Category: Ordu

  • Hərbi helikopterlərimiz havaya qaldırıldı – FOTO, VİDEO

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.


    Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

    Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

    Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

  • Zakir Həsənovdan müharibə ANONSU: Hər an döyüşlərə başlaya bilərik

    Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam artıb. Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğısını görür.

    Median.Az-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

    Nazir bildirib ki, Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur:

    “Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, “Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. “Azərsilah” 1000-dən çox çeşiddə silah-sursat istehsal edir”.

    Aprel döyüşlərindən nümunə gətirən nazir bildirib ki, qısa müddətdə erməni ordusu darmadağın edildi, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı.

    Nazir bildirib ki, aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu.

    Z.Həsənov bildirib ki, ermənilər iqtisadi, siyasi, ordu quruculuğu baxımdan Azərbaycanla bacara bilmirlər və başqa yola əl atırlar, satqınlardan istifadə edirlər, yalan və böhtan danışırlar:

    “Ancaq onun da bir xeyri yoxdur. İndi 90-cı illərin əvvəlləri deyil, o zaman hərc-mərclikdən istifadə edib bizim torpaqlarımızı işğal etdilər. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq güclü dövlətçilik var, dövlətin başında güclü lider var, güclü iqtisadiyyat, ordu quruculuğu var”.

  • Aprel döyüşlərində çəkilən real kadrlar – tariximizin şanlı səhifəsi (VİDEO)

    2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu cavab həmləsi etdi.

    4 gün davam edən aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

    5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad edib.

    Müdafiə Nazirliyi aprel döyüşləri ilə bağlı xüsusi hazırlanan reportajı təqdim edib. Bu reportajda döyüşlərdən real kadrlar əks olunub.

  • Şəhidlərin xatirəsi əbədiləşdiriləcək – Komissiya yaradıldı

    Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

    Nazirlər Kabinetinin rəsmi saytında verilən xəbərə görə, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, komissiya aşağıdakı tərkibdən ibarətdir:

    Komissiyanın sədri:

    Baş nazirin müavini;

    Komissiyanın katibi: Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri;

    Komissiyanın üzvləri: 

    müdafiə nazirinin müavini, 

    daxili işlər nazirinin müavini, 

    mədəniyyət nazirinin müavini, 

    gənclər və idman nazirinin müavini, 

    təhsil nazirinin müavini, 

    səhiyyə nazirinin müavini, 

    maliyyə nazirinin müavini, 

    əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 

    Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, 

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, 

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, 

    Dövlət Turizm Agentliyi sədrinin müavini, 

    Milli Arxiv İdarəsi rəisinin müavini, 

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.

    Qərara əsasən, dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılacaq və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim ediləcək.

    Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

    Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilib.

  • Aprel döyüşlərinin iştirakçısı: “Yaralı idim, ancaq düşməni məhv etdim”

    Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür. Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. 

    Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

    Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan əsgəri 1992-cil təvəllüdlü Emin Məhərrəmli xatirələrini Trend-ə bölüşüb.

    Hərbçi deyir ki, aprel ayının 2-si gecə saatlarında həyəcan siqnalı ilə piyadaların döyüş maşınında (PDM) Lələtəpə istiqamətinə yola düşüblər:

    “O vaxt polkovnik (indiki general-mayor) Mais Bərxudarov minaya düşən PDM-in qapısını açaraq məni və əsgər yoldaşlarımı texnikadan düşürərək özü ilə döyüşə apardı. Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. 

    Lələtəpəyə çatdıqda ətrafımız geri çəkilən erməni əsgərlərinin silah-sursatları ilə dolu idi. Onlar qorxularından şəxsi əşyalarını atıb getmişdilər. Əsgər vaxtı snayperçi idim, həm atıcı, həm də müşahidəçi olmuşam. Mənə qarşı tərəfi müşahidə etmək tapşırıldı və dərhal düşmənin iki texnikasını aşkar edərək komandirimə bildirdim”.

    Döyüşçünün sözlərinə görə, o, düşmənin iki snayperçisini də məhv edib, sonra isə yaralı olduğu üçün huşunu itirərək yerə yıxılıb:

    “Yanımda iki minaatançımız məlumat verdi ki, qarşı tərəfdə iki snayperçi var və onları zərərsizləşdirmək lazımdır. Dərhal müşahidə apararaq onlardan birini tapdım və məhv etdim, digər snayperçini müşahidə edən zaman isə qarşı tərəfdən güllə yarası aldım və huşumu itirdim. Özümə gəldikdən sonra digər snayperçini də taparaq zərərsizləşdirdim. İkinci dəfə huşumu itirməyim çoxlu qan itirdiyimə görə oldu. Əsgər yoldaşım məni atışma olan ərazidən çıxararaq hərbi avtomobilə mindirdi. O məni xilas edərkən ayaq sümüyü ombasından çıxsa da, məni lazım olan yerə çatdıra bildi”.

    Əsgər əlavə edib ki, aprel döyüşləri ilə Azərbaycan Ordusu düşmənə sübut etdi ki, yenidən səngərlərdən döyüşə başlamağa, vuruşmağa və qələbə qazanmağa qadirdir.

  • Azərbaycan ordusunun aprel qələbəsindən 3 il ötür

    2016-cı il aprelin birindən ikisinə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 4 gün davam edən döyüşlər aprel döyüşləri kimi tarixləşdi.

    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

    Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.

    Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

    Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

    Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

    Aprel döyüşlərindən sonra – may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

    Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

  • Hərbi xidmətə çağırış başladı

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 30-dək davam edəcək çağırış prosesində gənclər hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanacaq. Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

    Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Azərbaycan Respublikasında 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə martın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə və ya mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə məlumat ala bilirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

  • Ordumuzun ən yaxşı snayperi – FOTO/VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

    Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər.

    Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.


  • Silahlı Qüvvələrin Yardım Fonduna nə qədər vəsait daxil olub?

    Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cari il aprelin 1-dək fonda 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.

  • Şəhidimiz dəfn olunur – FOTO

    Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.

    Mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir.

    Dəfn mərasimində böyük izdiham müşahidə edilir.

    Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

    Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq, növbəti təxribatların qarşısı alınıb.






    //oxu.az