Category: Maraqlı

  • Növbəti pandemiya bu səbəbdən ola bilər – Virusoloq açıqladı

    “Honkonq qripi yeni pandemiyaya səbəb ola bilər”.

    Bunu rusiyalı tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis və virusoloq Yelena Malinnikova TASS-a bildirib.
    Onun sözlərinə görə, əgər növlərarası keçidi aşarsa, pandemiyaya quş qripi (H5N1) də səbəb ola bilər.
    “50 ildən çoxdur ki, diqqət insan populyasiyasında dövran edən A (H3N2) qrip virusuna (Honq Konq qripi) və hemaqlütinin-5 ehtiva edən quş virusuna yönəlib. Buna görə də, bu gün onlar yaxından izlənilir və həqiqətən də bu, özünü ciddi şəkildə göstərir”, deyə Malinnikova paylaşıb.
    O, aydınlaşdırıb ki, bu cür məlumatlar panikaya səbəb kimi qəbul edilməməlidir, çünki antiviral dərmanlar və peyvənd mövcuddur. Müasir peyvəndlər hamilə qadınların, azyaşlı uşaqların, ağır xroniki xəstəlikləri və müxtəlif immun çatışmazlığı olan insanların peyvənd olunmasına imkan verdiyindən, peyvənd hər kəs üçün mümkündür.

  • Mühərrik üçün sintetik yağın üstünlüyü nədir?

    Son illərdə əksər istehsalçılar mühərrik üçün sintetik yağ tövsiyə edirlər. Bəs sintetik yağın mineral yağla fərqi nədir?

    Avtosfer.az xəbər verir ki, sintetik yağ mühərrikin daha rahat və etibarlı işini təmin edir. Bu üstünlük həm testlərlə, həm də təcrübədə sınanıb. Sintetik yağın xüsusiyyətləri nədir?

    Sintetik yağın dinamik özlüyü aşağı olduğu üçün soyuq mühərrikin işə düşməsini asanlaşdırır.

    Sintetik yağın molekulyar tərkibi fərqli olduğöu üçün soyuqda sıxılmır və detalların üzərində etibarlı yağ təbəqəsi yaradır. Molekullar yüksək temperaturda da sabitlik nümayiş etdirir və ağır iş rejiminə dözür. Bu səbəbdən yağ daha gec köhnəlir və mühərriki daha etibarlı qoruyur.

    Qeyd olunan xüsusiyyətlər standartlara uyğun istehsal edilmiş sintetik yağlarda mövcuddur. Bazarı dolduran aşağı qiymətli yağların çoxunun yalnız adı sintetikdir.

  • Boşanmasını bayram etdi: Avtomobilini bəzədi və… -FOTO

    Türkiyənin Bursa şəhərində qadın sürücüyə məxsus avtomobil fərqli görünüşü ilə diqqət mərkəzinə düşüb.

    Median.Az
    Türkiyə mediasına istinadən xəbər verir ki, toy maşınları kimi bəzədilmiş avtomobilin arxa şüşəsində yazılan “6 ildən sonra pul verib boşandım” ifadəsi maraq doğurub.

    Qadın sürücünün boşanma prosesini yumorla qeyd etməsi ətrafdakıların üzündə təbəssüm yaradıb.

    Yolda hərəkət edən avtomobili görən digər sürücülər bu maraqlı anları mobil telefonları ilə çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qısa müddətdə yayılan görüntülər çoxsaylı istifadəçilər tərəfindən bəyənmə və şərhlərlə qarşılanıb. //milli.az

  • 90-cı illərdən qalan və bu gün də fəaliyyət göstərən 8 ikonik veb-sayt

    1990-cı illərdə həyatımıza daxil olan “World Wide Web”in ilk günləri sadə və həvəskar dizaynlarla yadda qalıb. CERN-dəki ilk veb səhifədən avtomatik şikayət məktubu yaradan qəribə saytlara qədər internetin doğulduğu dövrün ruhunu daşıyan və bu gün də fəaliyyətini davam etdirən 8 ikonik veb-sayta nəzər salırıq.

