Category: Ordu

  • Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimlərinin vaxtı açıqlandı

    Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri fevralın 16-da keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanır.

  • Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?

    Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.

    Qanun layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrində baxılıb.

    Layihəyə əsasən, ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmayacaqlar. Belə ki, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, on gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcəklər.

    Layihə səsə qoyularaq qəbul edilib.

  • Azərbaycanda Hərbi Hava Qüvvələrinin yaranma günüdür

    Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür.

    Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir.

    14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

    1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

    Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.

    Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.

    Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.

    Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimi başa vuraraq qayıdıblar – VİDEO

    Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025″də ölkəni təmsil edərək Vətənə qayıdıblar.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

    Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

    Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

  • Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

    Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

    “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”.

  • Hərbi dənizçilərimiz Pakistanda

    Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqunda iştirak edir.

    Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.

    Qeyd edilib ki, liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə (“AMAN-25”) isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.

    “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.

    Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən “AMAN-25” çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.

  • Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı

    Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə Teleqraf.az-a məlumatlı mənbələrdən bildirilib.

    Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir.

    Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliyi təsdiqləyib.

    Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi.

    Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

  • Azərbaycan hərbçiləri “Qış təlimi – 2025” çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər

    Türkiyənin Kars şəhərində keçirilən “Qış təlimi – 2025” hərbi təlimləri uğurla davam edir.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

    O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: “Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir”.

    Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər “NEFER” zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5,56 millimetrlik pulemyot, daha bir neçə silah və texnikadan ilk dəfə istifadə ediblər.

    Bildirilir ki, təlimlər sabah başa çatacaq.

    Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

    Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.

  • Azərbaycan hərbçiləri “Qış təlimi – 2025″də yüksək peşəkarlıq nümayiş etdirirlər

    Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025″də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.

    Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

    Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

    Çoxmillətli “Qış təlimi-2025″də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.

  • Hikmət Mirzəyev Türkiyə – Suriya sərhədində olub

    Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

    Məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” səhifəsində dərc edilib.

    Belə ki, iki qardaş ölkənin ordu rəhbərliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddəki postlarından birində olublar.

    S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə qardaş dövlətin ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə hərbçilərinin təcrübəsindən danışıb.

    Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.