Category: Ordu

  • Azərbaycan Ordusundan genişmiqyaslı təlim: 25 min şəxsi heyət, 250 hərbi texnika

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.

    Müdafiə nazirliyinin mətbuat xitmətindən baku.ws-ə verilən məlumata görə, Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

    Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək.

    Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

    Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışları keçiriləcək.

  • Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

    Martın 20-də saat 11:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.

    Bu barədə oxu.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
    “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

  • Azərbaycanda Beynəlxalq Ordu Oyunları keçiriləcək

    Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqustun 11-dək altı dövlətin – Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.

    Oxu.az xəbər verir ki, bu haqda Moskvada keçirilən konfransda Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev bildirib.

    Onun sözlərinə görə, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə doqquz ölkədən 74 komanda müraciət edib.

    Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.

  • Atəşkəs 120 dəfə pozulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

    Müdafiə Nazirliyindən oxu.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Ermənistan məlumatları gizlədir: Qarabağda nə baş verir?

    İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində daha bir hadisə baş verib.

    Median.Az-in ordu.az-a istinadən verdiyi məlumata görə, fevralın 20-də gecə vaxtı Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində 19 yaşlı Davit Kamalyan odlu silah yarası alıb. Əldə edilən məlumatlara görə, ona digər əsgər yoldaşlarından biri atəş açıb.

    İlkin məlumatlara görə, əsgər yoldaşı ondan gecə parolu soruşub, cavab verilmədikdə Davit Kamalyan istiqamətinə atəş açılıb. Davit Kamalyan döş qəfəsindən güllə yarası alıb. Hazırda yaralı Xankəndi hospitalındadır, vəziyyəti ağır olduğuna görə onu İrəvana təxliyyə etmək mümkün deyil.

    Məlumatları, yaralı əsgərin anası Şuşik təsdiq edib. Onun sözlərinə görə, hazırda oğlu süni nəfəs aparatına qoşulub. Onu İrəvana təxliyyə etmək üçün tədbirlər görülür və hələ də ağciyərini dəlib keçən, bel nahiyyəsində olan güllə bədənindən çıxarılmayıb.

    Onu güllələyən hərbi qulluqçu isə 6 ayın çavuşudur. Onun məlumatına görə, gecə 12 radələrində ayaqyolundan qayıdarkən parolu bilmədiyi üçün atəş açılıb. 14 güllə atsa da Davit Kamalyana bir güllə dəyib. 19 yaşlı yaralı hərbi qulluqçunun xidmət müddətini başa çatmasına 4 ay qalıbmış. Hazırda cinayət işi açılıb və araşdırma aparılır.

    Xatırladaq ki, bu Ermənistanın yaralı və ölənlər barədə məlumatları gizlətdiyi ilk hal deyil. Məsələn fevralın 12-də İcevan hərbi hissəsinin əsgəri Stepan Stepanyanın ölümü barədə də rəsmi məlumat verilməyib.

  • Düşmən cəbhədə öz avtomobilini yandıraraq geri çəkildi – VİDEO

    Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, fevralın 11-də, səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib.

    Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

    Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.

    Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili sürətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandırıb.

  • Qarabağda işğalçı ölüb

    Dağlıq Qarabağda – təmas xəttində baş verən atışma nəticəsində Ermənistan hərbi qulluqçusu ölüb.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

    Ağır güllə yarasından ölən hərbçinin 1998-ci il təvəllüdlü Ayk Razmikoviç Kalantaryan olduğu bildirilir.

  • Azərbaycanın artilleriya birləşmələri hərbi gücünü göstərdi – VİDEO

    Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.

    Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.

    Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

  • Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj

    Bakı vərəmli xəstələr üçün ümidsiz şəhərdir. Eynilə yazıçı Alber Kamyunun “Taun” əsərindəki Oran şəhəri kimi… Oksigen çatışmazlığı, şəhərin keçəlləşməsi, ekoloji çirklənmə, şam ağaclarının qoparılaraq ticarət köşklərinə qurban verilməsi vərəmli xəstələrin ömrünü qısaltmaqdır.

    Ölüm düşərgəsi

    Bu cəhənnəmin ortasında özünə sonuncu sığınacaq yeri tapan vərəmli xəstələrin yatdığı 1 saylı Vərəm Əleyhinə Dispanser isə ölüm düşərgəsinə çevrilməkdədir. Axşamlar dispanserin yanından keçəndə vahiməyə gələrsiniz. Zülmət, qaranlıq binada tək-tük sayrışan lampalar, məzarlıq sükutu, ümidsizlik, baxımsızlıq… Xəstələri ziyarətə gələnlərin özləri də vərəmə yoluxmaq riski ilə üz-üzədir: ağızlıq verilmir, baxil qoyulmayıb, soyuq mərmər döşəmə, köhnə-küşkül qapı-pəncərələr, şüşələri kulyonka ilə örtülmüş balkon pəncərələri, şəraitsizlik…

    Bu dəhşətli və qorxunc mənzərə açıq sual qoyur: hər bir xəstəxanada qüsurlar, bərbad vəziyyət bağışlanandır, di gəl vərəm kimi yoluxucu xəstəlik daşıyıcılarının yatdığı dispanser yox… Onların isti şəraitə, təmiz yatağa və yaşıllığa ehtiyacı var. Amma ağciyər xəstələri üçün bunlardan yalnız şam ağaclarının olmasını insafən, qeyd etmək olar.


    Vərəmlər və qəssabxanalar

    Dispanserə yerləşdirilən xəstələr üçün pul alınması, ələbaxımlılıq, rüşvət hallarına gəlincə, araşdırma aparırıq və növbəti reportajda aydınlaşdırmağa çalışacağıq. Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.

    Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir. Bunlardan biri də Alatavadakı həmin bu vərəm dispanseridir. Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları görəndə istər-istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?

    Qeyd edək ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var. Ki nə fayda?!



    Mənbə: azeuronews.com

  • “Öldürülən ermənilər arasında qadın snayperlər var idi” – Aprel döyüşlərindən canlı şahid danışır (FOTO + VİDEO)

    Femida.az -ın müsahibi 2016-cı il aprel döyüşlərndə iştirak etmiş kapitan Hikmət Məmmədovdur.O, müsahibəsində aprel döyüşlərinin başladığı andan, məhv edilən düşmən hərbçilərindən, yaralanmasından, döyüşlərin dayandırılmasından və düşmənin ələ keçirilmiş texnikalarından danışıb.

    -Hikmət bəy, oxucularımıza özünüz barədə məlumat verərdiniz.

    – 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Uşaqlığım da Sumqayıtda keçib. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Hərbçi olmaq uşaqlıq arzum idi. 2004- cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə sənədlərimi verdim. Oranı bitirdikdən sonra zabit rütbəsində ön cəbhədə xidmətə yollandım. Fəxr edirəm ki, bütün hərb yolum döyüş bölgəsi ilə bağlı olub.

    -Sizi aprel döyüşlərinin qəhrəmanı kimi tanıyırıq. Həmin gecə ilə bağlı xatirələrinizi bölüşərdiniz.

    -Cəbhə bölgəsində xidmət etdiyimə görə , atəşkəsin pozulması bizim üçün adi hal idi. Bu dəfə düşmən əvvəlkinə nisbətən daha böyük miqyasda atəşkəsi pozdu və bizim mövqelərimizə hücum etdi. Komandanlıq tərəfindən əmr gəldi ki, düşmən hücumu dəf edilsin. General-mayor Mais Bərxudarov bizi zirzəmiyə topladı. Tapşırıq verildi ki, düşmənin hücumunun qarşısını almaqla onları geri sıxışdıraq. General-mayor Mais Bərxudarov bizə “Xocalını, unutmayın, döyüşə atılın”, deyib hücumun qarşısını almağı əmr etdi.

    -Siz hansı istiqamətdə düşmən hücumunun qarşısını aldınız?