    1990-cı illər internet dünyası üçün artıq çox qədim bir dövr hesab olunur. Həmin illərdə “World Wide Web” yenicə formalaşırdı və ABŞ əhalisinin cəmi 14 faizi internetə çıxış əldə edə bilirdi. İnternetə qoşulanlar isə telefon xətləri üzərindən, o məşhur cızıltılı “dial-up” səsi ilə bağlanırdı.

    O dövrün veb-saytları bu günün dizayn anlayışı ilə müqayisədə həvəskar görünə bilərdi. Bunun əsas səbəbi texniki məhdudiyyətlər və hələlik formalaşmamış dizayn standartları idi.

    Həmin dövrdən qalan saytların çoxu artıq mövcud deyil: “Amazon” və “Coca-Cola” kimi nəhənglərin səhifələri isə onlarla dəfə yenidən dizayn edilib. Lakin bəzi saytlar sahiblərinin domen ödənişlərini davam etdirməsi sayəsində bu günə qədər gəlib çatıb. Statik HTML ilə hazırlanmış səhifələrin işləmə ehtimalı daha yüksəkdir. Bununla belə, həmin saytların müasir təhlükəsizlik protokollarına sahib olmadığını nəzərə alıb, onları ziyarət edərkən diqqətli olmaq tövsiyə olunur.

    İnternet tarixinin başlanğıcına işıq salan və 90-cı illərin ruhunu yaşadan 8 ikonik veb-sayt:

    1. CERN: internetin ilk ünvanı

    WWW buradan başladı. Britaniyalı kompüter alim Tim Berners-Li 1989-cu ildə CERN-də çalışarkən, alimlərin müxtəlif qurumlar arasında məlumat mübadiləsini asanlıqla apara biləcəyi bir sistem yaratmaq məqsədi ilə HTTP, HTML və URL kimi bu gün də istifadə olunan protokolları icad etdi.

    Dünyanın ilk veb səhifəsi, serveri və brauzeri Berners-Li tərəfindən hazırlanmışdı. Bu sadə səhifə 1991-ci ilin avqustunda yayıma verildi və WWW-nin nə olduğunu izah edirdi. CERN 2013-cü ildə bu tarixi qorumaq üçün layihə başladığından, həmin ilk səhifə bu gün də ziyarət oluna bilir.

    2. Youngmonkey

    İlk veb-saytların çoxu universitetlərə və elmi laboratoriyalara məxsus olduğu halda, “Youngmonkey” əyləncə məqsədilə yaradılan ən erkən saytlardan biridir. 1991 və ya 1992-ci illərdə açılan sayt 1997-ci ildəki dizaynını bu gün də saxlayır. Rəqəmsal musiqi, sənət, fantastik mətnlər və müxtəlif texnologiya xidmətləri təqdim edən səhifə “Who Nose” kimi qəribə başlıqlarla diqqət çəkir.

    3. The Barney Fun Page

    1994-cü ildə yaradılan bu oyun bu gün də işləyir. Sadə qara-ağ “Barney “dinozavr təsvirinə top, mərmi və ya Uzi silahı ilə atəş açmaq mümkündür. Silahdan asılı olmayaraq “Barney”nin nə qədər tez “öldüyü” yalnız neçə dəfə atəş açdığınızdan asılıdır. Sadə qrafikalarına baxmayaraq, 30 illik bu oyun internetin ilk dövrlərinə nostalji ilə baxanların yaddaşında qalır.

    4. CBSS, Inc.

    Şəbəkə konsaltinq şirkəti CBSS-in saytı internetə erkən daxil olan korporativ səhifələrdən biri oldu. 1992-ci ildə açılan sayt 1998-ci ildə yenilənib. Burada dövrün artıq mövcud olmayan “PSINet” kimi şirkətlərlə əməkdaşlıq məlumatları, “ARCNet” və “Token-Ring” kimi tarixi texnologiya terminləri yer alır.

