Category: Ordu

  • Şəhid əsgərimiz medalla təltif olundu

    Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

    Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

    Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin ailəsinə təqdim olunacaq.

  • Tək oğul övladlarına hərbi xidmətdən güzəşt hüququ tanına bilərmi?

    Ailələrin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılması və ya onların ön cəbhəyə göndərilməsi məsələsi son günlər yenidən ciddi şəkildə gündəmə gəlib.

    Qeyd edək ki, bu məsələ zaman-zaman həm cəmiyyətin, həm də siyasi kəsimin – parlamentarilərin gündəmində olub və məsələyə baxışda fikirlər, rəylər haçalanıb, ikiyə bölünüb.

    Bir qisim ailənin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılmasının və ya cəbhənin ön hissəsinə göndərilməsinin əleyhinə çıxıb, bunun ailənin varisliyinə, nəslin davamlılığına mənfi təsirini qabardıblar.

    Digər bir qisim isə bu arqumentlərinin hamısının əleyhinə çıxaraq, tək və ya bir neçə oğul övlad olmasından asılı olmayaraq, hər bir kəsin hərbi xidmət etməsinin gərəkdiyini dilə gətirib və qeyd ediblər ki, müharibə vəziyyətində olduğumuz üçün bu məsələ, ümumiyyətlə, gündəmə gətirilməməlidir.

    Konkret olaraq, bir neçə il öncə bununla bağlı məsələ parlamentdə gündəmə gələndə, hazırda birinci vitse-spiker və MM-in müvafiq komitəsinin sədri olan Ziyafət Əsgərov güzəşt hüququnun əleyhinə çıxmışdı.

    O, həmin vaxtlar hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili və AzTV-nin keçmiş sədri Nizami Xudiyevin bu məsələ ilə bağlı fikrinə kəskin şəkildə qarşı çıxmışdı. Bu yöndə misalları artırmaq olar, amma…

    Bəs görəsən, bu məsələnin yaxın gələcəkdə müzakirəyə çıxarılması, hərbi xidmətlə bağlı qanunvericiliyə düzəliş edilməsi, tək oğul övladlarının həqiqi hərbi xidmətə çağrılmaması və ya çağırıldıqları halda, cəbhənin ön xəttinə göndərilməməsi məsələ mümkün ola, reallaşa bilərmi?

    Aydın Mirzəzadə: Bu gün ailələrdə tək oğlan övladı faktoru var

    Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə oxu.az-a açıqlamasında  bu məsələnin ağrılı olduğunu desə də, onun reallığa çevrilməsini indiki məqamda mümkünsüz hesab edir:

    “Bilirsiniz, iş burasındadır ki, bu gün Azərbaycan ailələrinin böyük əksəriyyətində iki uşaq var.

    Düzdür, bununla bağlı dəqiq statistikanı bilmirəm, amma ailələrdə ya tək oğul övladı, ya da bir qız, bir oğul övladıdır.

    Bildiyiniz kimi, bu gün müharibə vəziyyətindəyik, əgər ailələrin tək oğul övladlarını hərbi xidmətə çağırmasaq, onlara güzəşt hüququ versək, orduda, ön cəbhədə resursumuz çatışmayacaq.

    Yenə deyirəm, bu gün ailələrdə tək oğul övladı faktoru var, bu,reallıqdır və bu baxımdan, onların hərbi xidmətə çağırılmaması hələlik real görünmür.

    Eyni zamanda, hər bir şəhid xəbəri, hər bir itki ürəyimizi ağrıdır, sızladır. İstəyirik ki, şəhid olmasın, itki olmasın, ailələlər övladsız, gözüyaşlı qalmasın. Bu günlərdə daha bir gəncimiz şəhid oldu, Adil Tatarovu itirdik.

    Onun itkisi böyük ağrı kimi hamımızın qəlbini sızlatdı. Ailəsinə başsağlığı verir, səbr diləyirəm, “Başın sağ olsun, vətən!” deyirəm”.

