Category: Ordu

  • Düşmən kəndlərimizi atəşə tutub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

    Müdafiə Nazirliyindən oxu.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

    Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən iki il ötür.

    2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

    Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.

    232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.

    Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.

    Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

    Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

    Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.

    Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.

    Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.

  • “MƏN MÜBARİZ İNSANAM!” – Adil Əliyev

    Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər.

    Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram.

    Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz?

    Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar?

    Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”?

    Niyə hamı sizin kimi düşünməlidir?

    Avropadakı soydaşlarım sizin kimi düşündəmikdə kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız?

    Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır.

    Bir-bir sizin saxta ittihamlarınıza cavab verirəm.

    Birincisi, söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar.

    Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırırlar, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar.

    Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər?

    Özləri də bilməmiş deyildilər ki, toplanıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya verəcəkdilər.

    Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı başlayıb saat 3-də, bunlar gəliblər yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub.

    Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub. İkincisi, mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar.

    Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm.

    Yenə yalan, yenə iftira!

    Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların Cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam.

    Üçüncüsü, guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam.

    Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib.

    Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var.

     

    Burda nə var ki, idmançıyam və vətənimdə Kikboksinq Federasiyasının rəhbəriyəm. Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər? Dördüncüsü, maliyyə məsələsinə bir daha qayıtmaq məcburiyyətindəyəm.

    Dünənki statusumda yalanlarını ifşa etsəm də, yenə eyni iftiranı yazırlar.

    Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər.

    Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin ekonom klas hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər.

    Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib.

    Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar. Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız? Əziz həmvətənlilər, söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdim. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır. Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır.

    Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək isrtəyirəm ki, mənə “ünvanladığınız” sözlərin 5 qatını sizə arzu edirəm!

    Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək.

    Avropa sizin deyil ki, ora gəlib sözümü deməyim, bu vaxta qədər soydaşlarımı və Anadolu türklərini bir yerə yığıb dərdləşmişik, yenə də gələcəm. Mən mübariz insanam!

    Söyüş söyənlərə sosial şəbəkələr üzərindən ilk cavab verənlərdən biri mən olmuşam.

    Uzun müddət onlarla polemika aparmağa çalışdım, söyüşlərinə söyüşlə cavab vermədim, izah etməyə çalışdım.

    Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər.

    İndi də həm onlar, həm onların Azərbaycandakı dəstəkçilərinin bir hissəsi mənə qarşı tərbiyəsiz ifadələr işlədirlər.

    Mən səbrliyəm, siz qışqırmağınızda, söyüş söyməyinizdə olun.

    Onsuz da bu gedişlə elə olduğunuz yerdə qalacaqsınız, biz isə dövlətimizə və millətimizə xidmətimizi davam etdirəcəyik!

    "MƏN MÜBARİZ İNSANAM!" -  Adil Əliyev

    "MƏN MÜBARİZ İNSANAM!" -  Adil Əliyev

    Daha ətraflı Altaba.az-da:

    http://altaba.az/siyasi-elita/28034-men-mubariz-insanam-adil-eliyev.html

  • Müharibəni çəkən operator: “O vertolyot vurulsaydı günahı mənim üstümdə qalacaqdı” – MÜSAHİBƏ

    Kulis.azın müsahibi operator Nizami Abbasdır.
     
    Nizami Abbas Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) kinooperator fakültəsini bitirib. 1974-1975-ci illərdə “Lenfilm” kinostudiyasında operator köməkçisi işləyib.
     
    “Şeytan göz qabağında”, “Afroditanın qolları”, “Yaşa qızıl balıq yaşa” və başqa filmlərin quruluşçu operatoru olub. Amma bizim müsahibəmiz onun operatoru və rejissoru olduğu sənədli filmləri, Qarabağ müharibəsindəki fəaliyyəti haqdadır.
     
    – Nizami müəllim, sizi ekstremal filmlər operatoru adlandırmaq olar?
     
    – Yox, qətiyyən. Mənim üçün janr məhdudiyyəti yoxdur. Düzdür, ekstremal şəraiti çəkmək daha çətindir, nəinki bədii səhnələri çəkmək.
     
    – Ekstremal situasiyanı çəkmək üçün operatorda hansı keyfiyyətlər tələb olunur?
     