    5. Skott Pakinin avtomatik şikayət məktubu generatoru

    1994-cü ildən bəri yayımlanan bu generator, şikayət məktubu ünvanlamaq istədiyiniz şəxs və ya təşkilatın adını daxil etdikdən sonra “Emmanın murdar zəngin sifəti var” kimi təsadüfi ifadələrlə dolu bir mətn yaradır. Yaradıcısı Skott Pakin funksionallığı qorusa da, saytin görünüşü 1990-cı illərdən bəri dəyişməyib.

    6. FogCam

    Dünyanın ən qədim veb kamerası olan “FogCam” 1994-cü ildə San-Fransisko Dövlət Universitetində quraşdırılıb və 31 ildir fəaliyyət göstərir. Görüntü durağan görünməsinə baxmayaraq, hər 20 saniyədə yenilənir. O dövrdə veb kameralar geniş yayılmadığı üçün sistem köhnə bir “Mac” kompüteri və kamera ilə hazırlanmışdı. Universitet 2019-cu ildə kameranın fəaliyyətini qeyri-müəyyən müddətə dəstəkləyəcəyini açıqladı.

    7. Dole/Kemp 1996 kampaniya səhifəsi

    1996-cı ildə respublikaçı senator Bob Doul və keçmiş konqres üzvü Cek Kempin Bill Klintona qarşı apardığı seçki kampaniyası üçün yaradılan bu sayt, ən erkən prezidentlik kampaniyası səhifələrindən biridir. Saytda o dövrün siyasətinə dair maraqlı texnoloji qeyd və açıqlamalar yer alır. Səhifə sonuncu dəfə 1996-cı ilin noyabrında yenilənsə də, hələ də onlayndır.

    8. Mimi’s Cyber Kitchen

    1996-cı il Dünya sərgisinin iştirakçılarından biri olan bu sayt ilk dəfə 1995-ci ildə yaradılıb. Saytda resept kolleksiyası təqdim edilir və veb öncüsü Mimi, “AltaVista” kimi axtarış sistemlərinin necə işlədiyini izah edərək internetə yeni gələnlərə kömək etməyə çalışırdı. Səhifədə sosial media dövründən əvvəl məşhur olan “virtual təbrik kartı” bölməsi də mövcuddur, lakin artıq işləmir.
    //valyuta.az

  • Kartof fri, dönər, burger: Ən zərərli “fast food”ların siyahısı

    “Fast food”lar müasir həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilib. Sürətli hazırlanması, əlçatan qiyməti və dad müxtəlifliyi səbəbindən demək olar ki, bütün ölkələrdə geniş yayılıb. 
     
    Mütəxəsislərin fikrincə, “fast food”ların bəziləri zərərlidir və onlardan zəhərlənmə ehtimalı yüksəkdir. 
     
    Qida eksperti Fərid Səfərov sfera.az-a açıqlamasında bildirib ki, “ən zərərli “fast food”lar” dedikdə iki məqama diqqət yetirmək lazımdır:
     
    “Tərkibinə görə sağlamlığa ziyan vuranlar və hazırlanma şəraiti, eləcə də saxlama qaydasına görə zəhərlənmə riski yaradan qidalar. 

    Tərkibinə görə ən zərərli “fast food”lar yüksək trans yağlarla, duz, şəkər və emal olunmuş ət məhsulları ilə zəngin olanlardır. 

    Hazırlanmasına görə, zərərli qidalar uzun müddət qızardılan kartof “fri”, dönər (çox yağlı hissə), soğan halqaları, toyuq parçalarıdır. Onlar həm yüksək kaloriyə, həm də oksidləşmiş yağlara sahib olur. Belə qidalar ürək xəstəlikləri riskini artırır. 

    Çoxqatlı burgerlər və “hot-doq”lar, kolbasa və sosiska ilə hazırlanan qidalar, çox yağlı pendir və sous kombinləri, çoxlu duz və restoran pizzaları da bağırsaq problemi, xolesterin artımı  və daha ciddi problemlərə yol aça bilir”.
     