    Jalə Əliyeva: Ailələrin tək oğul övladları hərbi xidmətə çağırılanda və ya cəbhənin ən qaynar hissəsinə göndəriləndə çox ciddi narahatlıqlar, sarsıntılar yaşanır

    Millət vəkili Jalə Əliyeva bu məsələnin düşündürücü, narahatedici və ağrılı olduğunu deyib:

    “Təbii ki, hər bir kişinin, hər bir gənc oğlanın hərbi xidmət keçməsi lazımdır, təsadüfi deyilməyib ki, hərbi xidmət, əsgərlik həm də kişilik məktəbdir və bu baxımdan, hər bir oğlanın, gəncin bu kişilik məktəbini şərəflə, qürürla keçməsi, yaşaması gərəkdir.

    Amma bir məqam da var ki, bu gün əksər ailələrdə bir və ya iki uşağa üstünlük verilir, əksər hallarda tək oğul övladına. Əslində, bu özü də çox düşündürücü bir məsələ, çox zərərli bir tendensiyadır.

    Bu gedişlə sabah oğlanları evləndirmək, ailə-uşaq sahibi etmək üçün qız çatışmayacaq. Bunu valideynlər, cəmiyyətimiz ciddi şəkildə anlamalı, yanlış düşüncə tərzindən uzaqlaşmalıdır.

    Qız uşaqlarının ana bətnindəcə məhvinə, belə demək mümkünsə, qız uşaqlarının soyqırımına artıq son verilməlidir. Bu, həm Allaha, həm dinə, həm də insanlığa zidd, günah əməllərdir.

    Odur ki, fikrimin əvvəlinə qayıdaraq, demək istəyirəm ki, ailənin tək oğlan övladları hərbi xidmətə çağırılanda və ya cəbhənin ön, ən qaynar hissəsinə göndəriləndə çox ciddi narahatlıqlar, sarsıntılar yaşanır.

    Xüsusilə də, zorla cəlb edildiyimiz müharibəni, münaqişəni, itkiləri nəzərə alsaq, ailələrdəki narahatlıqları, üzüntüləri anlamaq, başa düşmək çətin deyil. Heç kim, xüsusilə də qadınlar müharibə, qan-qada, itki istəmirlər, istəməzlər.

    Normal düşüncəli insanlar bunu arzulamazlar, mən də bir Azərbaycan xanımı, Azərbaycan anası kimi müharibəni, buna bais olanları lənətləyirəm.

    Amma təəssüf ki, bu gün bizlərdən asılı olmayaraq, mühirəbəyə cəlb edilmişik və bəzən də itki, şəhid vermək məcburiyyətindəyik. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çox çətindir.

    Hesab edirəm ki, indi olmasa da, gələcəkdə bu məsələyə qayıtmaq və müəyyən addımlar atmaq olar”.

    Vahid Əhmədov: Tək oğlanların hərbi xidmətə çağırılması məsələsində güzəştlər nəzərdə tutulmalıdır

    Millət vəkili, baş nazirin sabiq birinci müavini Vahid Əhmədov bu məsələnin heç zaman gündəmdən düşmədiyini və bundan sonra da düşməyəcəyini bildirib:

    “Bu məsələ daim gündəmdə, müzakirələrdədir. Doğrudan da, ailələrin tək oğul övladlarının hərbi xidmətə çağırılması və ya cəbhənin ön hissəsinə göndərilməsi düşündürücü, ağrılı məsələdir.

    Elə bu günlərdə dörd bacının tək qardaşı, ailənin tək oğul övladı şəhid oldu. Bu, hamımızı çox üzdü. Mən həmin şəhidimiz də daxil olmaqla, cəmi şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

    Onlar Vətən uğrunda şəhid olublar və daim qəlbimizdə, qəlblərdə yaşayacaqlar. Hesab edirəm, tək oğlanların hərbi xidmətə çağırılması məsələsində güzəştlər nəzərdə tutulmalıdır.

    Çünki ailələrin, nəsillərin davamlılığı və sairə məqamlarla bağlı tək oğul övladlarına hərbi xidmətlə bağlı güzəşt hüququ tanınmalıdır. İndiki dövrdə bu, tam real görünməsə də, gələcəkdə bu məsələ öz həllini tapmalıdır. Buna ciddi ehtiyac var”.

  • Düşmən kəndlərimizi atəşə tutub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Dörd bacının şəhid qardaşı – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu- əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

    Şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.

    O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

    Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub.

    Allah rəhmət eləsin!











