Category: Ordu

  • Əsgər valideynlərinə ŞAD XƏBƏR

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.

    Əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

    “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

  • Hərbi pilotlarımız düşmən təxribatını belə dəf etdi – VİDEO

    İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

    Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan iki ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

    Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

    Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

  • Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutduğunun sübutu – FOTO

    İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər.

    “Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.

    Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir”, – nazirlikdən bildirilib.


  • Zakir Həsənov Komanda İdarəetmə Mərkəzinin binasının açılışında – VİDEO

    Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim olunub.

    Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

    Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.

    Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.

  • Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna bu ilin iyunun 1-dək 99.845.168,79 AZN, 213.577,88 ABŞ dolları, 16.636,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

  • Cəbhədə erməni əsgər öldürüldü

    Ermənistan ordusunun hərbi qulluqçusu 19 yaşlı Sipan Melkonyan qoşunların təmas xəttində aldığı güllə yarasından ölüb.

    Bu barədə erməni KİV məlumat yayıb.

    Hadisə bu gün səhər saat 07:30-da baş verib.

    Xatırladaq ki, mayın 30-da erməni snayperinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun mayoru Aqil Omarov şəhid olmuşdu.

  • Atasını son dəfə qucaqladı… – Foto

    Xəbər verdiyimiz kimi ötən gün düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan mayor Aqil Omarov bu gün torpağa tapşırılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon rəhbərliyi, əsgər və zabitlər, şəhidin ailə üzvləri onunla vidalaşmaq üçün Qax rayonunun Lələpaşa kəndində bir araya gəliblər.

    Şəhidə son vida edənlər arasında hərbçinin azyaşlı övladları da olub. Oğulun atanın tabutuna sarılaraq onunla vidalaşması zamanı çəkilən bu foto sosial şəbəkələrdə sürətlə yayılaraq duyğu dolu anlara səbəb olub.

  • Parlamentdə şəhid zabitlə bağlı – MÜZAKİRƏ

    Milli Məclis ATƏT-in Minsk qrupuna zabitimizin şəhid olması ilə bağlı etirazını çatdırmalıdır.

    Bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.

    “Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib”, – deputat qeyd edib.

    Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib:

    “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

    //oxu.az

  • Bu gün şəhid olan mayor Omarovun FOTOSU

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

    1983-cü il təvəllüdlü Aqil Omarovun rütməsi mayordur. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.

    Şəhid Omarov evli idi, iki oğlu yadigar qalıb. Mərhumun cənazəsi sabah Lələpaşa kəndinə torpağa tapşırılacaq.

    Median.Az şəhidimizin fotosunu təqdim edir:

  • Şəhidimiz sabah dəfn olunacaq – İki övladı var imiş

    Bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti Qaxda dəfn olunacaq.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, 36 yaşlı şəhid mayor Aqil Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

    Şəhid ailəli olub, iki övladı var.