    Ekspert deyib ki, qidaların saxlanması vəziyyəti zəhərlənmə riskini artıran digər bir səbəbdir. Onun sözlərinə görə, çiy tərəvəzlə hazırlanan sendviçlər və salatlar, açıq şəkildə satılan salatlar, qatıqlı, mayonezli souslar, təkrar isidilən ət və pizzalar, kabab tipli küçə qidalarının istehlakı risklidir.

  • “WhatsApp”da illərdir gözlənilən xüsusiyyət – Köhnə mesajları oxuya biləcəksiz

    Dünyanın ən populyar onlayn mesajlaşma platforması olan “WhatsApp”, istifadəçilər tərəfindən uzun müddətdir tələb olunan vacib bir xüsusiyyəti qrup söhbətlərinə inteqrasiya etməyə hazırlaşır.
     
    Median.Az xəbər verir ki, Meta tərəfindən hazırlanan bu yenilik, qruplara daha sonra qoşulanların yaşadığı məlumat çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
     
    Yeni sistem sayəsində qrup administratorları yeni qoşulan üzvlərin köhnə mesajları görməsinə imkan verən bir seçimi aktivləşdirə biləcəklər.
     
    Bu xüsusiyyət limitsiz giriş təmin etməyəcək və yeni üzvlər yalnız qrupa qoşulmazdan əvvəl son 24 saatdakı söhbətləri görə biləcəklər./lent.az

  • Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək

    Dünya 2 avqust 2027-ci ildə üç qitəni eyni xəttə gətirəcək son dərəcə nadir bir səma hadisəsinə şahidlik edəcək.

    Günün ortasında baş verəcək bu dərin qaranlıq milyonlarla insana ömürləri boyu görə biləcəkləri ən qeyri-adi atmosferi təqdim edəcək. Alimlərin fikrincə, bu yalnız adi bir tutulma deyil: təsiri və davametmə müddəti baxımından yüzilliklərə uzanan mühüm bir həddi ifadə edir.

    Mütəxəssislər tutulmanın ümumilikdə 6 dəqiqə 23 saniyə tam qaranlıq yaradacağını bildirirlər. Bu, 1991–2114-cü illər arasında qurudan müşahidə oluna biləcək ən uzun tam qaralma anlarından biri olacaq. Ayın kölgəsi Atlantik okeanında əmələ gələcək, daha sonra şərqə doğru irəliləyərək İspaniyanın cənubundan başlayıb Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali üzərindən keçəcək. Təxminən 258 kilometrlik kölgə xətti xüsusilə Misirin Luksor bölgəsində altı dəqiqəni aşan qaranlıq yaradacaq.

    Alimlər bu hadisənin texniki olaraq tam günəş tutulması olduğunu, lakin müddətinin qeyri-adi dərəcədə uzunluğuna görə seçildiyini vurğulayırlar. Adətən bir neçə dəqiqəni keçməyən tam tutulmalar bu dəfə izləyənlərə demək olar ki, iki dəfə daha uzun, unikal bir təcrübə yaşadacaq. Avqust ayında bölgədə havanın adətən açıq və quru olması Misir və Liviyanı ən əlverişli müşahidə məntəqələrinə çevirir.

    Bu qeyri-adi qaranlıq İspaniyanın cənubunda 13:30–14:00 aralığında təsir göstərəcək. Misir və Liviyada isə 14:00–14:30 arasında maksimuma çatacaq. Hindistan tutulmadan demək olar ki, təsirlənməyəcək: yalnız ölkənin ən qərb ucunda gün batımına yaxın çox zəif kölgə hərəkəti müşahidə olunacaq.

