Category: Ordu

  • Azərbaycan ordusunun döyüş atışları – FOTO + VİDEO

    Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

    Bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirib.

    Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

    Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edib.

    Səhra komanda məntəqəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən rəhbər heyətin qoşunları idarəetmə bacarığını, hərbi qulluqçuların döyüş tapşırıqlarını icraetmə qabiliyyətini yüksək qiymətləndirib, təlimlərdə peşəkarlıq nümayiş etdirmiş zabit və əsgərlərin təltif edilməsi haqda göstəriş verib.



























  • Təmas xəttində monitorinq olacaq

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 15-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

  • Zakir Həsənov tonqal qaladı – FOTO

    General-polkovnik, müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

    Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

    Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.







  • Cəbhədə gərginlik davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Zakir Həsənov ordunun təlimlərinə qatıldı – FOTOLAR

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

    MN-dən Moderator.az-a verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

    Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.


  • SIPRI: Azərbaycan silah idxalına görə dünyada 27-ci yeri tutub

    Azərbaycan 2016-2017-ci illərdə silah idxalına görə dünyada 27-ci yeri tutub.

    “Report” xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) hesabatında göstərilir.

    Hesabata əsasən, Azərbaycan iki il ərzində 551 milyon ABŞ dollar dəyərində silah alıb.

    Xatırladaq ki, Azərbaycan bu dövrdə İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd “Orbiter” PUA, 215 ədəd “Spike-NLOS” tank əleyhinə raket idxal edib.

    Bununla yanaşı, Azərbaycan Çexiyadan 10 ədəd “RM-70” 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS) alıb.

    Azərbaycan göstərilən dövrdə Rusiyadan 36 ədəd “TOS-1” ağır odsaçan artilleriya sistemi, 40 ədəd “BTR-82A” zirehli nəqliyyat vasitəsi, eləcə də 800 ədəd “Xrizantema” özü hərəkət edən tank əleyhinə raket kompleksi idxal edib. Slovakiyadan isə 18 ədəd 152 mm-lik “Dana” özü hərəkət edən top-haubitsa satın alınıb.

    Öz növbəsində, Ermənistan göstərilən dövrdə 124 milyon ABŞ dolları məbləğində silah ixrac etməklə bu reytinqdə 54-cü yeri tutub.

    Hərbi məhsulların ən böyük ixracatçılarının reytinqinə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin başçılıq edib. Onlar 2013-2017-ci illərdə dünya silah ixracının 74%-ni təmin ediblər.

  • Ermənistan məngənədə – Azərbaycanın hərbi gücünün artması ciddi narahatlıq doğurur – FOTO

    Azərbaycan artıq uzun illərdir ki, onlarla dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə müxtəlif səviyyələrdə hərbi və hərbi-texniki əməkdaşlıq edir və bu əməkdaşlığın miqyası və coğrafiyası getdikcə genişlənir. Lakin ölkəmizin hərbi əlaqələrinin genişlənməsindən ciddi narahatlıq keçirənlər də var. Xüsusən, Ermənistan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əlaqələrinin güclənməsindən və bu formata İranın da qoşula biləcəyindən qorxur. Təsadüfi deyil ki, erməni KİV-ləri Azərbaycanın qonşu ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsini rəsmi Bakının Ermənistanın blokadasının gücləndirməsinə cəhd kimi qələmə verirlər.

    Qeyd edək ki, fevral ayında İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakıda Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlər keçirib, hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparııb.

    Bir neçə gün əvvəl isə Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycanda oldu və həmkarı general-polkovnik Zakir Həsənovla görüşdü. Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalandı. Müzakirələrdə, həmçinin hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparılması və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

    O da məlumdur ki, Azərbaycan müstəqilliyinin elə ilk günlərindən Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurub və və bu fonda iki ölkə arasında çox sıx hərbi əməkdaşlıq mövcuddur. İki ölkənin silahlı qüvvələrinin müxtəlif təyinatlı bölmələri birgə təlimlərdə iştirak edir, təhsil və təcrübə mübadiləsi proqramları həyata keçirir. Və bu əlaqələr hər ötən gün, ay, il getdikcə dərinləşir.

    Azərbaycan, həmçinin Rusiya, Ukrayna, Belarusla da hərbi və hərbi-texniki əməkdaşlığını genişləndirir. Məqsəd isə ölkəmizin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının və döyüş qabiliyyətinin yaxşılaşdırılması, kadr potensialının daha da artırılmasıdır.

