Category: Ordu

  • Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb – FOTO

    Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişli rayonunda aşkarlanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb.

    Ona vaxtilə həmin qəbiristanlıqda 32 naməlum şəhidin dəfn olunduğu, ancaq 25-nin şəxsiyyətinin müəyyənləşdiyi bildirilir. H.Nəcəfovun oğlunun şəklini axund həmin dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurur və onlardan birinin şəkli ilə uyğun gəldiyini görür.

    Şəhidin atası bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Nəticədə aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

  • Ermənilər cəbhə kəndində azyaşlılara atəş açdı – FOTO

    Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.

    Hadisə Çıraqlı kəndində baş verib.

    Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub.

    Kənd sakinlərinin verdiyi məlumata görə, uşaqlar arasında xəsarət alan olmayıb.

    Yaranmış vəziyyətdən qorxan uşaqlardan birinin vəziyyəti pisləşib.

    Bu səbəbdən Çıraqlı kənd sakini, 13 yaşlı Vüsalə Məmmədova təcili tibbi yardım stansiyasına müraciət edib. İlkin tibbi yardım göstərilən 13 yaşlı qız müayinə edildikdən sonra evə buraxılıb.


  • Zakir Həsənov yeni komanda məntəqəsinin açılışında – FOTO/VİDEO

    Prezident İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, aprelin 24-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və yaradılan şəraitlə tanış olub.

    General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçirib.

    Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunların hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

    Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarəedilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir.

    Sonra Müdafiə Nazirliyinin rəhbərliyi üçün birləşmiş komanda məntəqəsinin fəaliyyətinə dair geniş brifinq keçirilib.

    “Super Muşşak” təlim-məşq təyyarələrinə və trenajor zallarına baxış keçirən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdırıb və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotların peşəkarlığının artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.



















  • Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı – FOTO

    Ulu öndər Heydər Əliyevin imzaladığı ilk Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, “Şəhid anaları” Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

    Mərasimdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

    Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: “Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da, Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm”.

    Milli Məclisin deputatı Adil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovniki Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayacağını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyüyən nəvəsi, şəhid qızı Əminə bu ağrılı, üzüntülü gündə onların kədərinə şərik olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

    Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.

  • Qar uçqununa düşən əsgərin meyiti tapıldı

    Mart ayının əvvəllərində Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi – FOTO

    Aprelin 18-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə Formula 1 Azərbaycan Qran-Pri yarışı zamanı digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

    İlk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, digər hüquq-mühafizə orqanları ilə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb. Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib.

    Tədbirə hazırlıqların yoxlanılması məqsədilə xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına və nəqliyyat vasitələrinə baxış keçirilib.

  • Azərbaycan ordusu raketləri işə saldı – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

    Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.

  • Kursantlar artilleriya qurğularından döyüş atışları icra edir – VİDEO

    “Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.

  • Əsgərlərimiz erməni texnikasını belə məhv edir – VİDEO

    Sosial şəbəkədə ordumuzun erməni texnikasını məhv etdiyi anın görüntüləri yayılıb.

    Hərbi jurnalist Elgün Gəncimsoyun yaydığı görüntüdə ordumuzun cəbhə istiqamətində yerləşən müvafiq bölməsinin səngərlərdə mühəndis istehkam işləri apararkən zərərsizləşdirilən texnikasının görüntüləri əks olunub.

    Kadrlardan göründüyü kimi, partlayış nəticəsində erməni tərəfdən tələfat olduğu qaçılmazdır.

    O, bildirib ki, bu artıq Azərbaycan ordusunun qarşı tərəfdə məhv etdiyi ikinci eyni məqsədli texnikadır.

    Görüntüləri təqdim edirik:

  • Müdafiə Nazirliyi: Ordumuz döyüşə tam hazırdır

    Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir.

    Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir.

    İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir.

    Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, – deyə polkovnik V.Dərgahlı qeyd edib.

    Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan “Mediamaks” nəşrinə müsahibəsində hücum bölmələrinin artırılması ilə bağlı informasiyanı şərh edərkən deyib ki, erməni “hücumçuları” Azərbaycan ordusunun ərazisində xaos yarada bilər.

    “Təxribat halında düşmənlə onun ərazisində üz-üzə gələcəyik. Düşməni əhliləşdirəcəyik ki, növbəti dəfə belə fəaliyyətə getməsin. Söhbət standart addımlardan getmir, lazım gəlsə, bizim hücum qruplarımız düşmənin ərazisində xaos yarada bilərlər”, – Tonoyan bildirib.