    Bu tutulmanın müddət rekorduna yaxınlaşmasının səbəbi xüsusi bir göy uyğunlaşmasıdır. 2 avqustda Yer Günəşdən ən uzaq nöqtəsində olacağı üçün Günəş göydə adi haldan daha kiçik görünəcək. Eyni vaxtda Ay Yerə ən yaxın mövqeyinə yaxınlaşaraq göydə daha böyük disk kimi görsənəcək. Tutulma xəttinin Ekvatora yaxın hərəkət etməsi Ayın kölgəsinin yer səthində daha yavaş irəliləməsinə səbəb olacaq və bu da qaranlığın müddətini qeyri-adi şəkildə uzadacaq.

  • Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI

    Qış aylarında çoxlarımız isinmək üçün isti çaya üstünlük veririk, lakin ilıq suyun faydalarını heç nə əvəz etmir. Məhz ilıq su immun sistemini dəstəkləməyə kömək edir və qışda düşündüyümüzdən daha tez-tez baş verən susuzlaşmanın qarşısını alır.

    Rusiyalı diyetoloq Lyudmila Denisenko bu barədə “KP.ru”ya müsahibəsində danışıb.

    “Əslində, otaq temperaturunda olan adi su içilməlidir. Çünki əksər içkilər (çay, xüsusilə bitki çayları və qəhvə) sidikqovucu təsirə malikdir. Bu isə orqanizmdən daha çox mayenin xaric olunması deməkdir. Su balansı isə mütləq bərpa edilməlidir, əks halda orqanizm hüceyrə səviyyəsində zərər görməyə başlayacaq”, – deyə Denisenko bildirib.

    Onun sözlərinə görə, insanlar çox vaxt bunun fərqinə varmırlar və susuzluq hiss etmədiklərini düşünürlər. Əgər orqanizm uzun müddət kifayət qədər su almırsa, susuzluq hissi zəifləyir və insan xroniki susuzlaşma vəziyyətində yaşayır. Zamanla bu hal soyuqdəymə, oynaq ağrıları və böyrək problemlərinə səbəb ola bilər.

    Mütəxəssis qeyd edir ki, su içməyi kiçik porsiyalarla vərdişə çevirmək vacibdir: hər saatda bir neçə qurtum, səhər yarım stəkan və yeməkdən əvvəl bir qədər su içmək tövsiyə olunur. Bu, xüsusilə gəzinti və ya hər hansı fiziki fəaliyyət ərəfəsində daha da vacibdir. Həkim suya orqanizmin düzgün işləməsinə kömək edən gündəlik “dərman” kimi yanaşmağı məsləhət görür.

  • Çörəkdən tam imtina etməyin zərərləri

    Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur.

    Əla növ buğda və tam buğda unundan hazırlanmış çörəklərin arasında fərq var.

    Buğda özü karbohidratdır, lakin hazırda buğda unu adı ilə tanınan məhsul orqanik buğda deyil. Təəssüf ki, həmin buğdanı ağartmaq və xəmir işlərində daha keyfiyyətli hala gətirmək üçün ona xüsusi maddələr vurulur. Həmin prosesdən sonra ondan hazırlanan çörək qeyri-sağlam qidalar sırasında şəkərlə bərabər ilk sırada yer alır. Tam buğda ununun keyfiyyəti isə başqadır və ondan müəyyən miqdarda hətta pəhriz vaxtı da istifadə etmək olar. Əla növ buğda unundan nəinki arıqlama pəhrizi zamanı, ümumiyyətlə, imtina etmək daha yaxşıdır.

    Tam taxıl unundan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sisteminin işini normalaşdıran B vitaminləri ilə yanaşı, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Hər bir insan gün ərzində normal olaraq bir dilim çörəkdən istifadə etməlidir.

    Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü, yaxud onlardan hazırlanan un kimi karbohidrat növləri ilə əvəz etmək olar.

    Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini əvəz edir. Bir həftə çörək yemədikdə bədənin ehtiyacı olan karbohidratın miqdarı azalır, nəticədə sinir sistemi pozulur, yorğunluq, stres və əsəbilik kimi hallar yaranır. Ona görə də zəruri səbəblərdən çörəkdən imtina etdikdə həmin çatışmazlığı paxlalı və dənli bitkilərdən istifadə edərək doldurmağa çalışmaq lazımdır.