    -Lələtəpə istiqamətində döyüşürdüm. Bizə əmr gəldi ki, əks-hücum olmalıdır. 1 saatdan artıq müddətdə düşmən postlarına çatdıq. Onlar əvvəl müqavimət göstərmək istəsə də, bacarmadılar. Üzbəüz döyüşdə bir neçə erməni əsgərini məhv etdik. Posta daxil olanda hər tərəf erməni meyitləri ilə dolu idi. Əsgərlərin çoxu qorxudan geri qaçırdı. Biz onlardan da bir neçəsini məhv etdik. Mənim əsas işim düşmənin hazırlıq gördüyü maneələri dəf etmək idi. Onların keçilməz sədd adlandırdığı o xətti biz 1 saata keçdik. Döyüşlər başlamazdan əvvəl ermənilər deyirlərmiş ki, Bakıda çay içəcəklər. Biz onlara göstərdik ki, çayı harada içərlər. Bununla da onlara ciddi mesaj verdik.

    -Düşmənin ələ keçirilən texnikası barədə nə bilirsiniz?

    -Mən, öz istiqamətimiz barədə deyə bilərəm. Lələtəpə və ətraf əraziləri işğaldan azad edən zaman orada düşmənin silah-sursatı,rabitə vasitələri,mühəndis-istehkam aparatları, UAZ markalı avtomobilləri və digər texnikalar qalmışdı. Artilleriyamız onlara göz açmağa imkan vermədi. Düşmənin xeyli sayda döyüş texnikası da məhv edildi. Onların ələ keçirilən rabitə vasitələri açıq qalmışdı. Digər erməni hərbçilərinin səsi ora düşürdü.Həyəcan içində uduzduqlarını, onlara kömək gəlmədiyini deyirdilər. Bizim qrupda olan erməni dilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi.Artıq artilleriyamız həmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmirdi. Həmin saatlarda düşmən böyük itki verdi.
    -Döyüşlərin birbaşa iştirakçısı olduğunuz üçün hər halda düşmən əsgərləri ilə üz-üzə gəlmisiniz. Erməni əsgərlərini necə təsvir edərdiniz?

    -Biz postlara daxil olanda orada bir neçə erməni hərbçisinin meyiti var idi. Onların demək olar ki, hamısı cansız,baxımsız vəziyyətdə idi. Məhv edilən düşmən hərbçiləri arasında muzdla döyüşənlər də var idi. Biz onların meyitlərini də gördük. Yaşlı hərbçilər idi. Sonrakı proseslərdə ermənilər o meyitləri götürməkdən belə imtina edirdi.
    -Siz hansı istiqamətdə yaralandınız?

    -Lələtəpəni işğaldan azad etdikdən bir neçə saat sonra düşmən həmin hissəni güclü atəşə tutmağa başladı. Buna baxmayaraq bizim ordumuz ərazini tərk etmədi. Bizə əmr gəldi ki, aldığımız ərazidə möhkəmlənmə işləri aparaq. Həmin vaxt düşmənin atdığı mərmi bizim əraziyə düşdü. Gizir Nicat İsgəndərov ağır yaralandı. Qəlpənin bir neçəsi isə mənim başıma, qoluma və digər bədən hissələrimə dəydi. Ayağa qalxıb döyüşmək istəsəm də, taqətim olmadı. Məni ərazidən taqım komandiri leytenant Rizvanlı Afiq çıxardı və arxa hissəyə gətirdi. Həmin ərəfədə leytenant Rizvanlı da ayağından ağır yaralanmışdı. Qan onun çəkməsinə dolmuşdu. Buna baxmayaraq o, düşmənə qarşı mübarizəni davam etdirirdi. Yaralı olmasına baxmayaraq bir neçə saat döyüşmüşdü. Məni öz postumuza qədər gətirdikdən sonra rabitə vasitəsi ilə tibb xidmətinin işçilərinə məlumat verildi. Oradan məni hospitala apardılar. Bir neçə gündən sonra gözümü açanda eşitdim ki, gizir Nicat İsgəndərov şəhid olub. Həmin vaxt Afiq də artıq hospitalda idi. Soyadını unutduğum Qazaxdan olan Əfqan adlı hərbçi var idi. O da bizim qrupda böyük qəhrəmanlıq göstərdi…

    -Yüksək rütbəli şəxslərdən kimlər döyüşlərdə iştirak edirdi?