    – Bunlar hamısı daxili hisslərə, intuisiyaya bağlıdır. Mənim taleyimə daha çox müharibəni çəkmək düşdü. Yaradıcılığımla bağlı soruşanda deyirəm ki, mənim yaradıcılığım yoxdu, başdan-ayağa dərddir. Bu nə yaradıcılıqdır?!
     
    – Əksinə, mühüm, tarixi bir işlə məşğul olmusuz. 1988-ci il meydan hadisələrinin xronikasını yaradanlardan da biri sizsiz. O dövrdə kinostudiyada mühit necəydi? Yuxarıdan təzyiqlər olurdumu ki, hadisələri lentə almayasınız?
     
    – Necə oldu ki, meydan hərəkatının operatorlarından biri mən oldum? Meydanda hadisələri gördüm, gəldim kinostudiyaya. Operator Zaur Məhərrəmovla görüşüb  dedim ki, sabah meydana çəkilişə gedirəm. Hadisələri də kinolentə çəkirdik. İşlədiyim filmlərdən az-az lentlər qalmışdı. İki-üç kaset götürüb getdim meydana. Zaur müəllim təbii ki, narahat idi. O vaxt dövlət televiziyasına meydanı çəkmək qadağan olunmuşdu. Buna baxmayaraq mən getdim. Çəkdiyim lenti gətirdim kinostudiyaya, dedim, ora çox möhtəşəmdir. Zaur müəllim kinostudiyanın direktoru Ramiz Fətəliyevlə görüşdü, bundan sonra meydana Zaur Məhərrəmov, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev gəldi. Deyim ki, hər operator da gəlmirdi meydana. 18 gün, 18 gecə biz meydanda qaldıq. Hərəmiz başqa-başqa nöqtələrdən çəkirdik. “Abşeron” mehmanxanasında yerləşmişdik, Ramiz Fətəliyev də gəldi, orada bir baza yaratdıq. Ordan da çəkilişlər edirdik. “İnturist” mehmanxanasında Bağır Rəfiyev, rejissor Nizami Müsayev idi. Yəni heç kəs göstərişlə gəlmədi. Hamı könüllü idi. Amma bununla belə bütün kinostudiya meydana gəlmişdi. Məsələn, Adil Qulamov səs yazırdı, onda səsyazma studiyasında işləyirdi. Bizim Elbrus (qrimçi Elbrus Vahidov nəzərdə tutulur – S.S.) Nemətə saqqal düzəldir, cürbəcür qrimlər edirdi ki, camaatın içinə çıxa bilsin.
     

     
    O hadisələrdə 18 gün evə getmədim. Yoldaşım oğlumu götürüb məni görmək üçün meydana gəlirdi.
     
    – Orada müxtəlif nöqtələrdən çəkilişlər var: yuxarıdan, tribunadan, ümumi, portretlər… Siz hansını çəkmisiz?
     
    – Mən hamısına çatdırırdım. Ən çox portretləri… İnsan üzləri mənim üçün həmişə maraqlı olub.
     
    – Sənədli film haqda deyirlər ki, o görünməyəni göstərməlidir. Bu mənada meydan hərəkatında elə nüanslar vardı ki, lentə düşməyib, amma yaddaşınızda qalıb?
     
    – Meydan hərəkatında təxribata əl atan qüvvələr vardı. İstəmirdilər o çəkilsin. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları mülki formada gəzirdilər. Bir hadisə oldu, ordan bildim ki, o mülki geyimli adamlar iğtişaş yaratmaq istəyirlər. Millət o qədər mütəşəkkil idi, elə bir ab-hava vardı ki, orada bir nöqsan tutmaq olmazdı. Meydanda iki dəfə döyüldüm. Şayiə buraxırdılar ki, ermənilər üçün çəkirlər. Həmin mülki geyimlilər insanları qızışdırırdılar, imkan vermirdilər işləyək. Bir dəfə “İnturist” mehmanxanasına kimi apardılar, kameranı əlimdən aldılar, hətta lenti yandırmaq istəyirdilər, amma aça bilmədilər. Sonra başa düşdülər ki, səhv edirlər. İnsanların əsəbi dövrü idi, hər şeydən qıcıqlanırdılar.
     
    – Meydan hərəkatı dekabrın 4-dən 5-nə keçən gecə dağıdıldı. O günü necə xatırlayırsız?
     
    – Bağır Rəfiyev “İnturist”dən meydanın dağıdılmasını çəkirdi. Mən təklif elədim ki, aşağı düşüm, meydanın içini çəkim. İcazə vermədilər ki, bütün zəhmətimiz hədər gedə bilər. Çəkilən lentlər həmin gün mehmanxanadan çıxırdı ki, ələ keçməsin. Bilmirəm, indiki direktorlar bunu edərdimi, amma Ramiz Fətəliyevdə bu cəsarət vardı. Bunu 20 Yanvarda da gördük. Meydanın dağıdılmasını yuxarıdan çəkdik. İkinci kameramızın içində yanmış lent vardı. Gəlsəydilər, onu verəcəkdik. Mehmanxanada işləyən xadimə qadınlar bizə çox kömək edirdilər. Bir məqam oldu, meydan dağılan gün Fətəliyevlə dəhlizdə idik, pilləkənlə qalxan ayaq səsləri eşitdik, düşündük, yəqin əsgərlərdir. Lenti Fətəliyev köynəyinin arasında soxdu, digər lentləri xadimə qadınlara verdik ki, gizlətsinlər… Zibil qabında gizlədilən lentlər vardı. Sonra mənlə Zaur Məhərrəmov, hərəmizdə bir kamera meydana düşdük. Bir səhnə var, sovet əsgəri Azərbaycan bayrağını atır, onu söyə-söyə çəkmişəm. Nifrətimizi gizlətmirdik.
     

     
    – 20 Yanvar faciəsini də lentə alan kinostudiya əməkdaşları idi…
     
    – 20 Yanvardan əvvəl “Salnamə” sənədli filmlər studiyasında bir qərargah yaranmışdı. Rejissorlar Xamis Muradovla Tofiq Məmmədov rəhbərlik edirdi. Belə hadisələrin birinci rejissoru operatordur. Ekstremal şəraitdə hadisə rakurslar, iri, geniş planlar baxımından elə çəkilməlidir ki, o montaj oluna bilsin. Yəni bir nöqtədən durub çəkməklə iş bitmir. Orda hadisənin içinə girmək, detalları göstərmək lazımdır. Belə hadisələri çəkmək çox çətindir, xüsusən gülləboran olunan yerdə. Bilmirsən, düşmən hansı tərəfdən gələcək. Müharibədə də belədir.
     
    – Dediyiniz qərargah yanvar hadisələrindən əvvəl yaranmışdı. Onda qırğın olduğunu kimsə bilmirdi. Bəs bu qərargah hansı zərurətdən yarandı?
     
    – Yanvar hadisələrindən əvvəl sərhədlərdə atışmaların olduğundan məlumatlı idik. O dövrdə Azərbaycanın başqa bölgələrindən sərhəd rayonlarına güclü axın vardı. 20 Yanvardan əvvəl Laçın istiqamətinə getmişdim, faciə baş verən günü də orada olmuşam. Laçına  gələndə gördüm ki, hər yerdən insanlar var. Ov tüfəngi ilə artıq adamlar gəlirdi. 1990-cı ilin yanvarın 10-11-i idi. Bakıda belə bir faciənin olacağı ağlımıza gəlməzdi. Yanvar hadisələrini operatorlar Rafiq Quliyev, Etibar Cəfərov, Pribaltikadan qadın operator vardı, onlar çəkiblər. Operator İsrafil Ağayev yaşadığı evin balkonundan çəkib, sonra binanı da gülləboran etdilər. Həmin günü ermənilər də Laçını güclü atəşə tutdular… “Vremya” proqramı göstərdi ki, Bakıya qoşun yeridilib. Ordan bildim. Uzun saçlı, xəncərin ucunda alma-armud yeyən silahlıları göstərirdilər. O kadrı televizordan çəkdim.
     

     
    – Maraqlı filmlərinizdən biri 1990-cı ildə çəkdiyiniz “Sərhəd” filmdir. Həm də rejissor olmusuz.  Onun tarixçəsi necə olub?
     
    – Rüstəm Behrudinin qardaşı İlham dedi ki, Naxçıvana gedək. İlham hərəkatın fəallarından idi. Meydanda mənə assistentlik edirdi. Dedi, orda maraqlı hadisələr baş verir, onu çəkmək lazımdır. Bu plana salınmamış film idi, kameranı götürüb gedəsən – bu cinayət məsuliyyəti idi. Sadəcə, Zaur müəllimə dedim ki, mən gedirəm çəkilişə.  Sonradan “Sərhəd” filmini plana saldılar. Kirovun heykəlinin ləğvindən bəhs edən “Sürüşmə”ni də plansız çəkmişdim, onu da sonradan plana saldılar. Amma 1991-ci ildə ”Sərhəd” filmini televiziyada göstərmədilər. Dedilər, orda sərhəd simləri olan planları çıxar. Mən də etiraz elədim. O filmi ilk dəfə Fransanın üçüncü kanalı göstərib. Bu filmi çəkmək üçün iki dəfə getmişəm, bir dəfə fevralda, ikinci dəfə martda. Sərhəd qoşunları çəkilişə imkan vermirdi. Məni tutdular. Komandir Jukov vardı. Şahmərdan Cəfərov onda onu yerə yıxmışdı.  Onu fiziki cəhətədən başa salmışdılar ki, mane olsan, sənin üçün təhlükəlidir. Naxçıvan camaatı o zabitləri bir günə qoydu, xahiş elədim ki, işiniz olmasın. Onlarda qorxu hissi vardı. Həm də Naxçıvanda xalq hərəkatı çox fəal idi. Bütün qoşun rəhbərliyi hərəkata rəhbərlik edən adamlarla razılaşmaq məcburiyyətindəydi. İkinci dəfə gedəndə bir hadisə oldu. Çayxanada oturmuşduq, bir fotoqraf dostumuz da bizləydi – Oqtay Daşoğuz. Gördüm, bir oğlan oturub, cənubluya oxşayır, bikefdir, qaçaq yolla bu tərəfə keçmişdi. Soruşdum ki, niyə bikefsən. Dedi, bir qohumumu görməyə gəlmişəm, ailə qurmaq istəyirəm. Babamın arzusu olub ki, bu taydan evlənim, amma qızı keçirə bilmirəm. Dedim, səni o taya keçirərəm. Qızın ailəsi ilə tanış olduq. Onda mən də o taya keçmək istəyirdim ki, bu hadisəni çəkim. Yaxşı ki, alınmadı, yoxsa başqa film alınardı. Fəallar sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar apardı, rezin qayıqla onları o taya keçirdik. Qayıqlardan biri sərhəd siminə ilişdi, deşildi, kamera qatlandı. Bu yüklə keçmək mümkün deyildi, ona görə keçə bilmədim. 1990-cı il martın 20-də ilk keçid oldu Cənubi Azərbaycana, Culfa körpüsü ilə. Onda sərhəddə sovet bayrağı idi, dedim ki, o bayrağın yerinə bizim bayraq olsaydı nə olardı ki?! Fəallar sovet bayrağını çıxarıb, bizim bayrağı asdılar. 
     
    – Maraqlı işlərinizdən biri Cənubi Azərbaycanda zəlzələ olan bölgədən çəkdiyiniz “Qəm karvanı” filmidir. Dəhşətli kadrlar var, xüsusən də adamların qəbirlərin başında hissiz-duyğusuz oturması…
     
    – Zəlzələnin nəticələrini çəkmək üçün mən, redaktor İmran İsmayıl, assistentim, Ağamalı Sadiqin oğlu Nofəl və sürücümüz Tofiq getdik. Bir gün imkan verdilər çəkilişə. Bələdçilərimiz yolda saxlayırdılar, yeyib-içməklə başımızı qatırdılar ki, çəkiliş etməyək, dedim, yeməyə gəlməmişəm. Çəkilişlər Zəncanda idi. Nəzarət güclüydü. Bir günə çəkdik, müşahidə filmiydi. Xarabalıqlarda, qəbirlərin başında oturan adamlar kameranı hiss etmirdilər, onlar öz dünyalarında idi. Məzarın üstündə yatırdılar.
     

     
    – Siz səhv eləmirəmsə Qarabağa ilk dədə döyüşçü kimi getmişdiniz.
     
    – İlk dəfə elə getmişəm, amma kamera həmişə yanımda olub. Kinokamerayla gedirdim, 1991-ci ildən videokamerayla. Kinostudiyadan heç kim məni göndərmirdi, özüm gedirdim. Kinokamerayla tək hərəkət etmək çətiniydi, assistentim Elmar Hüseynovla gedirdim. 1989-cu ildə Xankəndinə bitişik kənd var, Kərkicahan, ora getmişdim. Orda Bakıdan getmiş idmançı könüllülər vardı, rəhbəri Elxan idi, soyadını bilmirəm. Şuşada bu uşaqlarla görüşdüm. Onda çəkiliş məqəsdilə getmişdim. Kərkicahana bağlandım. Kinostudiyadan işarə fişəngi götürmüşdüm, bir də beşatılan tüfəng vardı. Xankəndi ilə Kərkicahanın arasındakı dərədəki körpü neytral zona sayılırdı. Körpüdə də rusların bir texnikası vardı. Kənddə guya çox silah var imitasiyasını edirdik. Tutaq ki, mən işarə fişəngini atanda, o tüfəng də ordan bura, burdan ora atmalıydı. Fişəngi atanda külək istiqamətini dəyişdi, fişəng evlərdən birinin damına girdi. Ev yanmağa başladı. Ruslar başladı atəşə tutmağa. Nəsə birtəhər çıxdıq ordan… Olub ki, 1989-cu ildən QAİ maşınıyla Salyan kazarmasından Qubadlıya silahlar aparmışıq. Ordan da Laçın istiqamətinə bölünməliydi. Maşının oturacağının altında silahlar idi, mən də kinokamerayla. İmkanlı laçınlılar da silahla təminatda kömək edirdilər. Çox şey olurdu. Müharibədən danışmaq çətindir mənə.
     
    – Amma lazımdır…
     
    – Bilirsiz niyə danışa bilmirəm? 1992-ci ildə aldığım ən böyük mənəvi zərbə Laçın gedəndə oldu. Çünki həmin günlərdə Şuşadan o qədər texnika yanımızdan keçib Bakıya getdi, bizi tək qoydular. Bilmirdim, Şuşada bu qədər texnika varmış. Yerli alaydan başqa və müxtəlif bölgələrdən olan dəstələrdən başqa kimsə qalmamışdı Laçında. Adamı yandıran odur. Digər rayonlarda da eyni şey oldu, ordu idarəolunmaz hala gəlmişdi.
     

     
    – Müharibənin önəmli simaları ilə ünsiyyətdə olmusuz… Əliyar Əliyev, Elman Hüseynov, Yusif Mirzəyev, Vəzir Orucov və başqaları. Qısaca necə xarakterizə edərdiniz onları.
     
    – Yusifdən başlayaq. Niyə məhz Yusif? Milli azadlıq hərəkatı zamanı tez-tez Yusif adlı adamın adı çəkilirdi, sonradan bildim ki, bu Yusifdir. Yusifin Gənc Tamaşaçılar Teatrının yanında böyük bir kafesi vardı. Özü də Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi, ticarəti yaxşı bilirdi. O kafedən yemək gətizdirirdi meydana. Onların ailəlikcə meydana xüsusi münasibəti vardı. Ümumiyyətlə, meydana yemək gətirən adamlar çox idi, biri də Yusif idi. Sonradan Yusifi səngərdə gördük. Müharibə mühitində insanlar daha yaxşı tanınır. Siz Milli Qəhrəmanların adını çəkdiniz. Amma bilirsiniz ki, nə qədər naməlum qəhrəmanlar vardı. Məsələn, Laçın bölgəsində Vaqif Salmanov… Onun bacısı oğlu Cin Mübariz. Bu günədək Mübarizin nə ölüsündən, nə dirisindən xəbər yoxdur. O, Laçının işğalından sonra yaşaya bilmirdi. Tarana getdi. Əsir düşən qadınları xilas etmək üçün dayısı ilə birlikdə yaraqlıların üstünə getdi. Dayısının meyitini verdilər, Mübarizin yox.
     
    – Torpaqların müdafiəsində bu insanların rolu böyük olub. Məsələn, demək olar ki, Əliyar Əliyevin ölümü Qubadlının işğalına təsir etdi?
     
    – Yaxşı yadıma saldınız. Səhv eləmirəmsə, 1992-ci ilin oktyabr, ya noyabr ayı idi. Bir çəkiliş qrupu Tahir Qarayev, Tahir Əliyev Qubadlı, Vaqif Dərgahlı Füzuli, Seyidağa Mövsümlü Ağdam istiqamətində idi. Mən də Kəlbəcər istiqamətindəydim. Laçın-Kəlbəcər istiqamətində uğurlu əməliyyat olmuşdu, xeyli kənd azad edilmmişdi. 701-ci briqadanın komandiri Zaur Rzayevin rolu vardı bunda. Əsl komandir idi. Növbəti əməliyyat olmalıydı, ona ratsiya ilə xəbər gəldi, mən də yanında idim. Soruşdu ki, Əliyar Əliyev kimdir? Dedim, nə olub? Dedi, onu vurublar. Dedim, Zaur müəllim, Əliyarı vurublarsa, əməliyyat baş tutmayacaq. İlk sözüm bu oldu.
     
    – Həmin əməliyyat idi?
     
    – Laçın dəhlizi bağlanmalı idi. Qoşunlar hər iki tərəfdən irəliləyərək Laçında görüşməliydik.
     

     
    – Müxtəlif döyüş əməliyyatlarında iştirak etmisiz, lentə də almısız. Yadınızda qalan əməliyyatlardan birini danışmanızı istərdim.
     
    – Bütün döyüş əməliyyatlarında maraqlı məqamlar olurdu.  Ağdərə istiqamətində Şişqaya əməliyyatı gedirdi. Tərtər özünümüdafiə, Goranboy və Mingəçevir batalyonlarının iştirakıyla. O əməliyyata Milli Qəhrəman Elman Hüseynov rəhbərlik edirdi. Avqust ayı idi. Əslində, bundan da geniş əməliyyatlarda iştirak etmişəm. Şişqaya ona görə yadımda qalıb ki, sakit təbiətli, soyuqqanlı Elman Hüseynovla və Vəzir Orucovla görüşdüm. Deməli, ermənilər yemək bişirməyə hazırlaşırdılar. Vəzir də 20-yə yaxın qüvvəsiylə düşmənin arxa tərəfindəydi, mən də Elman müəllimin yanındayam. Gözləyir ki, Vəzir xəbər versin, biz başlayaq. Elə oldu ki, Vəzirlə rabitə alınmırdı. Sonra bildik ki, Vəzir o qədər ermənilərə yaxın idi ki, səsini çıxarda bilmirdi. O əməliyyatda böyük qələbə qazandıq. Bircə itkimiz oldu, yaralı əsgəri çevirəndə bizim əsgəri yaxın məsafədən vurmuşdu. Orda bir vəziyyət oldu, erməni qəbiristanlığından tank çıxdı, mən yıxıldım, kamera düşdü. Kameranı qaldırdım. Tank dikin arxasından çıxdığı üçün bizi vura bilmir, biz də dikin üstündəyik. Atılan güllələr meşənin yarpaqlarına dəyirdi. Düyməni basdım, kamera işləmədi. Görürəm ki, Vəzir də məqam gözləyir ki atsın. Vəzirin tankı vurduğu anı çəkə bilmədim. Kamera ancaq bir saatdan sonra işlədi. Dilxor idim, çünki belə kadrları biz bədii filmlərdə görə bilərdik. Vəzir soruşdu ki, nə olub? Dedim ki, tankı vuranda çəkə bilmədim. Dedi, əşi, bundan sənin üçün o qədər vuraram, narahat olma! Vəzir çəkilməyi xoşlamırdı. Hərdən fikirləşirəm ki, kaş bugünkü texnika o vaxt olaydı, indi “GoPro” (kamera) çıxıb, biri olaydı Vəzirdə. Nələr eləməyib Vəzir, düşmənlərə nə divanlar tutub…
     
    – Özü də Vəzir peşəkar hərbçi deyildi.
     
    – Vəzir hər şeyi tez götürürdü, çevik idi, bir yerdə duran adam deyildi. Onun üstündəki silahlara baxın kadrlarda. Əlində iriçaplı pulemyot, çiynində avtomat, bir qumbaraatan, qumbaraları demirəm hələ. Dəmir adam idi. Doğrudan da zirehli qəhrəman idi.
     

     
    – Milli qəhrəmanlarla bağlı filmlərin çoxunun işlənməsində yaradıcı, peşəkar yanaşma yoxdur. Bir tamaşaçı kimi qəhrəmanları hiss edə bilmirəm. Siz isə onları doğmalaşdırırsız…
            
    – Milli Qəhrəmanlar haqda filmləri plan naminə işləmək olmaz. Bir də görürsən, elə adam danışır, heç döyüş əməliyyatlarnda olmayıb. Bəxtim gətirib ki, onların hamısını tanıyıram, bilirəm ki, kim kimdir. Ya da baxırsan ki, ana danışdı, ata danışdı, bacı danışdı, qonşu danışdı, bir döyüşçü yoldaşı yoxdur. Söz yığnağına çox üstünlük verirlər. Filmdə hadisə yoxdur. Bədii kinoda hadisəni uydurursan, sənədli kinoda isə bunu etmək çətindir. Sənədli kinoda saxtakarlıq, qurama nəsə olanda onu hiss edirsən. Bir də filmi veriliş səviyyəsində edirlər. İrad tutanda sual verirlər ki, sənədli film necə olmalıdır? Bu sualın cavabını bilməyən adam artıq rejissor deyil. Milli qəhrəmanın səviyyəsini aşağı salırlar. Yaxud xronikanın materiallarını bölgələrə uyğun verə bilmirlər. Zəngilanın yerinə Qubadlını göstərirlər, deyirəm ki, bilmirisizsə soruşun. Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında bugünədək arxivlər qorunub saxlanılır. Çəkilişlərə  təmənnasız kömək edirlər, mətbuat xidməti də. Amma əvvəllər belə deyildi. Bu gün o imkanı yaradırlar. Bu filmlərdə məsləhətçi olmalıdır.
     
    Mən filmlərimdə onların qəhrəmanlığını qabartmıram. Onların ətrafı daha çox maraqlıdır. Onların ətrafında kimlər vardı. Məsələn, İsgəndər Aznaurovun ətrafında Dilqəm və İlham Əliyev qardaşları vardı, ikisi də peşəkar zabit idi. Müharibə başlayanda anaları Zəhra ana onların xidmət etdikləri Ukrayna hərbi dairəsinə müraciət eləmişdi ki, oğullarımı buraxın, vətəni müdafiə eləsinlər. Hərdən düşünürəm ki, qəhrəmanları qəhrəman edən mühitdir. O mühitdə qəhrəman seçilməliydi. Bu mühit olmasa, qəhrəman ola bilməz bəlkə də. İndi daha çox naməlum qəhrəmanlar haqda film etmək istəyirəm. Elə adamlar var ki, onların qəhrəmanlıqları haqda heç yerdə deyilməyib. Bayaq adını çəkdiyim Vaqif Salmanov, Cin Mübariz…
     
    – Siz 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kinostudiyası”nın rəhbəri olmusuz. Onun yaranması necə oldu?
     
    – Müdafiə Nazirliyində o studiya yarananda, ilk məqsəd peşəkarları cəlb etmək olmuşdu. Studiyanın yaranma təşəbbüsü Seyidağa Mövüsmlü ilə məndən gəlmişdi.
     

     
    Seyidağa televiziyada, mən kinostudiyada işləyirdim, amma döyüş bölgələrində görüşürdük. Bir-birimizdən xəbərsiz gedirdik. Laçın işğal olan ərəfədə ikimiz də ordaydıq. Birlikdə də tərk elədik. Laçın polkunun sənədlərini də biz çıxartdıq. Orda bir benzindoldurma məntəqəsi vardı, deyirdim gəl partladaq, o qoymurdu ki, bəlkə heç çıxmadıq burdan. Sonra o təklif edirdi, mən imkan vermirdim. Dəhşətli idi, xronikada da var. Hə, onu deyirdim ki, o vaxt studiyaya işləmək üçün peşəkarlar gəlmədi, amma həvəskarlar çox idi. Babək Quliyev, Etibar Şirinov. Ümumiyyətlə, hərbi xronikanın yaranmasında Tahir Qarayevin, Tahir Əliyevin, Fikrət Qafarovun, Ədil Arifoğlu, İlham Yevlaxlının əməyi var. Xocalı faciəsini çəkən də ilk dəfə Seyidağa Mövsümlü olub.
     
    Sonradan Nəriman Əbdürrəhmanlı da studiyaya redaktor kimi gəldi. Nəriman ilk dəfə döyüş bölgəsinə mənlə gedib. Gəldik vertolyotla Füzuliyə, amma vertolyot bizi atmalıydı Ağdama. Vertolyot doludu yaralılarla, pilot dedi ki, mən Bakıya getməliyəm. Mən də dedim ki, əmr verilib, Ağdama getməliyəm. Deyir, Ağdamı vururlar, təhlükəlidir. Nəsə risk edib düşdü ora, hərbi səhra hospitalının yaxınlığında. Dayanmaq söhbəti yoxuydu, vertolyot yerə yaxınlaşanda birinci Nəriman tullandı, sonra mən. Vertolyot uzaqlaşan kimi biz olan yerə mərmi atdılar. Sonra fikirləşdim ki, o vertolyot vurulsaydı, məsuliyyəti mənim üzərimdə qalacaqdı, bunu daşımaq mənən ağır olardı mənim üçün.
     
    – Filmlərdə adətən oğlunuz Üzeyirlə işləyirsiz. O da sizin kimi Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib. Necə alınır əməkdaşlığınız?
     
    – Yaradıcı kollektivdə inandığın adam olmalıdır. Kino sintetik sənətdir. Montajda Mübariz Nağıyevlə işləyirəm. Montaj rejissoru sözünün arxasında böyük iş durur. Onun yaradıcı münasibəti var. Üzeyirlə çətindir, qoç məsələsi…
     
    – Müdaxilə edirsiz işinə?
     
    – Müdaxilə edəndə, deyir özün çək. Amma duyumu dəqiqdir, müasirdir, mənim üçün maraqlıdır. Ondan da öyrənirəm. İşıqla da gözəl işləyir. Portretə münasibəti də xüsusidir.

  • General: Ordumuzun hərbi əməliyyatı erməni xalqının faciəsinə çevriləcək

    Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcəkdir.

    Bunu Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsini şərh edərkən bildirib.

    “Bu cür məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir. Hamıya məlumdur ki, Ermənistan prezidenti S.Sarqsyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf etmişdir.

    Odur ki, cəmi bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan Ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə M.Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyatdır.

    Ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyildir. Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür”, – deyə müdafiə nazirinin müavini qeyd edib.

    Kərim Vəliyev bildirib ki, M.Akopyan müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivləri, guya Azərbaycan Ordusunun həmlələrinin qarşısını ala biləcəklərini də dilə gətirir.

    “Bunu isə M.Akopyan həyata keçirmək niyyətində olduqları “ordunun 7 illik modernizasiya proqramı” ilə əlaqələndirir. Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir.

    Əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sarkisyan xəttindən” dəm vururlar. Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz.

    Sadəcə olaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcəkdir. O zaman Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcəkdir”, – deyə general yekunlaşdırıb.

  • Cəbhədə son vəziyyət

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Valideyinlərdən Ali Baş Komandana TƏŞƏKKÜRLƏR – Hərbi hissələrdə yaradılan şəraitə görə – FOTO + VİDEO

    Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.


    Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.    
    Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün “Atəş şəhərciyi”nin açılışı olub.    

    Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib, onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.
    Daha sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.
    Hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edən valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib, Dövlət Başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.














  • Zakir Həsənov yeni aviabazada – FOTO + VİDEO

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

    Uçuş və texniki heyətlə görüşən müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.

    General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.





  • Qarabağda işğalçı öldü

    İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbi qulluqçusu ölüb.

    Median.Az-ın News.am-a istinadən məlumatına görə, hadisə martın 15-də, saat 17:30 radələrində, təlim zamanı baş verib.

    ZİL 131 markalı yük maşını Mataqis-Martakert yolunda dərəyə aşıb.

    Hadisə nəticəsində sürücü Edqar Yeremyan ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Düşmən təxribatı davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı və Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.