    O zaman Ermənistan Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığını genişləndirməsindən niyə bu qədər narahatdır? Məsələ ilə bağlı yaranmış hərbi-siyasi vəziyyəti Milli.Az-a şərh edən veteran hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib:  
    “Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələrinin qonşu dövlətlərin orduları ilə əməkdaşlığı var. Amma bu siyahı təkcə qonşu dövlətlərlə məhdudlaşmır, daha geniş miqyasa malikdir. Türkiyə, Gürcüstan, İran qonşularımızdır və bizim onlarla ümumi sərhədlərimiz var. Eləcə də Rusiya ilə çox sıx əlaqələrimiz var. Bu ölkələrlə bizim birgə hərbi təlimlərimiz keçirilir, hərbi təhsil proqramları çərçivəsində mütəxəssislər hazırlanır, təcrübə mübadiləsi aparılır. Amma Azərbaycanın siyasəti bütün dövlətlərlə sülh platformasından çıxış edir. Bunu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib. Ona görə də Azərbaycanın hər hansı digər dövlətlə hərbi əməkdaşlığı üçüncü dövlətə qarşı yönəlməyib”.

    Ermənistanın narahatlığına gəlincə, hərbi ekspert hesab edir ki, bu təbiidir: “Amma onlar ona görə narahat olmur ki, Ermənistan bundan blokadaya düşə bilər, xeyr. Onlar bu gün Azərbaycan Silahlı Qüvvələrinin necə inkişaf etdiyini, gücləndiyini, necə peşəkar səviyyəyə qalxdığını görürlər. Ermənilər Azərbaycan ordusunun keçirdiyi təlimlərdən də narahat olurlar. Səbəb isə odur ki, onlar yaxşı bilirlər ki, ordumuz gücləndikcə, təkmilləşdikcə bir o qədər öz torpaqlarını işğaldan azad etməkdə israrlı və imkanlı olacaq. Bütün bunların fonunda Ermənistan tərəfi onları gözləyən aqibətə görə narahatdır. Bu narahatçılığa son qoymağın isə bircə düzgün yolu var. O da Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından, Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsidir”.

  • Ordumuz İrəvanı təlaşa salıb – ermənilərin etirafı

    Azərbaycan Müdafiə Nazirliyinin son tədbirləri Ermənistanda ciddi təşviş yaradıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

    Sadəcə, yerdəyişmə.

    Ermənistanın tanınmış hərbçilərindən biri, general-mayor Hastvasatur Petrosyan isə hesab edir ki, Azərbaycan bu minvalla Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibənin, aktiv hərbi əməliyyatların modelləşdirilməsi ilə məşğuldur.

    “Kəşfiyyat aparmalı, əldə olunan məlumatlar əsasında müəyyənləşdirməliyik ki, Azərbaycan belə genişmiqyaslı, hərbi-strateji önəmli hərbi təlimlərlə nəyə nail olmaq istəyir. Operativ-strateji baxımdan ən mühüm istiqamətləri nəzərdən keçirməli, Azərbaycanın hücum döyüşləri aparacağı məkanları təhlil etməli və əks-hücumlar taktikasını hazırlamalıyıq”, – H.Petrosyan söyləyib.

    Təlaşa düşən erməni generalın fikrincə, hərbi əməliyyatlar ərəfəsində həmişə genişmiqyaslı təimlər keçirilir.

    O deyib: “Azərbaycan bu təlimlərlə pərdələnərək hərbi əməliyyatların ikinci mərhələsinə hazırlaşır. Biz, buna hazır olmalıyıq”.

    Ermənistanın Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama ilə çıxış etməsə də, İrəvandakı iqtidar mediası “qoşunlarımız tam döyüş hazırlığı vəziyyətinə gətirilib” tipli məlumatlar yayıb.

    Bu arada 1in portalı “Bakı və Tbilisi hərbi əməkdaşlığı kimə qarşı genişləndirir?” başlıqlı yazı dərc edib.

    Sarqis Arsruninin müəllifi olduğu yazı Gürcüstanın müdafiə naziri Levan İzoriyanın Bakıya rəsmi səfərinə, burada Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşünə, burada apardığı danışıqlara və əldə olunan razılaşmaya həsr olunub.

    Gürcü nazir ikitərəfli əlaqələrlə yanaşı, üçtərəfli formatda, yəni Azərbaycan-Gürcüstan-Türkiyə müstəvisindəki təmasları və işbirliyini də yüksək dəyərləndirib.

    Zakir Həsənov isə, öz növbəsində, müxtəlif beynəlxalq strukturlarda Bakının mövqelərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə rəsmi Tbilisiyə minnətdarlığını bildirib.


    Erminilərin bu görüşlə bağlı təlaşa düşməsinin obyektiv və subyektiv səbəbləri var.

    Əvvəla, Azərbaycanla Gürcüstan separatizmlə mübarizədə müttəfiqlərdir.

    Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalında olması kimi ciddi, böyük problemi varsa, Gürcüstan Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin varlığını terrorçuluq fəaliyyəti sayır.

    Bununla belə, Ermənistanla münasibətlərini gərginləşdirmək istəməyən Gürcüstan Dağlıq Qarabağ problematikasında neytral mövqe tutur, münaqişənin dinc danışıqlar yolu ilə nizamlanmasına tərəfdarn olduğunu bəyan edir.

    Tbilisinin belə davranışının əsas səbəbi ölkənin Samstxe-Cavaxetiya bölgəsində, daha konkret olsaq, Axaltsixdə kompakt yaşayan ermənilərdir.

    İrəvan bu ermənilərdən Gürcüstana qarşı illərdən bəri hər an partlamağa hazır “gec açılan bomba” kimi istifadə edir və ərazisində daha bir separatizm ocağının alovlanmasını istəməyən Gürcüstanın hələlik yüngül olmayan vəziyyətindən maksimal dərəcədə yararlanır.


    Bakı isə qonşuları ilə təzyiq yox, normal əməkdaşlıq müstəvisində təmaslarda maraqlıdır – Ermənistan istisna olmaqla.

    Bundan başqa, rəsmi Bakı regional əməkdaşlığı intensivləşdirmək, bölgədə təhlükəsiz vəziyyətə nail olmaq üçün Türkiyə, Gürcüstan və İranla da regional tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir.

    Azərbaycan, Türkiyə, Gürcüstan və İranın XİN başçılarının gələn bu həftə Bakıda keçirilməsi nəzərdə tutan görüşü də bəhs etdiyimiz məqsədin reallaşmasına yönəlib.

    Belə dördtərəfli format, üstəlik Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirilməsi Ermənistanı ciddi narahat edib.

    “Artıq faktdır ki, Bakı bizim hərtərəfli təcridimizə nail olub. Təbii, Elmar Məmmədyarov və Zakir Həsənovun bəyanatlarını dramatikləşdirməyə dəyməz. Lakin Ermənistanın bütün regional inteqrasiya layihələrindən kənarda qalması çox pis, təhlükəlidir. Ermənistanın xarici siyasəti məntiqdən kənardır. Gürcüstanla münasibətlər bərbaddır, İranla tərəfdaşlıq ikitərəfli formatla məhdudlaşıb. Xarici siyasətimizdə strateji baxış, planlaşdırma, regional komponentlər yoxdur”, – S.Arsruni yazıb.

    Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti cari problemlərin həlli ilə məhdudlaşır və Azərbaycan da bundan yararlanır: “Ermənistanın İranla münasibətləri də yarıtmazdır. Tehrandan gələn siqnallara biz vaxtında cavab versəydik, tərəfdaşlığımız regional əhəmiyyət kəsb edərdi.


    Ermənistanın qeyri-adekvat siyasəti isə İranın bizə olan marağını azaldıb. İllah da ki, bu yaxınlarda İran-Azərbaycan-Rusiya formatında üçtərəfli əməkdaşlıq sayəsində İran Avropa bazarlarına daha bir çıxış əldə edəcək. İran indi də Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı formatına qoşulur ki, bu da Ermənistanın təcridini daha da dərinləşdirəcək, ağırlaşdıracaq. Ermənistan indi bir tərəfdən Azərbaycanın siyasətinin ermənilər üçün yaratdığı nəticələri neytrallaşdırmağın, digər tərəfdən Rusiyadan total, kölə asılılığını azaltmağın yollarını düşünməlidir.

    Zəif, yarıtmaz və geridə qalmış dövlət və siyasi sistemləri olan Ermənistan ambisioz xarici siyasət yürüdə bilməz.

    Amma nə edəsən ki, Rusiyanın “dalanı, kiçik anbar otağı” statusundakı Ermənistan indi dövlətin modernləşməsi ilə məşğul olmaq imkanına malik deyil”./Milli.Az

  • Cəbhədə gərgin gecə

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub.

    Bu barədə oxu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Əsrik Cırdaxan və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Düşmən kəndlərimizi atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.

    Müdafiə Nazirliyindən oxu.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.