    -Bu döyüşlərdə hər kəs qəhrəmanlıq göstərib. Əsgərindən tutmuş generalına qədər. Bu yaxınlarda təlimlər zamanı həlak olan polkovnik Rəhim Əliyev döyüşlərdə şəxsən özü iştirak edirdi. Bundan əlavə N saylı hərbi hissənin komandiri polkovnik Elşən Qarayev bizimlə çiyin-çiyinə döyüşürdü. Döyüşlərdə komandirim ayağını itirdi. Hazırda ehtiyatdadır.

    -Döyüşlərin dayandırılması barədə nə bilirsiniz?

    -Bizim vəzifə borcumuz yüksək komandanlıq tərəfindən verilən əmrləri yerinə yetirməkdir. Müharibənin başlanmasını və dayandırılmasını Ali Baş Komandan verə bilər. Biz hər zaman onun əmrini yerinə yetirməyə hazırıq.

    -Məndə olan məlumata görə ermənilər döyüşmək üçün qadınlardan da istifadə edirmiş. Bu barədə nə deyə bilərsiniz?

    -Bəli, hamıya məlumdur ki, düşmən ordusu canlı qüvvə tərəfdən xeyli əziyyət çəkir. Onlar yaranmış boşluğu xaricdən gətirilən muzdlu döyüşçülərin və qadınların hesabına doldurur. Mən döyüşçü yoldaşlarımızdan eşitdim ki, aprel döyüşləri zamanı ermənilər qadın snayperlərdən istifadə edir. Onların bir neçəsi də məhv edilmişdi.

    -Döyüşlərdən sonra mükafatınız nə oldu?

    -Biz hərbçilər döyüşərkən mükafatı düşünmürük. İlk növbədə vətəni və torpağımızı düşünürük. Düzdür, komandanlıq bizi müxtəlif medal və təltifnamələrlə mükafatlandırıb. Prezidentin adından müdafiə naziri məni fərqlənməyə görə medalla təltif edib. Bu vaxta kimi mənzilim yox idi. Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycan Konqresinin I vitse prezidenti Fizuli Məmmədov mənə Sumqayıt şəhərində yeni mənzil hədiyyə edib. Bu günlərdə yeni evimə köçəcəyəm.

    -Baş nayihənizdə müharibədən xatirə qalan yara izlərini görürəm. Bunlar sizə Lələtəpədən bir xatirədir. Bu xatirə ağrılıdır, yoxsa, xoş ?

    -Bu izlər mənim üçün fəxrdir. Nə qədər ağrılı olsa da, fəxr hissi duyduğum yaradır. Onlara baxanda yadıma döyüşlərin ilk günü düşür. Bu izlər unudulmaz bir xatirədir.

    -Döyüşlər bitəndən sonra hər halda Lələtəpəyə getmisiniz. Hansı hissləri keçirirsiniz?

    -Əlbəttə, getmişəm. İlk dəfə gedəndə qəribə hisslər keçirdim. Şəhid yoldaşlarımız yadıma düşdü. Orada xidmət aparan Azərbaycan əsgərini görəndə fəxarət hissi keçirirəm. Fəxr edirəm ki, bu ərazilərin işğaldan azad olunmasında mənim də müəyyən qədər payım var.
    -Bu gün vəziyyətiniz necədir?

    -Bu gün şükürlər olsun ki, ayaqdayam. Müəyyən ağrılarım olsa da, dözməliyəm. Son söz olaraq gənclərə vətəni sevməyə, onun uğrunda ölməyə yox, öldürməyə hazır olmağı arzu edirəm. Bu vətən, torpaq bizimdirsə, onu biz qorumalıyıq.