Category: Ordu

  • Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

    Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib.

    Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub.

    Şəhər Hərbi Komissarlığına düşən mərmi nəticəsində bir neçə nəfər yaralanıb.

    Həmçinin Ermənistan silahlı qüvvələri vətəndaşlarımızın sıx məskunlaşdığı əraziləri ağır artilleriya atəşinə tutub, Füzuli rayonunun Horadiz kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşən mərmi qəlpələri nəticəsində 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Bu cinayət, dünən cəbhəyə yollanan erməni könüllülərini daşıyan avtobusun məhv edilməsinin intiqamına cəhd kimi də qiymətləndirilə bilər.

    Ümumilikdə isə, Tərtər şəhərinin mərkəzi, eləcə də Qapanlı, Şıxarx, Əskipara və Səhlabad kəndləri 30 sentyabr gününün birinci yarısı boyunca güclü atəşə məruz qalıb.

    Eyni zamanda, bu gün səhər saatlarında erməni işğalçı qüvvələri Ağdərədə mühasirənin qarşısını almaq məqsədi ilə Matagis istiqamətində əks-hücuma cəhd etdilər.

    Hücum Azərbaycan Silahlı Qüvvələrinin kütləvi artilleriya zərbələri nəticəsində dayandırılıb.

    Nəticədə döyüş əməliyyatlarını davam etdirən Azərbaycan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-u, günün sonunda daha da irəliləyərək əhəmiyyətli müşahidə nöqtəsi hesab olunan Tonaşen kəndinə yaxınlaşıb.

    Azərbaycan ordusunun birləşmələri işğal olunmuş Birinci ümum qoşun ordusunun Onuncu Dağ Atıcı diviziyasının Beşinci dağ atıcı alayının Ağdərə rayonun mərkəzində yerləşən qərargahına zərbələr endirib.

    Təxminən saat 16:00-da Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində bütün aktivliyini tamamilə dayandırıb.

    Füzuli və Cəbrayıl istiqamətində də ermənilərin əks hücum cəhdləri oxşar şəkildə uğursuz olub.

    Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir.

    Bu arada qeyd etmək lazımdır ki, təkcə bu gün saat 17:30-a qədər Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu məhv edilib.

    Ümumilikdə 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və “Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd “S-300” Zenit Raket kompleksi məhv edilib.

  • Düşmənlə təmas xəttində raket qalıqları aşkarlandı

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən müraciətlər daxil olub.

    Bu barədə “Report”a ANAMA-dan bildirilir.

    Məlumata görə, daxil olmuş 18 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

  • Daha bir erməni generalı məhv edildi – FOTO

    Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatları ordumuzun üstünlüyü ilə davam edir. Bu gün daha bir erməni generalı silahlı qüvvələrimiz tərəfindən məhv edilib.

    Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərə görə, Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan məhv olub.

  • Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

    Azərbaycan Ordusu bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

  • Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub – FOTO

    Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi atəşə tutulub.

    “Report”un məlumatına görə, atılan top mərmilərindən bir neçəsi yaşayış evlərinə və həyətlərə düşüb.

    Nəticədə bir neçə yaşayış evinə zərər dəyib, iri və xırda buynuzlu heyvanlar tələf olub.

  • “South Trading” İstixana Kompleksi cəbhə xəttindəki əsgərlərə meyvə-tərəvəz göndərib

    Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizədə peşəsinden asılı olmayaraq hər bir vətəndaş və qurumun üzərinə böyük məsuliyyət düşür.

    Azərbaycan Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza, cəbhə bölgəsindəki əsgərlərimizə dəstək olmaq naminə “South Trading” İstixana Kompleksi tərəfindən Milli Ordu üçün meyvə-tərəvəz məhsulları göndərilib.

    Meyvə-tərəvəz məhsulları Müdafiə Nazirliyinin laboratoriyası tərəfindən laborator yoxlanışdan keçirildikdən sonra Milli Ordunun ön cəbhədə yerləşən hərbi hissələrinə çatdırılıb.

  • Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır

    Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

    “Report” xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar.

    Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Bir daha şahid oluruq ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.

  • Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

    Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

  • Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası – VİDEO

    Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Görüntüləri təqdim edirik:

  • ƏƏSMN-nin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

    Nazirlikdən bildirilib ki, sərəncama uyğun olaraq, Nazirlik sistemindən 66 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıblar.

    Onlar işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar.