bunun üçün o, Əlcəzari-İstanbul-Bakı reysi ilə Azərbaycana gəlib.

    Bakı aeroportunda o, Türkiyəyə getmək istədiyini deyərək Əlcəzair vətəndaşlığına dair pasportu sərhədçilərə təqdim edib. Heç bir pozuntu aşkarlanmadığı üçün Keddau Abdelhamid təyyərayə minmək üçün buraxılıb. Lakin əcnəbi tranzit zalda Almaniyaya getmək üçün özünə məxsus saxta Belçika vəsiqəsi ilə bilet alıb. Keddau Abdelhamid Almaniyaya uçan təyyarənin minik qapısına yaxınlaşıb həmin saxta vəsiqəni aviaşirkətin əməkdaşına göstərib. Əməkdaş vəsiqədə möhür olmadığı üçün sərhədçilərə məlumat verib. Nəticədə araşdırma zamanı həmin vəsiqənin saxta olduğu üzə çıxıb.

    Bu əməlinə görə Əlcəzair vətəndaşı barəsində cinayət işi açılıb. O, məhkəmədə ifadəsində əməlini etiraf edib.

    Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər hakim qarşısında

    Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə başlayıb.

    Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

    Növbəti proses fevralın 13-nə təyin edilib.

    Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

    Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
    //oxu.az

  • Kuryerin velosipedini oğurladı, “Kubinka”da icarəyə verdi

    Nəsimi rayonunda kruyer fəaliyyəti işə məşğul olan şəxsin velosipedi oğurlanıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, velosipedi oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Bundan sonra həmin şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib və ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb.

    Təqsirləndirilən şəxs məhkəmə zamanı deyib ki, velosipedi oğurladıqdan sonra Bakının “Kubinka” adlanan ərazisində tanışlarından birinə icarə verib.

    Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı ümumi 3 gün (fərqli tarixləri əhatə edir) 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Polis keçmiş məhkumdan dörd kiloqram narkotik vasitə aşkarladı

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.

    Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

    Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanın məhkəmə hazırlıq iclası başlayıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət versələr də, məhkəmə vəsatəti təmin etməyib.

    Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Növbəti proses fevralın 13-nə təyin edilib.

    Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanla cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İranda əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycana məxsus aksiz markası vurulmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkəyə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan, Jafar Rezayan barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Baş idarə əməliyyat keçirdi: 34 kiloqramdan çox narkotik aşkarlandı – Video

    Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) məlumat yayıb.

    Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

    Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

  • Bakıda vəzifəli şəxs 18 kiloqram qızılla tutuldu – Evindən silah çıxdı

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.

    İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Fuad Tofiq oğlu Orucov hazırda məhkum edilmiş Kamran İmran oğlu Məhərrəmov, Xəyyam Adil oğlu Qurbanov və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.

    Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda – ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.

    Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.