  • Qarabağda işğalçı yaralanıb

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində erməni əsgəri yaralanıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, 30 yaşlı hərbi qulluqçu Şamxal Petrosyan bu gecə saat 22:35 radələrində təmas xəttinin şimal istiqamətində güllə yarası alıb.

    Hadisənin təfərrüatı dəqiqləşdirilir.

  • Cəbhədə gərginlik davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

    Median.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Artilleriya hərbi hissəsində xidmətin bir günü – VİDEO

    Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası “N” saylı hərbi hissənin artilleriya divizionundan reportaj hazırlayıb.

    Həmin reportajda “N” saylı hərbi hissənin artilleriya divizionu ilə yaxından tanış olmaq mümkündür.

    Qeyd olunur ki, Azərbaycan hərbi tarixində artilleriya hər zaman mühüm rol oynayıb. “Bu gün Azərbaycan ordusu ən müasir tələblərə cavab verən artilleriya qurğuları ilə təmin olunub”, – deyə nazirlik bəyan edir.

  • Düşmən kəndlərimizi pulemyotlardan atəşə tutub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Hərbi vəziyyət rejimini pozanları ağır cəzalar gözləyir: Parlament “hə” dedi

    “Hərbi vəziyyət haqqında” qanunun tələblərinə əsasən bir neçə qanunverici aktlarında dəyişiklik edilib.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilir ki, 33.1.6-cı maddəyə “fövqəladə şəraitdə” sözlərindən sonra, “yaxud hərbi vəziyyət dövründə” sözləri əlavə edilsin.89.3-cü və 89.6-cı maddələrə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

    Həmçinin Məcəllədə aşağıdakı dəyişikliklər də qeyd olunub.

    517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.

    517-2.2. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.3. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    517-2.4. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.5. Karantin tələblərinin, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin pozulmasına görə fiziki şəxslər əlli manatdan doxsan manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.6. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir.

    517-2.7. Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.

    517-2.8. Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

    517-2.9. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.10. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.11. Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunmasına, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    517-2.12. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.13. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    517-2.14. Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışı ilə bağlı qoyulmuş məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə müəyyən edilmiş xüsusi rejimə əməl olunmamasına, habelə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

    517-2.15. Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməməyə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

    517-2.16. Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törətməyə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

    Qanun layihələrinə dəyişikliklər səsə qoyularaq qəbul edilib./oxu.az

  • Rusiya “İsgəndər” raketlərini açıq satışa çıxardı – Azərbaycan da alacaq?

    Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri “geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. O, qeyd edib ki, “İsgəndər” raketləri bundan əvvəl heç vaxt ixrac edilməyib, amma onların ixracına sərt embarqo da heç vaxt qoyulmamışdı.

    Xatırladaq ki, Rusiya “İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-E” variantını (250 km. mənzilli) Ermənistana verib. “İsgəndər-M” isə bu raketlərin ixrac variantıdır, 300 kilometr və daha çox mənzilə malikdir.

    Rusiya Ermənistana “İsgəndər” raketləri verdikdən sonra Azərbaycan həm raketdən və havadan müdafiə sistemlərini təkmilləşdirmək üçün bir sıra müasir silah sistemləri əldə edib. Həm taktiki-texniki göstəriciləri “İsgəndər”lərə yaxın olan raketlərin əldə edilməsi üçün tərəfdaş ölkələrlə işləyib. Bu günlərdə məlum olub ki, Belarus göstəricilərinə görə “İsgəndər” raketləri ilə müqayisə olunan “Polonez” raket komplekslərinin ilk ixrac partiyasını (cəmi 10 kompleks, hərəsində 8 raket daşıyan konteyner olmaqla) 2018-ci il ərzində Azərbaycana çatdırmağa hazırlaşır. Bu raketlərin mənzili 300 kilometrdir.

    Habelə Azərbaycanın Rusiyadan “İsgəndər” raketlərini də almağa maraq göstərdiyi istisna deyildi. İndi “Rostex” bu raketləri açıq bazara çıxarırsa onların Azərbaycana satılması üçün maneə də qalmır.

    Xatırladaq ki, aprelin əvvəllərində Ermənistan mətbuatı Rusiyanın bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa və həmin kredit çərçivəsində “çoxlu sayda “İsgəndər” raketləri” verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. İddia edilirdi ki, raketlər Azərbaycanla sərhəddə yerləşdiriləcək.