Category: Ordu

  • Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb

    Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

    Başçəkmə zamanı, həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub.

    Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

  • Hikmət Mirzəyev Türkiyədə səfərdədir

    Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycan Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevlə görüşüb.

    Məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” səhifəsində dərc edilib.

    Qeyd olunub ki, görüşdə Türkiyənin Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu da iştirak edib.

  • Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

    Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

    Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.

    Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

    APA-nın əldə etdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də digər hərəkətlər icra edilmişdir.

    Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

    Məlumatı Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

  • Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaqlar

    Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaqlar.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməsi təklif olunub.

    Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

    Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.

    Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

    Eyni zamanda, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.

    Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.

    İXM-ə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.

    Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.

  • Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir

    İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Dəyişikliyə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

    Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

    İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə – beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

  • Hikmət Mirzəyevə yeni müavin təyin olunub

    Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.

    Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.

    Qeyd edək ki, o, əvvəllər Azərbaycan Ordusunda dördüncü ordu korpusunun komandanı olub.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB – FOTO

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

    Oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nurlan Şahyəddin oğlu Namazov məzuniyyətdə olarkən yaşadığı ünvanda vəfat edib.

  • Gürcüstan-NATO təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcəklər

    2025-ci ildə NATO-Gürcüstan hərbi təlimləri keçiriləcək. Təlimdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər.

    Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

    Yeri gəlmişkən, Gürcüstandakı İtaliya səfirliyi də təlimlər barədə xəbər verib. Diplomatik missiyanın məlumatına görə, NATO-Gürcüstan təlimləri 28 aprel – 8 may tarixlərində Krtsanisi bazasında keçiriləcək.

    Tədbirdə Azərbaycanla yanaşı, Albaniya, Bolqarıstan, Almaniya, Yunanıstan, Fransa, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ hərbçilərinin iştirak edəcəyini bildirib.

    Ermənistanın təlimlərdə müşahidəçi qismində iştirakı nəzərdə tutulub.

  • Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

    Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    “Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.

    Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

    Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanıb.