Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb.
Azxəbərin yayımladığı fotoda müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub.

Bu gün səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Hazırda döyüşlər davam edir.
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcək.
“İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq Ordumuzun nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparılır”.
Bu barədə “Azərkosmos” ASC məlumat yayıb.
“Bu gün cəsarətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq”, – açıqlamada deyilir.
Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.
Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.
Ermənistan televiziyasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş hərbçilərin siyahısı səsləndirilib.
Siyahını oxuyan televiziya aparıcısı efirdə təlaş və qorxu içində ağlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda işğaldan azad olunmuş ərazilərin adlarını açıqlayan televiziya aparıcısı isə sevindiyindən efirdə göz yaşlarına hakim ola bilməmişdi.
Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:
“Nəticədə, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb.
Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək, ölən və yaralıların təxliyyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”.