Category: Ordu

  • Ağstafada hərbi xidmətdən qayıdan gənci avtomobil vuraraq öldürdü

    Ağstafada piyadanı avtomobil vuraraq öldürüb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub.

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.

    Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Ordusunun zabiti vəfat edib

    Azərbaycan Ordusunun zabiti vəfat edib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrinin birində baş verib.

    Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib.

    Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.

    A.Qasımov ailəli idi, bir övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbi qulluqçuların pensiyalarında dəyişiklik olacaq?

    Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:

    “Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək”.

    Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq.

  • Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Şəhid polkovnik Raquf Orucovun doğum günüdür

    12 iyul tarixi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, birinci Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə baş verən Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür.

    Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi.

    1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

    Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.

    1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksər yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal edib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

    Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul oluna bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə daxil olub.

    Beləcə, anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başlayıb.

    Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

    Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub.

    2016-cı il aprelin 5-də “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasiminə minlərlə insan iştirak edib.

    O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

    Allah rəhmət eləsin!

  • Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir – VİDEO

    Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.

    Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

    Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

    Təlim iyulun 10-dək davam edəcək.

  • Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • “Tərlan – 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəliblər

    Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan – 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    HHQ-nin “N” saylı hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

    Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların pilotsuz uçuş aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

  • Azərbaycan qırıcıları Konyada “fil yürüşü”ndə iştirak edib, digər ölkələrin hərbi təyyarələri ilə birgə uçuş həyata keçirib

    Türkiyənin Konya şəhərində keçirilən “Anadolu qartalı – 2025” beynəlxalq təlimində döyüş qırıcılarının “fil yürüşü” (fil gəzintisi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hərbi təyyarələrin sıx formada birbaşa uçuşdan əvvəlki prosesi təsvir etmək üçün istifadə olunan termindir. Bu, adətən minimal intervalla birbaşa uçuşdan əvvəl baş verir-red) keçirilib.

    “Report”un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, yürüşdə təlimə qatılan 75 döyüş hava gəmisi izləyicilərin qarşısından təntənəli keçid ediblər.

    Azərbaycana məxsus iki “SU-25” qırıcıları da “fil yürüşü”ndə iştirak edib. Qeyd edək ki, fil yürüşü havaçılıqda birlikdə güc nümayişi kimi qiymətləndirilir.

    Daha sonra döyüş qırıcıları birgə uçuş həyata keçiriblər.

    Xatırladaq ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edirlər.

    Bundan başqa Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində Türkiyədə “Anadolu qartalı – 2025” beynəlxalq təlimində izləyir.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 1-4 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.