Category: Ordu

  • Hərbi qeydiyyatla bağlı vacib dəyişiklik: Yaş həddi 15-ə endirildi

    Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

    Median.Az xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

    Milli Məclisin Müdafiə, bu, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

    Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

    Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.

  • Qarabağda erməni əsgər ölüb

    Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni əsgər ölüb.

    Median.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, hadisə sentyabrın 26-sı, yerli vaxtla 20:10-da baş verib.

    Ermənistan ordusunun əsgəri, 1999-cu il təvəllüdlü Aqasi Derenikoviç Mkrtçyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

    Hadisənin təfərrüatı dəqiqləşdirilir.

  • Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO

    Azərbaycanda yeni unikal silah istehsal olunub.

    Median.Az “report”a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

    Əllə idarə olunan və 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

    Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

    Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.

  • Bakıda ADEX beynəlxalq sərgisi açıldı – FOTO

    Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayır.

    Median.Az xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək.

    Genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir.

    Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin, iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

    Bu il digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Helikopterləri” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.

    Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir.

    Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
















  • Azərbaycanda generalın oğlu əsgər getdi

    Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin oğlu hərbi xidmətə yollanıb.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb.

    O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.

    General-polkovnik Elçin Quliyev

    Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb.

    2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib.

  • Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

    “Global Firepower” dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb.

    Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb.

    Ermənistan ordusu 84-cü, Gürcüstan Silahlı Qüvvələri isə 82-ci yerdə qərarlaşıb.

    Türkiyə Silahlı Qüvvələri doqquzuncu, İran isə 13-cü yerə layiq görülüb.

    İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya orduları yer alıb.

    “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

    Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

  • Ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutdular

    Sentyabrın 14-də, axşam saatlarından başlayaraq, sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə, Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

    Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib. Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi, Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır.

    Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

  • Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini məhv etməyə hazırlaşır – ƏMR

    ​Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

    Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.

    Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də, onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

    Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.

  • Orduya çağırış başladı – SƏRƏNCAM

    Prezident İlham Əliyev sentyabrın 4-də Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • Qarabağda erməni hərbçisi ölüb

    Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.

    Median.Az Ermənistan mətbuatınaa istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Vanik Gevorkyan Qarabağ bölgəsində qeyri-müəyyən şəraitdə ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.