  • Süni intellektlə gəlir qazanmaq: Real fürsətlər və risklər

    Son illərdə süni intellekt (Sİ) həm bizneslərin, həm də fərdi istifadəçilərin gəlir qazanma imkanlarını genişləndirən əsas texnoloji trendlərdən birinə çevrilib. Artıq milyonlarla insan müxtəlif sahələrdə – məzmun istehsalından dizayna, kodlaşdırmadan investisiyalara qədər  Sİ alətlərindən istifadə etməklə əlavə qazanc əldə edir. Bu texnologiya qısa müddətdə daha çox iş görməyə imkan verir və bir çox peşə üçün yeni perspektivlər açır. Lakin inkişafın arxasında ciddi risklər və təhlükələr də mövcuddur.
     
    Süni intellekt əsaslı alətlər jurnalistlər, bloqerlər, video istehsalçıları və dizaynerlər üçün prosesləri xeyli sürətləndirir. 
     
    Məzmun yazmaq, görüntü və video yaratmaq, sosial şəbəkə paylaşımlarını hazırlamaq kimi işlər daha az vaxt tələb etdiyi üçün bu sahədə gəlir qazanmaq imkanları genişlənib. Frilans bazarında da Sİ bacarıqlarına tələbat artıb. “Upwork” və “Fiverr” kimi platformalarda mətn redaktəsi, chatbot qurulması, avtomatlaşdırma skriptlərinin hazırlanması və Sİ təlimləri yüksək gəlir gətirən xidmətlər sırasındadır.
     
    E-ticarət sahəsində Sİ məhsul təsvirləri, reklam kampaniyaları, müştəri dəstəyi kimi funksiyaları avtomatlaşdıraraq sahibkarlara əlavə üstünlük verir. Hətta bəzi sahibkarlar tamamilə süni intellekt tərəfindən idarə olunan onlayn mağazalar qurmağa başlayıb. Yaradıcı sənaye də bu yeniliklərdən payını alıb: rəsm, illüstrasiya, foto və musiqi kimi işlər artıq xüsusi bacarıq tələb etmədən Sİ vasitəsilə istehsal oluna bilir. Bu da yeni gəlir mənbələri yaradır. Eyni zamanda, süni intellekt üzrə biliklərə sahib olan mütəxəssislər onlayn kurslar, konsultasiyalar və təlim proqramları ilə əhəmiyyətli gəlir əldə edirlər.
     
    Bununla yanaşı, süni intellektin geniş tətbiqi bir sıra problemləri də gündəmə gətirir. Kütləvi fırıldaqçılıq halları, saxta şəkil və videoların hazırlanması, səs klonlama kimi hallar təhlükənin real olduğunu göstərir. Bu cür manipulyativ kontent həm bizneslər, həm də cəmiyyət üçün risk yaradır. Digər mühüm məsələ məlumat təhlükəsizliyidir. Sİ platformalarına ötürülən şəxsi məlumatların hansı şəkildə saxlanıldığı və gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı suallar hələ də açıq qalır.
     
    Süni intellektlə yaradılan işlərin müəllif hüquqları məsələsi tam tənzimlənməyib və bu, yaradıcılıqla məşğul olan şəxslər üçün hüquqi problemlər yarada bilər. Bununla yanaşı, gələcəkdə bəzi peşələrdə Sİ insan əməyini əvəz edə bilər ki, bu da əmək bazarına əlavə təzyiq deməkdir.
     
    Sfera.az-ın təhlilinə görə, süni intellekt həm böyük iqtisadi imkanlar, həm də ciddi təhlükələr yaradan ikili fenomen olaraq qalır. Bu sahədə gəlir qazanmaq istəyənlər üçün əsas məsələ riskləri düzgün qiymətləndirmək, texnologiyanı məsuliyyətlə tətbiq etmək və məlumat təhlükəsizliyini ön planda saxlamaqdır.
    //sfera.az