Category: Ordu

  • Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək

    Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi – 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

    “Ümid” körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

    Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

    Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

    Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.

  • Hərbi vəzifəlilərin təlim toplanışı KEÇİRİLİR: Tapşırıqlar İCRA EDİLƏCƏK – VİDEO

    2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb.

    Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

  • Azərbaycan Ordusunun əsgəri vəfat edib – FOTO

    Azərbaycan Ordusunun əsgəri vəfat edib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

    O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

    Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

    Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirlik bildirib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

  • Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

    Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

    Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.

  • Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir – Parlament TƏSDİQLƏDİ

    Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri üçüncü – son oxunuşda qəbul edib.

    Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

    Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

    Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

    Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    //oxu.az

  • Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb

    Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

    Məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.

    Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

  • Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilib – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.

    Hərbi vəzifəlilərdən fiziki hazırlıq üzrə normativlər qəbul edilib, onlarla əlbəyaxa döyüş üsulları, habelə silahsız özünümüdafiə fəndlərinin öyrənilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib.

    Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilib.

    Hərbi vəzifəlilər, həmçinin komando hərbi hissələrində şərti düşmən obyektinə yaxınlaşma, yaşayış məntəqəsinin ələ keçirilməsi və digər tapşırıqlar üzrə taktiki-xüsusi məşğələ keçirilib.

    Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

  • Təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir

    Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir:

    21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;

    21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək;

    21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək;

    21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);

    21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);

    21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

    21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;

    21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə.

    21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir.

    Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır.

    21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir.

    21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir.

  • Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırıla bilər

    Müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

    Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

    Bundan başqa, iclasın gündəliyinə salınan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklə ölkə vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.

    Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.

    Məcəlləyə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.